
Belarus Ermənistanın Lukaşenkonun sözlərinə görə hay-küy salmasına anlam vermir
Belarus xarici işlər naziri Vladimir Makey Aleksandr Lukaşenkonun “Solovyov Live” proqramında Ermənistanla bağlı sözləri (“Ermənistan kimə lazımdır”) ətrafında bu qədər mərəkə qoparılmasında anlam görmədiyini söyləyib.
Xatırladaq ki, həmin verilişdə prezident Lukaşenko Belarus və Rusiya tərəfindən qurulan ittifaq dövlətinə digər postsovet dövlətlərinin qatılması gərəkdiyini demişdi. Ermənistanla bağlı isə Belarus lideri böyük hay-küy yaradan bu sözləri ifadə etmişdi: “Ermənistanın gedəcək yeri yoxdur. Məgər onlar kiməsə lazımdır? Bunu özləri də, Nikol Vovayeviç (Paşinyan) də görür”,-deyə o bildirib.
“Yaxşı olar ki, prezidentin müsahibəsinin hamısına baxaydılar. Orada ayrı-ayrı dövlətlərin hansısa inteqrasiya birliyinə girməyə məcbur edildiyinə dair bir kəlmə belə yoxdur. Başım çıxmır, burada hansı diplomatik skandaldan söhbət gedə bilər?”,-deyə V.Makey qeyd edib.























