“İslam ölkələrinin Qəzzadakı zülmə ortaq cavab verməsi üçün Türkiyə diplomatik təmaslarını davam etdirəcək”.
Busaat.az xarici mediaya istinadən xəbər verir ki, bunu “Qəzzanın Gələcəyi” adlı Beynəlxalq Humanitar Yardım Sammitinə videomüraciət göndərən Prezident Rəcəb Tayyib Ərdoğan deyib.
O, çıxışında Fələstinə ən çox dəstək verən ölkələrdən birinin Türkiyə olduğunu bildirib.
“2023-cü il oktyabrın 7-dən etibarən Qəzzada və işğal olunmuş Fələstin torpaqlarında baş verən qırğınlar İslam ölkələrinin birlikdə hərəkət etmələrinin və güc birləşmələrinin nə qədər vacib olduğunu bir daha göstərdi. Əksəriyyəti uşaq və qadınlardan ibarət 50 minə yaxın fələstinli qardaş və bacı bütün dünyanın gözü qarşısında şəhid oldu. İsrailin birbaşa mülki əhalini hədəfə aldığı bombardmanlar nəticəsində 100 mindən çox günahsız fələstinli yaralanıb. Livana hücumlarda həlak olan qardaşlarımızın sayı 3500-ü ötüb. İbadət yerləri, məktəblər, xəstəxanalar və mülki infrastrukturla bağlı hər şey İsrailin hücumlarının hədəfinə çevrildi. Biz Fələstində işğal və qırğın bitənə, müstəqil Fələstin dövləti qurulana qədər mübarizəmizi davam etdirəcəyik”, – deyə Ərdoğan qeyd edib.
Zeyd Bağırzadə