“Bu şəxslərin pensiyası 75 manat artacaq” – AÇIQLAMA

image-pensiyabackend

Millət vəkili Vüqar Bayramov gələn ildən pensiyaların artması məsələsinə münasibət bildirib.

Busaat.az xəbər verir ki, deputat son 20 ildə pensiyalarda olan artımlardan danışıb:

“Bu gün Milli Məclisinin Əmək və Sosial Sİyasət komitəsində “Əmək pensiyaları haqqında” Qanuna təklif edilən düzəlişləri müzakirə etdik. Yeni təkliflər iki mühim istiqaməti əhatə edir: Maddi yardımların pensiyaların tərkibinə daxil edilməsi və qulluq əlavəsi alan şəxslərin pensiyasının gələn ilin 1 yanvarından indeksasiya olunması.
Vahid indeksasiya sistemi bütün əmək pensiyası alan vətəndaşlarımızın pensiya məbləğlərinin hər il yanvar ayında əvvəlki il üzrə orta aylıq əmək haqqındakı artım faizinə uyğun artırılmasını nəzərdə tutur. Qanunvericilik əvvəlki illərdə bütün əmək pensiyalarının indeksasiyasını nəzərdə tutmadığı üçün belə dəyişikliklərə ehtiyac var idi. Digər tərəfdən, pensiyaları indeksasiyaya cəlb olunmayan şəxslərin əməkhaqqıları isə 3-5 ildən bir artırılırdı ki, nəticədə qulluq əlavəsi alan şəxslərin pensiyasında artımlar hiss olunmurdu. Onların pensiyaları indeksasiya olunmadığı üçün bu həmin vətəndaşlarımızın bu imkandan da faydalanmasına imkan vermirdi. Yeni dəyişikliklər qəbul olunandan sonra həmin vətəndaşlarımız bu hüquqdan istifadə edə biləcəklər. Məsələn, 2001-2011-ci illərdə on illik indeksasiya faizi 98.0 faiz olub. Bu müddətdə dövlət qulluqçusunun pensiyasında 69.0, hakimlərdə 25, hərbi qulluqçularda 59, xüsusi rütbəlilərdə 81, ədliyyə işçilərində 69 faiz artım qeydə alınıb. Göründüyü kimi, əgər həmin vətəndaşlarımız da bu müddətdə vahid indeksasiya sistemindən istifadə etsəydilər pensiya məbləğlərində daha çox artım qeydə alınardı. Yeni dəyişikliklər məhz həmin vətəndaşlarımıza bu imkandan faydalanmağa şərait yaradacaq. Bu baxımdan, yeni dəyişikliklər ilə qulluq stajına görə əlavə almaq hüququ olan şəxslərin pensiyası əvvəlki metoda nisbətən indi daha çox artacaq, onların sosial rifahına müsbət təsir göstərəcək”.

Millət vəkili növbəti il əməkhaqqının artmasının pensiyanın məbləğinə təsir edəcəyini deyib:

“Qeyd edək ki, indeksasiya hər il yanvar ayında aparılır. Bu o deməkdir ki, yeni dəyişikliklər qəbul olunandan sonra 2023-cü ilin ilk ayında bütün növ əmək pensiya məbləğlərində artımlar olacaq. Bu il minimum əmək haqqı məbləğində artım olduğu üçün orta aylıq əmək haqqında əvvəlki illərə nisbətən daha yüksək faizli artım qeydə alınacaq. Bu ilin ilk 7 ayında orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,1 faiz artıb. Bu o deməkdir ki, mövcud tendensiya saxlanacağı halda gələn ilin yanvar ayında pensiyalar 14-15 faizə indeksasiya olunacaq. Təbii ki, daha dəqiq rəqəm 2023-cü ilin yanvar ayında elan olunacaq. Məsələn, əgər 2023-cü ildə orta aylıq əmək haqqı 15 faiz artarsa, o zaman 500 manat pensiya alan vətəndaşımızın pensiyasında 75 manat artım olacaq.

Digər tərəfdən, 2022-ci ildə əmək pensiyaçılarına ödənilən maddi yardımın da (200 manat və ya qulluq əlavəsi alan şəxslərə ödənilən pensiya məbləğinin 10 %-i miqdarında) 2023-cü il yanvarın 1-dən etibarən pensiyaların tərkibinə daxil edilərək indeksasiya olunması nəzərdə tutulur. Bu da pensiya məbləğlərindəki artıma müsbət təsir göstərəcək”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90