Cəsarətli mövqe

image-dil-2backend

 

Dil hər bir xalqın varlığının təzahürü, onun milli sərvətidir. İnsanın təkamülündə ana dilinin rolu misilsizdir. Azərbaycan xalqının varlığını yaşadan Azərbaycan dili neçə yüz illərdir ki, onun milli, mənəvi varlığını, mövcudluğunu qoruyub saxlayır. Azərbaycan dili öz qrammatik quruluşuna görə zəngin, fonetik ahənginə görə qeyri-adi gözəlliyə malik bir dildir. Azərbaycan dili genealoji təsnifata görə, türk dillərindən biri olub, Ural-Altay dilləri ailəsinin oğuz qrupuna daxildir və ən yaxın qohumları olan türk, türkmən və qaqauz dilləri ilə birlikdə ərazi prinsipinə görə türk dilləri arealının cənub-qərb qrupunu təşkil edirlər. Çoxəsrlik təkamül yolu keçmiş Azərbaycan dilinin tarixi xalqımızın tarixi qədər qədimdir. Bu dil hazırkı inkişaf mərhələsinə birdən-birə çatmamış, çox ciddi təsir ve təzyiqlərə məruz qalmışdır. Xalqımız zaman-zaman bir sıra işğalçılarla üz-üzə gəlmiş və bu mənfur qüvvələrə qarşı mübarizə apararaq öz varlığını və dilini mühafizə etməyə nail olmuşdur. XVI əsrdə Səfəvilər dövlətinin yaranması ilə Azərbaycan dilinin mövqeyi möhkəmlənərək dövlət dili səviyyəsinə qalxmış, rəsmi və dövlətlərarası yazışmalarda işlədilmişdir. XVII-XVIII əsrlərdə şifahi xalq ədəbiyyatının bədii dilə təsiri ilə inkişaf edən xalq şeir yaradıcılığında gedən proseslər ədəbi dilə təsir göstərmiş, sadəliyə, canlı danışıq elementlərinə meyli güclənmiş, Azərbaycan dilinin yeni inkişaf mərhələsi başlanmışdır. XIX əsrdə Azərbaycanın ikiyə parçalanması və nəticədə iki ayrı dövlətin tabeçiliyində bir-birindən fərqli mədəni mühitdə yaşamağa məhkum olması nəticəsində ədəbi dilimizin inkişafı xalqımızın həyatında köklü dəyişikliyə səbəb oldu. Rusiya Şimali Azərbaycanda müstəmləkəçilik siyasəti ilə yanaşı, xalqın mədəni səviyyəsinin yüksəlməsində xüsusi rol oynamış, başqa elm sahələri kimi, dilçiliyin də inkişafına zəmin yaratmışdır. XIX əsrin ortalarından etibarən Azərbaycan dilinə aid bir sıra dərsliklər və dərs vəsaitləri meydana gəlmişdir. XX yüzillik Azərbaycan ədəbi dilinin çiçəklənməsi dövrüdür. Həmin dövrdə ana dilinə dair kitablar hazırlanmış, dərsliklər nəşr olunmuşdur. Dilimizlə bağlı ən mühüm tarixi hadisə 1969-cu ildə hakimiyyətə gələn ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Təşkilati işlər apararaq, elmi və ziyalı təbəqəni bu işə cəlb edərək öz siyasi taleyini risk altına salmaq bahasına olsa belə, dahi Heydər Əliyev 1978-ci ildə Azərbaycan dilini dövlət dili səviyyəsinə qaldırmağa, Konstitusiyanın 73-cü maddəsində təsdiqini tapmasına nail oldu. Bu addımla Ulu Öndərimiz milli dirçəlişin əsasını qoymuş oldu. Ulu öndər Heydər Əliyev hər imkan düşdükcə böyük məhəbbətlə bağlı olduğu dilin məziyyətlərindən bəhs etməklə onu təbliğ edirdi. Heydər Əliyev Bakı şəhərinin təhsil işçiləri ilə görüşündəki çıxışında deyirdi: “Bizim məktəblərimiz millidir. Bilirsiniz ki, mən son vaxtlar Azərbaycanın dövlət dili, ana dili, Azərbaycan dili haqqında bir çox fərmanlar vermişəm. Azərbaycanın latın əlifbasına, latın qrafikasına keçməsi haqqında fərman vermişəm. Bu, artıq avqust ayının 1-dən tətbiq olunubdur. Çox məmnunam ki, mən buna nail oldum. Çünki bəziləri etiraz edirdilər ki, qısa müddətdə buna nail olmaq olmaz. Amma oldu. Bütün dövlət orqanlarında, hakimiyyət orqanlarında, təkcə dövlət, hakimiyyət orqanlarında yox, təhsildə, səhiyyədə, biznes sahəsində, hər yerdə Azərbaycanın dövlət dili, ana dili, Azərbaycan dili hakim olmalıdır.” Ölkəmiz müstəqillik əldə etdikdən sonra da dahi liderimiz dilimizlə, onun saflığı, qorunması ilə bağlı mühüm əhəmiyyətli tədbirlər görmüşdür. Uzun bir tarixi dövrdə ayrı-ayrı şəxsiyyətlərin ana dilimizlə bağlı həyata keçirdiyi tədbirlərin küllünü belə Ümummilli Liderimizin fəaliyyəti dövründəki tədbirləri bir tərəzinin gözünə qoymaq qeyri-mümkündür. Çünki dahi liderimiz bu sahədə elə bir zəcir yaratmışdır ki, o zəncirin halqaları zaman keçdikcə nəinki qırılmamış, daha da güclənmişdir. Belə ki, vaxtilə gərgin əmək sayəsində ərsəyə gətirilmiş, dövlətçilik siyasətimizin mühüm bir parçası olan dil siyasəti bu gün Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onun ana dilinin dövlət dili kimi maneəsiz işləkliyi üçün göstərdiyi siyasi və milli iradə Azərbaycan dilinin nüfuzunun yüksəlməsinə və türk dilləri arasında yüksək mövqe qazanmasına xidmət edir. Göründüyü kimi, milli varlığımıza xidmət edən, onu dünyəviləşdirən, min bir əziyyətlər bahasına bugünkü mövqeyə çatdırılan ən dəyərli varlığımız olan ana dilimizi, dövlət dilimizi qorumaq hər birimizin mühüm siyasi-ideoloji vəzifəmiz, əsas milli marağımız olmalı, Azərbaycan dilinin tarixi hüquqlarını qorumaq, onun mənəvi-siyasi nüfuzunu həm ölkə daxilində, həm də ölkə xaricində yüksəltmək, gələcək nəsillərə ötürmək üçün əməli fəaliyyət göstərməli, dahi liderimizin ağır zəhmətlər hesabına həyata keçirdiyi və bizlərə miras qoyduğu dil siyasətini hamılıqla və ləyaqətlə davam etdirməliyik.

 

Səmra Əliyeva

Azərbaycan Dillər Universiteti

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki