Azərbaycan çoxmillətli, çoxkonfessiyalı bir ölkədir

image-neft4backend

Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasi xətt hazırda Prezident İlham Əliyev tərəfindən inamla davam və inkişaf etdirilir.1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyini əldə etməsi siyasi və iqtisadi münasibətlərin yeni prinsipləri üzərində yaranmasına səbəb olmaqla yanaşı, eyni zamanda, ölkəmizdə multikulturalizmin inkişafı üçün geniş imkanlar yaratmışdır.
Ulu Öndər çıxışlarının birində bu birliyin mahiyyəti və sarsılmaz gücü haqqında bunları demişdir: “Respublikamızın ən başlıca sərvəti əsrlərdən bəri bu torpaqda yaşayan, öz taleyini, öz həyatını bu torpağa bağlayan, müxtəlif millətlərdən olan, müxtəlif dinlərə etiqad edən adamlardır. Ölkə nə qədər çox xalqı birləşdirərsə, bir o qədər zəngin olar”.
Bu gün müstəqil Azərbaycanın beynəlxalq aləmdə nüfuzu və şöhrəti durmadan artır. Ölkəmiz bütün dünyada demokratik, hüquqi və dünyəvi dövlət, eyni zamanda bir çox millətlərin və konfessiyaların dinc, yanaşı yaşamasının unikal nümunəsi kimi tanınır. Dinlərarası dialoq və əməkdaşlıq sahəsindəki təcrübəsi ilə beynəlxalq aləmdə yüksək qiymətləndirilən Azərbaycan, həm də çox qısa müddət ərzində etibarlı tərəfdaş, regional inkişafa, təhlükəsizliyə, sabitliyə və multikulturalizmə töhfə verən ölkə olduğunu təsdiqləyə bilib.
Azərbaycan Respublikasının inkişafı, buradakı sabitliyin möhkəmlənməsi istiqamətində atılmış uğurlu addımların arxasında Azərbaycançılıq məfkürəsi, multikultural dəyərlər dayanmaqdadır. Sirr deyildir ki, həm də bu dəyərlərin qorunub inkişaf etdirilməsinə görə Azərbaycan regionun ən sabit və lider ölkəsi kimi tanınmaqdadır. Hətta 44 günlük Vətən müharibəsində belə Azərbaycan Ermənistan ilə arasındakı problemini müsəlman-xristian münaqişəsinə çevirmədi. Çünki Azərbaycanın müstəqilliyini müdafiə edən insanlar arasında müxtəlif dinlərin daşıyıcıları var idi.Baxmayaraq ki, Ermənistan işğal dövründə bütün dini, tarixi, mədəniyyət abidələrimizin qəsdən, bilərəkdən dağıtmış, amma xalqımız tolerantlığın ən bariz nümunəsi kimi Bakının mərkəzində erməni kilsəsini qoruyub saxlamışdır. Çünki tolerantlıq və multikulturalizm Azərbaycanda əsrlərdən bəri tarixi dəyər kimi formalaşıb. Onun bütün vacib xüsusiyyətləri, mənəvi və psixoloji potensialı, dini loyallığı, bəşəri dəyərlərə açıqlığı azərbaycanlıların həyat tərzinə çevrilib.
Azərbaycan xalqı öz təbiətindən gələn dərin insanpərvərlik və xoşməramlılıq duyğusu ilə uzun əsrlərdən bəri bütün digər xalqların dini-mənəvi dəyərlərinə daim ehtiramla yanaşmışdır.Ölkədə müxtəlif mədəniyyətlərə və dini cərəyanlara məxsus insanların heç bir maneəyə rast gəlmədən qarşılıqlı anlaşma şəraitində azad yaşamaları üçün geniş imkanlar yaradılmışdır.Eləcə də azsaylı xalqların öz mədəni dəyərlərini qorumaları və cəmiyyət həyatının istənilən sahəsində fəal iştirak etmələri üçün həmişə şərait yaradılmışdır.
Prezident İlham Əliyev demişdir:“Biz tam əminik ki, multikulturalizmin gözəl gələcəyi var.Sadəcə olaraq bəzi siyasətçilər, ictimai xadimlər öz çıxışlarında daha da diqqətli olmalıdırlar.”Müasir dövrdə Azərbaycanda həyata keçirilən bu tədbirlər siyasəti dövlətin tolerantlıq prinsiplərinə sadiq qalmasının bariz nümunəsidir.Dövlət tərəfindən atılan məqsədyönlü addımlar dinindən, millətindən asılı olmayaraq, Azərbaycan xalqının bütün dövrlərdə mehriban ailə, dost olaraq yaşamaq ənənələrini daha da möhkəmləndirib və möhkəmləndirəcək.

Azərbaycan Universiteti
Qurbanlı Elmir

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki