Bu məbləğ 266 manatdan 50 manata endirildi – Rəsmi

image-1761546702_pensiyabackend

Azərbaycanda yerli daşıyıcılar üçün sürücü hazırlığı üzrə təhsil haqqı 266 manatdan 50 manata endirilib.

Busaat.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir ki, bu barədə agentlikdə avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşıma fəaliyyəti həyata keçirən milli daşıyıcılarla keçirilən növbəti görüşdə bildirilib.

Məlumata görə, görüşdə sahənin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb, iştirakçıların təklifləri dinlənilib. Fəaliyyət zamanı hüquqi öhdəliklərə, düzgün sənədləşməyə və mövcud tələblərə riayət olunmasının vacibliyi iştirakçıların diqqətinə çatdırılıb.

AYNA tərəfindən milli daşıyıcılara dəstək məqsədilə həyata keçirilən “5000 yeni sürücü” layihəsi də müzakirə edilib. C və CE kateqoriyalı sürücülərin cəlb edilməsində daşıyıcıların rolu və sürücü sayının artırılmasının sahənin inkişafına göstərəcəyi müsbət təsirlər barədə məlumat verilib. Sürücü hazırlığı üzrə təhsil haqqının 266 manatdan 50 manata endirilməsi iştirakçıların diqqətinə çatdırılıb. Bildirilib ki, təlim üçün ödəniş 266 manat olsa da, məbləğin 80%-dən çox hissəsi AYNA tərəfindən qarşılanacaq. Sürücülər cəmi 50 manat ödəməklə təlimdə iştirak edə biləcəklər.

Yük avtonəqliyyat vasitələrinə texniki qulluq və təmir üzrə ustalara yaranmış ehtiyac nəzərə alınaraq texniki təmir sahəsi olan daşıyıcıların layihədə iştirakı imkanları müzakirə olunub. Təlim keçə biləcək müəssisələrin imkanları qiymətləndirilib və tələb olunan peşələrin müəyyənləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Görüşdə beynəlxalq daşımaların coğrafiyasının genişləndirilməsi məsələsi də diqqət mərkəzində olub. Xüsusilə Çin, həmçinin Monqolustan və İran istiqamətlərində beynəlxalq yük daşımalarında iştirakın artırılmasının vacibliyi vurğulanıb. Beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində milli sahibkarların nəqliyyat-logistika sərgilərində iştirakı məqsədəuyğun hesab edilib. Şirkətlərin yaxın vaxtlarda Çində təşkil ediləcək sərgidə iştirakının mümkünlüyü bildirilib. Təşkilati dəstəyə ehtiyac yarandıqda AYNA-ya müraciət edə biləcəkləri qeyd olunub.

Beynəlxalq yük daşımaları sahəsində fəaliyyət göstərən daşıyıcılarla sahənin inkişafına yönəlmiş tədbirlərin mütəmadi davam etdirilməsi planlaşdırılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki