Nərimanov rayonunda gənclər arasında narkotik vasitələrin satışını təşkil edən özünü “Batya” kimi qələmə verən narkotacir saxlanılıb.
DİN Mətbuat xidmətindən Busaat.az-a verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 2 nəfər saxlanılıb.
Əməliyyat zamanı əvvəlcə Bakı şəhər sakini Fuad Quliyev tutulub. Onun üzərindən şəxsi istifadəsi üçün əldə etdiyi heroin aşkar edilib. Həmin şəxs ifadəsində narkotik vasitəni “Batya” kimi tanıdığı şəxsdən aldığını bildirib.
Əvvəllər dəfələrlə məhkum edilmiş Bəxtiyar Orucov da tutularaq istintaqa təqdim edilib. Onun üzərindən və yaşadığı evdən ümumilikdə 900 qrama yaxın satış üçün hazır şəkildə qablaşdırdığı heroin və elektron tərəzi aşkar edilib.
Bəxtiyar Orucov izahatında Nərimanov rayonu ərazisində əsasən gənclər arasında narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib. Faktla bağlı araşdırmalara başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.