Bir qutu siqaretə görə 3,5 il həbsdə yatacaq
Ağsu rayonunda vətəndaşı hədələyərək, bir qutu siqaretini alan şəxsə hökm oxunub.
Qaynarinfo-nun məlumatına görə, hadisə Ağsu rayonu Qaraqaşlı kəndi ərazisində baş verib.
Həmin kənddə yaşayan H.Q. gecə saat 22.00 radələrində mağazadan 2 manat 60 qəpik dəyərində “Vegas” markalı siqareti alıb.
Mağazadan çölə çıxıb evinə getmək istəyəndə 1999-cu ildə Ağsu şəhərində anadan olmuş B.N. qarşısını kəsərək, ondan bir blok siqaret almağı tələb edib. Zərərçəkmiş şəxs üzərində pulu olmadığına görə onun tələbini yerinə yetirə bilməyəcəyini deyəndə B.N. onun sifət nahiyəsinə qəsdən şillə ilə vurub. H.Q. isə üzərindəki bir qutu siqareti ona verib.
Daha sonra zərərçəkmiş polisə şikayət edib. Təqsirləndirilən şəxs saxlanılaraq barəsində Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə cinayət işi açılıb və iş məhkəməyə göndərilib.
Məhkəmədə B.N. siqaret almağa pulu olmadığına görə zərərçəkmiş şəxsi qorxudaraq siqaretini alıb cibinə qoyduğunu deyib.
Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Loading...