Çindən İrana sirli təyyarələr göndərilib

image-img_6905backend

İsrailin İrana qarşı hərbi əməliyyatlara başlamasından sonra Çin bu ölkəyə azı üç yük təyyarəsi göndərib.

Busaat.az xəbər verir ki, bu barədə “The Telegraph” nəşri məlumat yayıb.

İddiaya görə, ilk təyyarə iyunun 14-də havaya qalxıb, digər iki reys isə növbəti iki gün ərzində həyata keçirilib. Onlar əvvəlcə Çin Xalq Respublikasının şimalı boyunca qərbə doğru hərəkət edərək Qazaxıstanı keçib, sonra isə cənuba – Özbəkistan və Türkmənistana yönəliblər. Təyyarələr İrana yaxınlaşdıqca radar izləməsindən itib. Formal olaraq bu uçuşların son məntəqəsi Lüksemburq göstərilsə də, reallıqda Avropaya çatmayıblar.

Söhbət “Boeing 747” tipli yük təyyarələrindən gedir. Nəşr aviasiya mütəxəssislərinə istinadən yazır ki, bu tip təyyarələr adətən hərbi texnika və silah daşımaq üçün istifadə olunur.

Ekseter Universitetinin Çin-Yaxın Şərq və Şimali Afrika üzrə mütəxəssisi Andrea Gizellinin sözlərinə görə, bu, Çinin İrana dəstək verəcəyi yönündə gözləntiləri artırır:

“İranda mövcud rejimin çökməsi Çin üçün ciddi zərbə olardı. Bu, bölgədə sabitliyin pozulmasına və nəticə etibarilə Çin iqtisadiyyatı ilə enerji maraqlarına təhdid yaradar”, – deyə Gizelli bildirib.

Qeyd edilir ki, Çin və İran strateji tərəfdaşlardır, onlar ABŞ-nin rəhbərlik etdiyi qlobal düzənə qarşı çıxır və çoxqütblü dünya nizamını dəstəkləyirlər. İran hazırda Çinə gündə 2 milyon barelə qədər neft tədarük edir. Bundan başqa, Pekin keçmişdə Tehrana ballistik raket istehsalında istifadə edilən materiallar da verib – bunlar potensial olaraq nüvə silahı proqramında tətbiq oluna bilərdi.

“The Washington Post” iyun ayının əvvəlində xəbər vermişdi ki, İran Çindən “minlərlə tonluq” komponent sifariş edib.

İsrailin Təhlükəsizlik Araşdırmaları İnstitutunun Çin və Yaxın Şərq üzrə eksperti Tuviya Gering isə bildirir ki, Çinin İrana hərbi təyinatlı materiallar göndərməsi ehtimalı aşağı olsa da, bunu tamamilə istisna etmək olmaz. Onun sözlərinə görə, Çinin bu münaqişəyə birbaşa müdaxiləsi İsrailin əsas müttəfiqi ABŞ ilə münasibətləri sabitləşdirmək üçün gördüyü səyləri poza bilər.

Qeyd edək ki, Çin İsrailin İrana qarşı hərbi əməliyyatlarını qətiyyətlə pisləyib və bu əməliyyatların “ciddi nəticələri” ilə bağlı narahatlıq ifadə edib. BMT Təhlükəsizlik Şurasının təcili iclasında çıxış edən Çin nümayəndəsi İsraili bütün hərbi fəaliyyətləri dərhal dayandırmağa çağırıb və regionda yeni müharibənin heç kimə lazım olmadığını bəyan edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki