Ağcabədidə 1 il əvvəl bacısını qətlə yetirməkdə ittiham olunan 27 yaşlı Bayram Xudaverdiyevin cinayət məsuliyyətindən azad olunması sosial şəbəkədə müzakirə mövzusuna çevrilib.
Busaat.az-ın məlumatına görə, həmin cinayət işi üzrə iki ay əvvəl Lənkəran Ağır Cinayətlər Məhkəməsində hökm elan olunub.
Məhkəmə belə qənaətə gəlib ki, təqsirləndirilən şəxs cinayət törədən vaxt anlaqsız vəziyyətdə olub, hazırda da psixi durumu onunla hər hansı istintaq aparılmasına imkan vermir.
Hökmə əsasən, B.Xudaverdiyev cinayət məsuliyyətindən azad edilib. Qeyd edilib ki, təqsirləndirilən şəxsə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunmalı, məcburi psixatriya xəstəxanasına yerləşdirilməlidir.
Hökm apellyasiya məhkəməsində qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri dəyişdirilə bilməz.
Qeyd edək ki, Cinayət Məcəlləsində göstərilib ki, şəxs cinayəti anlaqsız vəziyyətdə törətdikdə və subyektin olmaması səbəbindən əməlində cinayət tərkibi aşkarlanmadıqda, həmçinin cinayəti anlaqlı vəziyyətdə törətdikdə, lakin sonradan psixi və ya digər xəstəliyə tutulduqda cinayət məsuliyyətindən azad olunur.
Xatırladaq ki, Bayram Xudaverdiyev ibtidai istintaq zamanı ifadə verib. O, bildirib ki, özündən 3 yaş böyük olan bacısı Lamiyə Abdullayevanın hərəkətlərinə qəzəbli olub. Hadisə günü Lamiyəni ailəsi ilə birgə yaşadığı evdən götürüb, avtomobillə “Harami düzü” adalanan yerə aparıb. Orada mübahisə zəminində bir anlıq özündən çıxaraq üstündəki ov bıçağı ilə onu qətlə yetirib. O, da məlum olub ki, B.Xudaverdiyevin ağır xəstəlikdən əziyyət çəkən ikinci bacısı 5 il əvvəl özünü asıb.