Ötən gün Azərbaycan prezidenti İlham Əliyev Əlcəzairə işgüzar səfərə yollanıb. Prezident burada Ərəb Dövlətləri Liqasında iştirak edib.
Amma dünən diqqətlər başqa istiqamətə yönəldi. Belə ki, Azərbaycan Prezidenti Əlcəzairə səfəri zamanı Fransa tərəfindən törədilmiş soyqrımıları zamanı həyatını itirən əlcəzairlilərin xatirəsinə həsr edilmiş abidəni ziyarət edib və bu soyqrımının dünya tərəfindən unudulmamasının lazım olduğunu vurğulayıb.
Azərbaycan-Fransa münasibətlərinin gərgin istiqamətdə davam etdiyi, Fransanın israrla Ermənistanı müdafiə etməsi fonunda İlham Əliyevin bu çağırışları cəmiyyətdə maraqla qarşılanıb.
Busaat.az sözügedən məsələ ilə bağlı politoloq İlyas Hüseynovun fikirlərini öyrənib:
“Prezident İlham Əliyevin Əlcəzairə səfəri mühüm əhəmiyyət kəsb edir.Çünki bu səfər həm də Ərəb dövlətləri liqasının sammitində iştirak etməyə həsr olunub. Düşünürəm ki, bu səfər çox məhsuldar olacaq. Azərbaycan həqiqətlərinin ərəb auditoriyasına çatdırılması post müharibə reallıqlarının qeyd olunması, eləcə də işğaldan azad olunmuş Qarabağa və Şərqi Zəngəzura investisiya cəlb olunması baxımından bu səfər çox aktualdır”.
Politoloq eyni zamanda Prezidentin məlum çıxışına və Azərbaycan-Fransa münasibətlərinə də toxunub: “Digər tərəfdən cənab İlham Əliyevin səfər çərçivəsində xatirə kitabına qeyd etdiyi fikirlər mühüm əhəmiyyət kəsb edir. Çünki Fransa dövləti Əlcəzair xalqına qarşı soyqrım siyasəti həyata keçirmişdir. Burada insanlıq əleyhinə müxtəlif faciələr yaşanmışdır. Əlcəzairin digər adı həm də 1,5 milyon şəhid vermiş dövlət kimi nəzərdən keçirilir. Bu da bir faktdır ki, Fransa dövləti Əlcəzairdə törətdiyi vəhşiliklərə rəğmn, Fransa Əlcəzairdən üzr istəmir. Sanki olub keçənlər bir hadisə idi və bu qanlı əməllər ört-basdır edilməlidir. Eyni zamanda biz 1961-ci ildə Seno faciəsini qeyd etməliyik. Fransanın hər zaman Əlcəzairə qarşı qərəzli siyasəti müstəmləkəçilik dövründə özünü büruzə verib. Əlcəzair xalqı öz müstəqilliyinə mücadilə ilə, mübarizə ilə qovuşub. Bu baxımdan Azərbaycan xalqı ilə Əlcəzair xalqının oxşarlığı da var. Çünki törədilən soyqrımlara qarşılıq olaraq hüquqi qiymət verilməyib. Dünyanın ikili standartları hələ də başımızın üstündədir. Ona görə də Fransa dövlətinin məhz son dövrlər ermənipərəst mövqeyi, Emmanuel Makronun Fransanın ikinci televiziyasında ölkəmizə qarşı çıxışları tamamilə yolverilməzdir. Cənab prezidentin həm də Fransanın törətdiyi cinayətlərlə bağlı olaraq Əlcəzair xalqının yanında olması, Əlcəzair dövlətinə baş vermiş faciə ilə bağlı öz ürək sözlərini yazması həm də Əlcəzairlə Azərbaycan arasında olan ikitərəfli münasibətləri və Ərəb dövlətləri ilə Azərbaycanı yaxınlaşdırır. Bu, törədilən qətliamlara, soyqrımlara, bəşəriyyət əleyhinə cinayətlərə hüquqi qiymət verilməsi ilə bağlı bir çağırışdır. Xocalı soyqrımına vaxtında qiymət verilsəydi, digər soyqrımlar baş verməzdi. Cəzasızlıq yeni cinayətlərə səbəb verir. Buna görə də bu səfər həm aktualdır, həm də hazırki durumda böyük əhəmiyyət kəsb edir. Eyni zamanda qeyd etməliyik ki, Fransanın qərəzli münasibətinə Cənubi Qafqazda pozuculuq fəaliyyətinə də tutarlı cavabdır”.
Busaat.az