Respublikamızın milli iqtisadi inkişaf modelinə xas mühüm cəhət yeni dövrün tələblərinə cavab verən infrastrukturun yaradılması yolu ilə insan resurslarının inkişafıdır. Bu siyasət təkcə sosial amillərlə bağlı olmayıb, həm də neft gəlirlərindən məqsədyönlü istifadə strategiyasına əsaslanır. Başqa sözlə, hökumət iqtisadiyyatın birqütblü inkişafına – “Holland sindorumu”na yol verməmək üçün neftdən əldə olunan gəlirləri digər sahələrin inkişafına, ilk növbədə, davamlı inkişafa zəmin yaradan infrastruktur layihələrinin gerçəkləşdirilməsinə yönəldir.
Bazar iqtisadiyyatı yolunu seçmiş istənilən dövlətin müstəqil yaşaması və inkişafı prosesində orta təbəqənin – iqtisadi inkişaf və sabitliyin təminatçısı sayılan sahibkarlar sinfinin müstəsna rolunu nəzərə alan Ümummilli Lider Heydər Əliyev milli iqtisadi inkişaf modelinin reallaşdırılmasında özəl sektorun iştirakını vacib saymışdır. 1997-ci ildə qəbul edilmiş “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafı (1997-2000-ci illər) Dövlət Proqramı” əhəmiyyətinə, aktuallığına və miqyasına görə milli sahibkarlığın inkişafında yeni mərhələnin başlanğıcı olmuş, bu sahədə dövlət siyasətinin başlıca prinsiplərini müəyyənləşdirmişdir.
Ümummilli Lider Heydər Əliyevin 10 sentyabr 2002-ci il tarixli “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət qayğısı haqqında” və 28 sentyabr 2002-ci il tarixli “Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında” fərmanlarında isə dövlət qurumları ilə sahibkarlıq subyektləri arasında dərin kök salmış və həllini gözləyən bir sıra ciddi problemlər tam açıqlığı ilə göstərilmiş, onların qarşısının alınması üçün kompleks islahatlar aparılmışdır. Bütün bu tədbirlərin nəticəsi kimi 1996-2003-cü illərdə Azərbaycanın bütün həyati əhəmiyyətli sahələrində dinamik inkişaf və tərəqqi təmin edilmiş, ümümi daxili məhsulda özəl sektorun xüsusi çəkisi 75 faizə yüksəlmişdir.
Ümummilli Lider Heydər Əliyevin xalqın rəyinə əsaslanmaqla gerçəkləşdirdiyi müdrik və uzaqgörən siyasətini XXI əsrin başlanğıcında layiqincə davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev son 18 ildə Azərbaycanın müstəqil dövlət kimi bölgədə və dünyada layiqli yerini tapmasını, regional liderliyini təmin etmişdir. Bu müddətdə ölkədə iqtisadi inkişafın təmini istiqamətində həyata keçirilmiş tədbirlər özünün sistemli və ardıcıl səciyyə daşıması ilə diqqəti çəkir.
Ötən illərdə keçid dövrünü geridə qoyan respublikanın iqtisadi inkişafı son illərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Bu mərhələdə əsas məqsədlərdən biri də milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə və dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasına nail olmaqla, uzunmüddətli perspektivdə ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdən ibarətdir. Son 18 ildə dövlət başçısının imzaladığı fərmanlarda, təsdiq etdiyi dövlət proqramlarında bu hədəfin reallaşması üçün yerinə yetirilməsi zəruri olan vəzifələr müəyyənləşdirilmişdir. Bu məqsədlərə nail olunması üçün rəqabətqabiliyyətli, ixracyönümlü, çoxşaxəli, innovativ iqtisadiyyatın formalaşdırılması, sənayeləşmə siyasətinin sürətləndirilməsi, mütərəqqi təcrübəyə əsaslanan sənaye zonalarının yaradılması, müəssisələrin texnoloji cəhətdən yeniləşdirilməsi, intensiv metodların tətbiqinin daha da genişləndirilməsi və digər tədbirlər nəzərdə tutulur.
Prezident səlahiyyətlərinin icrasına başladığı ilk gündən Azərbaycan hökumətinin daha çox diqqət yetirməsi vacib olan problemləri düzgün müəyyənləşdirən cənab İlham Əliyevin 24 noyabr 2003-cü il tarixli “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” ilk fərmanının əhəmiyyəti bu baxımdan xüsusi vurğulanmalıdır. İqtisadiyyatda mütərəqqi inkişaf meyillərinin daha da sürətləndirilməsi, bu prosesdə yüksək dinamizmin təmin olunması yollarının nəzəri-praktiki və konseptual əsaslarını özündə əks etdirən həmin fərman qarşıya qoyulmuş məqsədlərin reallaşdırılmasından ötrü çoxsaylı dövlət proqramlarının hazırlanmasında bir növ baza rolunu oynamışdır.
Hər bir ölkənin davamlı inkişafının mühüm göstəricilərindən biri də onun strateji valyuta ehtiyatlarının həcmidir. Bu baxımdan ötən illərdə büdcənin artım dinamikası ölkədəki makroiqtisadi sabitliyin mühüm göstəricisi kimi diqqət çəkir. Hazırda ölkəmizin strateji valyuta ehtiyatları 52 milyard ABŞ dollarına yüksəlmişdir. Pandemiyanın davam etməsinə baxmayaraq, ölkəmiz son bir ildə də yüksək makroiqtisadi göstəricilərə imza atmış, regionda həyata keçirilən transmilli layihələrdə aparıcı rol oynamış, dövlət proqramlarını uğurla icra etmişdir. Əgər əvvəlki illərdə iqtisadi yüksəliş əsasən mədənçıxarma sənayesi hesabına əldə edilirdisə, hazırda bu, qeyri-neft sektorunun inkişafı sayəsində baş verir.
Ağayeva Lalə Sehliman qızı
Nəsimi rayon Təhsil işçisi