Aprelin 11-i OCEP layihəsi çərçivəsində Bakı şəhəri Yasamal rayonu 53 saylı tam orta məktəbdə Azərbaycan və Özbəkistan dostluğuna həsr olunmuş “Qardaş Respublika Özbəkistan” adlı növbəti tədbir keçirilib.
Tədbirdə Özbəkistan Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Baxrom Aşrafxanov, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin Beynəlxalq Əlaqələr Şöbəsinin əməkdaşı Ruslan Məmmədov , Beynəlxalq Layihələr İdarəsinin məsləhətçisi Günay Əsgərova, OCEP-in proqram koordinatoru Nərmin Kərimova, müəllimlər və şagirdlər iştirak edib.
İlk olaraq məktəbin direktoru Tünzalə Zeynalova Özbəkistan və Azərbaycan xalqının yaxın milli adət-ənənələrindən, mədəniyyətindən və tarixindən danışaraq tədbiri açıq elan edib. Daha sonra hər iki ölkənin Dövlət Himni səslənib.
Çıxış edən səfir Baxrom Aşrafxanov hər iki ölkənin oxşar adətləri, mətbəxi, qədim şəhərləri haqqında danışıb və şagirdləri maraqlandıran sualları cavablandırıb.
Tədbirdə məktəbin ingilis dili müəllimi Kəmalə Seyidovanın təşkilatçılığı ilə şagirdlərin Özbəkistan haqqında hazırladığı təqdimatlar dinlənilib, Özbək rəqsi nümayiş olunub. Şagirdlərin iki xalqın ortaq bayramları haqqında hazırladıqları dialoq, Özbəkistanın coğrafiyası, tarixi, abidələri,. ənənələri və digər xüsusiyyətləri barədə məruzələr təqdim edilib. Azərbaycan və özbək dilində şeirlər səsləndirilib. Şagirdlər əfsanəvi Özbək qrupu “Yalla”-nın məhşur mahnısını xorla ifa edib. 5g sinif şagirdi Mehri Məmmədova isə tədbir müddətində çəkdiyi rəsmi səfir Baxrom Aşrafxanova hədiyyə edib.
Səfir məktəbə və MOK-nin əməkdaşına “Şavkat Mirziyoyev fenomeni” adlı kitab bağışlayıb.
Sonda qonaqlar və tədbir iştirakçıları xatirə şəkli çəkdirib.