Xəbər verdiyimiz kimi, bir müddət əvvəl Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin yaradılması ilə təhsil sektorunda bir sıra kadr yerdəyişmələri baş verdi. Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva tutduğu vəzifədən azad edilərək, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini təyin edildi. Hazırda Mehriban Vəliyeva Bakı şəhəri üzrə Təhsil İdarəsinə müvəqqəti rəhbərlik etsə də, bu vacib struktura hələ də rəhbər təyin edilməyib.
Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən ən böyük və mühüm strukturlardan olan Bakı şəhəri üzrə Təhsil İdarəsinin yeni rəhbərinin kim olacağı isə hər kəsdə ciddi sual və maraq doğurur.
Busaat.az xəbər verir ki, Editor.az-a bu xüsusda yeni informasiya daxil olub. Məlumata görə, Bakı şəhəri üzrə Təhsil İdarəsinin yeni müdiri postuna hazırda Gəncə – Daşkəsən Regional Təhsil İdarəsinin rəhbəri kimi çalışan Anar Qədiməliyev hazırlanır. Bununla bağlı artıq müvafiq təqdimatın hazırlandığı və 2024-cü ilin ilk həftəsində təyinatın baş tutacağı qeyd olunur.
Anar Qədiməliyevin özünün də artıq bu mühüm posta hazırlaşdığı və bu təyinatı yaxın çevrəsi ilə qeyd etməyə başladığı bildirilir.
Editor.az-ın internet resursları üzərindən apardığı araşdırma zamanı Anar Qədiməliyevin təhsil sektorunda müsbət imicə malik olmadığı üzə çıxıb. Mətbuatda dərc olunan bir sıra materiallarda A.Qədiməliyev “Soros fondu” ilə yaxın əməkdaşlıqda, korrupsiyada, qanunsuz formada hərbi xidmətdən yayınmaqda və bir sıra digər qalmaqallı məsələlərdə ittiham olunub.