CİNAYƏT İŞİ
Qısa arayış…
2019-cu il dekabrın 8-də Bakının Nizami rayonu, Qara Qarayev prospekti 31 ünvanında 1988-ci il təvəllüdlü Ramal Kazımov döş qəfəsindən bıçaqlanması və aldığı xəsarətdən 3 saylı şəhər Kliniki Xəstəxanasında ölməsi barədə polisə məlumat daxil olur.
Polis və prokurorluq əməkdaşlarının hadisə yerinə baxış keçirməsi nəticəsində məlum olub ki, yağışlı hava şəraiti ilə əlaqədar asfalt üzərindəki qan ləkələrinin çoxu yuyulub. Hadisənin aptekin çölündə quraşdırılmış müşahidə kamerası vasitəsi ilə qeydə alınması məlum olur.
Həmin gecə cinayəti törədən Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Namiq Səfərov 25-ci Polis Şöbəsinə gələrək könüllü təslim olub.
Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Busaat lent.az-a istinadən qətl hadisəsinin istintaq materiallarını təqdim edir.
İstintaqla müəyyən edilib ki, dekabrın 8-i saat 23:30-da Q.Qarayev prospekti, 31 ünvanında, binada yaşayan sakinlərə və küçədən keçən vətəndaşlara məhəl qoymayan Namiq Səfərov aralarında yaranmış münaqişə zamanı tanışı Ramal Kazımovun üzünə yumruqla zərbə vurub. Sonra bıçaqla Kazımovun döş qəfəsinə zərbələr endirib. Bu hərəkəti ilə, Səfərov zərərçəkmişi xuliqanlıq niyyəti ilə qəsdən həyatdan məhrum edib.
İş üzrə dindirilmiş Namiq Səfərov bildirib ki, Ramal Kazımov Nizami RPİ-nin inzibati binasının yaxınlığında yerləşən “Şərab evi” ni icarə əsasında işlədib. O, mütəmadi həmin mağazadan spirtli içki və siqaret alıb:
“Aramızda ədavət olmasa da, dəfələrlə üstüörtülü danışıq tərzinə görə Ramala öz iradımı bildirmişəm. 2019-cu il dekabrın 8-də axşam zəngləşib, uşaqlıq dostum Tale Bəxtiyarlı ilə 8-ci kilometr bazarının yaxınlığında görüşdüm. Saat 23 radələrində “Qara Qarayev” metrostansiyasının yanında fəaliyyət göstərən dönərxanada əyləşib, yemək yedik. Orda 350 qram araq içdim. Gecə yarısı ordan çıxıb, “Şərab evi” nə getdik. Kassa arxasında dayanan Ramaldan siqaret və iki şüşə pivə aldım. Mənimlə sərt şəkildə danışdığı üçün Kazımovdan nə üçün belə tərzdə danışdığını soruşdum. İradımı bildirəndə, Ramal mənə qarşı nalayiq ifadələr işlətdi. Aralamızdakı sözlü mübahisə kəskinləşdi, bir-birimizə əl atdıq.
Yumruqla Ramalın üzünə zərbə vurdum. Həmin vaxt içəri bir nəfər müştəri daxil oldu və siqaret alıb getdi. Yenidən əlbəyaxa olarkən, qonşu mağazada işləyən Abbas adlı oğlan içəri girder. Tale ilə birlikdə bizi sakitləşidirməyə çalışdı. Buna baxmayaraq, Ramal məndən çölə çıxıb mübahisəni həll etməyi tələb etdi. İkimiz də “Şərab evi” ndən çıxıb sol tərəfə, mağazaların arxasına getdik. Kənardan keçən insanlar, həmçinin Tale də yaxınlaşıb, bizi aralamağa çalışdılar.
