Azərbaycan Respublikası Gənclər Fondunun fərdi qrant müsabiqəsi qalibi Firavan Əlizadənin təşəbbüsü ilə 3 günlük “Biz Qayıtdıq” adlı layihə həyata keçirilmişdir. Layihənin məqsədi Qarabağdan olan gənclərin turizm biliklərini artırmaq və bu sahədə onların peşəkar inkişafına töhfə vermək olmuşdur.
Layihə çərçivəsində iştirakçılar turizm sektorunun müxtəlif aspektləri ilə bağlı nəzəri və praktiki biliklər əldə etmiş, təcrübəli təlimçilərin rəhbərliyi ilə müzakirələrdə və təlimlərdə iştirak etmişlər. Sessiyalarda turizm sahəsində yeni trendlər, Qarabağın potensial turizm istiqamətləri və bu ərazilərdə dayanıqlı turizmin təşkili mövzuları əhatə olunmuşdur.
Həmçinin, gənclər layihə çərçivəsində yerli turizm marşrutları üzrə ekskursiyalarda iştirak edərək, regionun tarixi və mədəni irsi ilə yaxından tanış olmuşlar. Bu fəaliyyətlər gənclərin Qarabağın turizm imkanlarına dair praktiki biliklər əldə etməsinə və turizm üzrə yeni ideyalar formalaşdırmasına şərait yaratmışdır.
“Biz Qayıtdıq” layihəsi gənclərin şəxsi və peşəkar inkişafına töhfə verməklə yanaşı, Qarabağın turizm potensialının tanıdılmasına və bu sahədə fəaliyyət göstərmək istəyən gənclərə yeni imkanlar yaradılmasına xidmət etmişdir.
Layihə təşkilatçıları bu təşəbbüsün gələcəkdə davamlı olaraq genişlənəcəyinə və gənclərin turizm sahəsində daha da fəal iştirakına dəstək olacağına ümid etdiklərini bildirirlər.