Azərbaycan tam unitarlaşmalıdır: Naxçıvanla bağlı vacib məqamlar – TƏHLİL

image-2012314164625211734_20backend

Son günlər Naxçıvan ətrafında fikir mübadiləsi artır. Xüsusilə Naxçıvanda qısa zaman fasilələrlə Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) iki dəfə əməliyyat aparması, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov ətrafında cərəyan edən müzakirələr və onun Yeni Azərbaycan Partiyasının (YAP) 30 illik yubileyi tədbirində iştirak etməməsi kimi məsələlər Naxçıvanın statusu məsələsini gündəmə gətirib.

Bəzi iddialar səslənməkdədir ki, Naxçıvanın muxtar respublika statusu qaldırılacaq və o, Azərbaycanın digər bölgələri kimi unitar formada tamamilə mərkəzə tabe ediləcək. Bəziləri isə, həm DTX əməliyyatlarının sadəcə qanunsuzluğa qarşı mübarizə tədbiri olduğunu, həm də Vasif Talıbov ətrafında cərəyan edən müzakirələrin status məsələsinə aidiyyətinin olmamasını irəli sürür.

Baş verənlərin izahını vermək çətin olsa da, hadisələrin növbəti istiqamətlərində nələrin yaşanacağını təxmin etmək mümkünsüz deyil.
Naxçıvanın statusu məsələsi artıq uzun illərdir ki, öz həllini gözləyən vacib məqamlardan birinə çevrilib. Çünki Qarabağ ermənilərinə ststus verilməsinə razı olmayan rəsmi Bakı, bunu Azərbaycanın unitar dövlət olması ilə izah edir. Təbii Naxçıvanın muxtar respublika olması bu nöqtədə ciddi təzad olaraq qarşımıza çıxır və anti-Azərbaycan qüvvə və ölkələr bu kimi halları Bakıya qarşı istifadə edir.

Hadisələrin nəyə hesablandığı bir kənara, artıq görürük ki, Naxçıvanın muxtariyyətinin qaldırılması bütöv və böyük Azərbaycan üçün əsas şərtlərdən birinə çevrilib.

Ona görə ki, Qarabağda işğala son verən Azərbaycan Xankəndi, Xocalı və Xocavəndin Azərbaycana inteqrasiyası prosesini tamamlamağa çalışır və bu istiqamətdə ciddi regional mübarizə aparılır. Rusiya, İran və eləcə də Ermənistan dövlətlərinin təzyiq və pozucu əməllərinə baxmayaraq, Bakı qərarından dönmür, Azərbaycanın unitarlığını qorumaq, həmçinin, etnik ermənilərin çoxluqda yaşadığı Yuxarı Qarabağ bölgəsinin Azərbaycana inteqrasiyasını tamamlamağa tələsir.

Buna görə də, indi Naxçıvanın da unitarlıq prinsiplərinə uyğun olaraq, tam şəkildə Bakıdan idarəsi əsas məsələ olaraq qarşımıza çıxır. Düzdür, Yuxarı Qarabağda səslənən muxtariyyət tələbi ilə, Naxçıvanın muxtar statusu eyniləşdirilməməlidir. Burada əsas səbəb, Naxçıvanın Azərbaycanın digər hissələri ilə quru sərhədlərinin olmaması, Moskva və Qars müqavilələridir. Qarabağ isə, birmənalı olaraq Azərbaycan torpağı və onun əsas hissəsi daxilində yerləşir. Ərazidə muxtar rejimin bərqərar edilməsi üçün səbəb yoxdur.

Ancaq istər quru sərhədlərin olmaması, istərsə də tarixi müqavilələr Naxçıvanın muxtar statusda qalmasına səbəb vermir.
Ona görə ki, Azərbaycan indi Qərbi Zəngəzurda da tarixi ədalətin bərpasını tələb edə bilər. Sərhədlərin delimitasiyası hələ tam təsdiqlənməyib, ərazi mübahisələri rəsmi sülh müqaviləsi bağlanmadığı üçün tamamlanmayıb. Azərbaycan tərəfi, həm özünün, həm də Ermənistanın varisi olduğu və 1918-ci ildə sərhədləri təyin olunan dövlətlərin suverenliyinə istinad edərək, Zəngəzur üzərində öz suverenliyinin təmin edilməsini tələb edə bilər. Bu zaman isə, Naxçıvan və Azərbaycanın digər bölgələri arasında quru yolları bərpa edilmiş olacaqdır. Moskva və Qars müqaviləsi isə, ikinci dövlətlərə Naxçıvan üzərində qarantorluq hüququ versə də, bölgə birmənalı şəkildə Azərbaycan ərazisi kimi qəbul edilib və müqavilələrin bütün tərəfləri bunu təsdiq edib. Yəni Azərbaycan Naxçıvanın muxtar statusunu ləğv etmək istəsə, öz suveren haqqını istifadə edib, öz qərarını vermiş olacaq.
Əslində həm Qərbi Zəngəzur məsələsi, həm də Moskva və Qars müqavilələrini nəzərə aldıqda əminliklə demək mümkündür ki, indi Naxçıvanı tamamilə unitarlaşdırmaq ən doğru qərar olacaqdır.

Çünki bölgədə ciddi qeyri-müəyyənlik var və bunun fonunda gələcəkdə hansı ölkənin nə kimi addımlar atacağını hesablamaq mümkün deyil. Naxçıvan isə, coğrafi baxımdan Bakı üçün əlverişsiz nöqtədə sayılır. Əgər İran Naxçıvanın muxtariyyətini fürsətə çevirmək istəyərsə, Bakı ümumiyyətlə təsir imkanlarını itirmiş olacaq. Ancaq Naxçıvanın muxtar statusu olmasa hüquqi baxımdan belə bir risk mümkün görünmür. Ona görə ki, maraqlı qüvvələr hər an muxtar statusdan istifadə edərək, Naxçıvanda anti-Azərbaycan addımların zəminini formalaşdıra bilərlər.
Bunlar zəif ehtimallardır, ancaq zəif ehtimallar gözardı edilməməlidir…

Əsas məsələ isə, Zəngəzur məsələsi və Qarabağ ermənilərini mərkəzə toplamaqdır.

Naxçıvanın muxtar respublika kimi qalması Azərbaycana heç bir fayda vermir. Əksinə müəyyən məqamlarda zərər verir. Ancaq Naxçıvanın muxtar statusunun qaldırılması həm bütün Azərbaycanı vahid mərkəzə toplayıb daha şəffaf idarəetməyə səbəb verəcək, həm Qarabağ ermənilərinin bəhanələrindən birinə son qoyacaq, həm də gələcəkdə Qərbi Zəngəzur istiqamətində addımlar atıldığı zaman əlavə problemlər yaşanmasını aradan qaldıracaq.

Busaat.az/Həşim Səhrablı

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki