“Ermənistan Rusiya hərbi bazasının və Rusiyanın hərbi mövcudiyyətinə öz ölkəsində son qoyulmasını Avropa İttifaqının (Aİ) müşahidəçiliyi ilə həyata keçirmək istəyir”.
Bunu rusiyalı analitik Andrey Petrovun Aİ-nin xarici işlər nazirlərinin Ermənistana yeni müşahidə missiyası göndərməsi barədə “Ermənistan Azərbaycanla sülh yolu ilə nizamlanmanı ləngitmək və qisas almağa hazırlaşmaq üçün bütün imkanlardan istifadə edəcək” sözlərini şərh edən politoloq Vüqar Əhmədov Busaat.az-a açıqlamasında deyib.
O bildirib ki, Ermənistan Avropa İttifaqı qüvvələrini regiona gətirməklə öhdəliklərdən yayınmaq və prosesi uzatmaq məqsədi güdür:
“Avropa İttifaqı qüvvələrinin bölgədə olacaqları müddətdə Azərbaycanın öhdəliklərin yerinə yetirilməsində Ermənistana təzyiqlərini neytrallaşdırmaq imkanları artacaq. Ermənistan bununla dünya ictimaiyyətinin rəyini manipulasiya etməyə çalışacağını düşünür. Lakin məsələ yalnız Azərbaycanla bağlı deyil. Azərbaycanın istəyi sərhədlərin müəyyənləşdirilməsi, Zəngəzur dəhlizinin açılmasıdır. Azərbaycan Ermənistanla yenidən hər hansı hərbi qarşıdurmada maraqlı deyil. Hazırda Azərbaycanın məqsədi qayıdış prosesini həyata keçirmək və yeni regional nəqliyyat qovşağı yaratmaqdır. Lakin Ermənistan regionda Azərbaycanın apardığı quruculuq işlərini pozmaq və yenidən təxribatlar törətmək istəyir. Bununla həm qayıdış prosesini ləngitməyi, həm də Azərbaycanın başlatdığı yeni irimiqyaslı regional layihələri pozmağı hədəfləyir”.
Politoloq, həmçinin Ermənistanın Qərbdən aldığı dəstəklə anti-Rusiya addımlarını artıracağını ehtimal edib: “Eyni zamanda burada digər bir məqam odur ki, Ermənistan daha çox öz ölkəsində yerləşən Rusiya hərbi bazasının və Rusiyanın hərbi mövcudiyyətinə son qoyulmasını Avropa İttifaqının müşahidəçiliyi ilə həyata keçirmək istəyir. Çünki Ermənistanda indiki hakimiyyətin əsas qarantı Qərbdir”.
Ələsgər / Busaat.az