Valideynlər uşağı əlamətdar gündə doğmaq istəyirlər.
Busaat.az xəbər verir ki, yeni doğulanların bəzi hallarda dərhal küvetə salınması, MRT, yəni maqnit rezonans tomoqrafiya və kompüter tomoqrafiyası kimi aparatlarda yoxlanılması bir çox valideyni narahat edir.
Onlar körpələrin bu cür aparatlarda saxlanılması və yoxlanılmasından gileylənirlər.
Həkim Kamil Şərifov deyir ki, istər normal doğum, istərsə də qeysəriyyə zamanı bəzən körpədə tənəffüsün başlaması üçün müdaxilə lazım olur. Ona görə də doğuşdan sonra prosesə neonatoloqun, yaxud pediatrın nəzarəti vacibdir. Çünki müdaxilənin 1 dəqiqə gecikməsi körpənin şikəst olması ilə nəticələnə bilər. Uşaq ancaq zəruri hallarda küvetə alınmalıdır. Həkim körpələrin MRT və kompüter tomoqrafiya aparatlarında yoxlanmasının hansı hallarda zəruri olduğunu da açıqlayıb. Həkim deyir ki, ehtiyac olmadığı müddətcə uşaqdan qan almağa, tibbi göstəriş olmadan küvetə salmağa, beyninə mrt çəkdirməyə, yaxud başqa bir rentgenə salmağa gərək yoxdur. Ancaq bəzi eşitmə müayinəsi, topuq testi, omba-çanaq ultrasəs müayinəsi kimi testlər mütləqdir.
Pediatr Aytən İsmayılova isə deyir ki, uzun müddət küvetdə qalmanın da ciddi mənfi təsirləri var. Küvetdə uzun müddət qalan uşaqlarda gözün torlu qişasında qılcaq damarlar yaranır və nəticədə torlu qişa qalınlaşır, qopur, bu hal da korluğa gətirib çıxarır. Həkim onu da bildirir ki, pnevmaniya olan körpələri rentgenə salmağa ehtiyac yoxdur. Ekspertlər hesab edir ki, bu və ya digər problemlərin əsas səbəblərindən biri də valideynlərin qeysəriyyə vaxtını özlərinin təyin etməsidir. Onlar çalışırlar ki, doğuş tarixini əlamətdar günə salsınlar. Normal doğum 39 həftə ərzində baş tutmalıdır, valideynlər isə bəzən 37, 36, hətta 34 həftədə doğmaq istəyirlər. Bu zaman da körpənin ağciyəri tam inkişaf etmir, səhhətində ciddi problemlər yaranır. Belə problemlərin yaranmamağı üçün həm valideynlər, həm də həkimlər sadəcə körpənin sağlamlığına önəm verməli, həssas yanaşmalıdırlar.