Gödəkçəmin sağ yan cibindən bıçağı çıxarıb Taleyə kənara çəkilməsini bildirdim. Ramal bıçağı görən kimi “çıxartmısansa, vur” dedi. Söyüş söyüb üzərimə gələndə bir neçə dəfə ona zərbələr endirdim. Aldığı xəsarətlərə baxmaq üçün köməkləşib onun əynindəki qolsuz jileti çıxarıb yerə atdıq. Özüm də yanında əyləşib sürücüyə tez bizi Sabunçu xəstəxanasına çatdırmasını xahiş etdim. O vaxta qədər Tale Bəxtiyarlı dostum Çevik Polis Alayının patrul bölüyündə xidmət edən Səddam İsmayılova zəng edərək, dava zamanı Ramal Kazımovu bıçaqlamağım barədə məlumat verdi. Buna görə onlar da xəstəxanaya gəldilər. Ramalın öldüyünü biləndən sonra, cinayət məsuliyyətindən qorxdum. Taksi ilə Quba rayonunda yaşayan dostlarımın yanına yollandım. Yolda, Şabran rayonu ərazisində bıçağı pəncərədən çölə tulladım. 25-ci polis şöbəsinin əməkdaşları zəng edərək, mənə qaçmağın mənasının olmadığını söylədilər. Buna görə, geri Bakıya qayıtdım və şöbəyə təslim oldum”.
Namiq Səfərov qeyd edib ki, Ramal Kazımovun pullarını ələ keçirmək niyyəti olmayıb. Onun sol qolu olmasa da, uşaqlıqdan idmanla məşğul olduğuna görə fiziki cəhətdən özünü zəif hesab etməyib. Hadisə vaxtı ona heç kim kömək etməyib, əksinə dostu Tale onları yalnız aralamağa çalışıb.
Zərərçəkmiş şəxsin hüquqi varisi Kamal Kazımov ifadəsində göstərib ki, mərhum Ramal Kazımov onun oğludur:
“2017-ci il ildən oğlum Ramalla birlikdə “Şərab evi” ni icarəyə götürüb işlədirdik. Namiq Səfərov dükanımızdan daima siqaret və müxtəlif içkilər alırdı. Ramalın tanışı olduğuna görə ona nisyə mal da verirdim. Arada Namiq ərkyana şəkildə mağazaya daxil olub, istədiyi siqareti və içkini götürürdü. Dekabrın 8-də gönorta saat 2-yə gədər özüm, sonra isə oğlum işlədi. Ayın 9-da gecə saat 1 radələrində qonşu dükanda telefon ustası işləyən Abbas Məmmədli zəng edərək, dava olduğunu xəbər verdi. Ramalın mobil telefonu mağazada, kassanın qarşısında qaldığına görə, onunla əlaqə saxlaya bilmədim. Abbasla birlikdə xəstəxanaya getdik və həkimlərdən oğlumun öldüyünü öyrəndim”.
Kamal Kazımov əlavə edib ki, hadisənin hansı şəraitdə və nə səbəbə görə öldürüldüyünü bilmir. Hesab edib ki, Ramal bir qrup şəxs tərəfindən qətlə yetirilib.
Zərərçəkmiş Tale Bəxtiyarlı ifadəsində göstərib ki, idman zalında fitness müəllimi işləyib:
“Namiq Səfərovu həmin zalda idmanla məşğul olan vaxtdan tanıyıram. Namiq 1-2 il əvvəl Sabunçu rayonu ərazisində baş vermiş avtomobil qəzasında ciddi xəsarət almışdı. Sol qolu amputasiya edilib və yerinə protez qoyulub. Ramal Kazımovu hadisədən 6 ay əvvəl Namiq Səfərovun vasitəsi ilə tanımışam. 2019-cu il dekabrın 8-də dükanda başlayan mübahisə küçədə davam etdi. Namiq sərxoş olduğundan, onu heç cür sakitləşdirə bilmədim. Dostum cibindən bıçaq çıxaranda, ətrafda olan 5-6 nəfər qorxub kənara çəkildi. Bıçağı görən Ramal, “vurmayan”ın ünvanına söyüş işlədən kimi Namiq ona zərbələr endirdi. Bunun qarşısını almağa cəhd edəndə, dostum kəsici alətlə sağ əlimə xəsarət yetirdi. Ramalın xəstəxanada öldüyünü biləndən sonra, tanışım Səddam Hüseynovla Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə getdik və polis əməkdaşlarına Namiq Səfərovun Nizami rayonu ərazisində adam öldürdüyünü bildirdim”.
Məhkəmə iclasında Namiq Səfərov ittiham üzrə özünü təqsirli bilməyərək, ifadə verməkdən imtina edib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Namiq Səfərov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 18 il müddətinə azadlıqdan məhrum olunub.