Mədəniyyət naziri Anar Kərimov və BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Angel Moratinos arasında “Mədəniyyət naminə sülh” (“Peace4culture”) qlobal çağırışının mütəşəkkil fəaliyyət planının imzalanma mərasimi keçirilib.
Busaat.az xəbər verir ki, BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında təşkil edilən tədbirdə Azərbaycanın, Albaniyanın, Ermənistanın, ABŞ-ın, Pakistanın, İspaniyanın və digər üzv dövlətlərin BMT-dəki Daimi Nümayəndələri iştirak edib.
Tədbirdə çıxış edən A. Kərimov bildirib ki, ötən il Azərbaycanın təşəbbüskarlığı ilə başlayan “Mədəniyyət naminə sülh” layihəsi ilə bağlı fəaliyyət planı artıq hazırdır. “Mədəniyyət naminə sülh” qlobal çağırışının əsas istiqaməti post münaqişə dövründə olan ölkələrin işğaldan azad olunmuş ərazilərində mədəni infrastrukturu dirçəltmək, milli-mənəvi dəyərləri yenidən həmin torpaqlara qaytarmaq üçün davamlı sülhün təmin edilməsidir.
A. Kərimov layihəni dəstəkləyən bütün üzv dövlətlərə təşəkkür edərək vurğulayıb ki, dünyamız üçün vacib olan mədəniyyət naminə sülh təşəbbüsümüz BMT-yə üzv olan ölkələrə tövhəsini verəcəyinə şübhəsi yoxdur. O söyləyib ki, bu təşəbbüsü BMT-yə üzv olan dövlətlərin dəstəklənməsi olduqca sevindirici haldır.
Mərasimdə BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Angel Moratinos “Mədəniyyət naminə sülh” təşəbbüsünə görə Azərbaycana təşəkkür edib. Layihəyə dəstək verən BMT-yə üzv olan dövlətlərin daimi nümayəndələri də çıxışlarında, dünyada sülh çağırışı edən Azərbaycan haqda xoş fikirlərini söyləyiblər.