“Azad rəqabətli bazar olsa qiymətlərin düşdüyünü müşahidə edərdik”.
Bunu dərmanların bahalaşması səbəblərini aydınlaşdıran Azərbaycan Tibb Universitetinin tədris terapevtik klinikası şüa diaqnostikası şöbəsinin müdiri, həkim-radioloq Aydın Əliyev Busaat.az-a açıqlamasında deyib.
O bildirib ki, dərman sektorunda bahalaşmanın əsas səbəbi daxili istehsalın olmamasıdır: “Azərbaycanda dərman preparatlarının istehsalı demək olar ki, sıfır səviyyəsindədir. Əhalinin istifadə etməsi üçün lazımi dərmanların bir çoxu xaricdən idxal olunur”.
Aydın Əliyev dərman sektorunda yaşanan bahalaşmanın digər səbəblərinə də toxunub: “Digər səbəb isə monopoliyanın olmasıdır. Bu heç kimə sirr deyil. Xaricdən uyğun qiymətə dərman ala biləcək şəxslərə imkan yaradılmır. Azad rəqabətli bazar olsa qiymətlərin düşdüyünü müşahidə edərdik. Hesab etdiyim son səbəb isə dərman siyasətinin düzgün aparılmamasıdır. Statistika sayəsində əhalinin hansı yaş kateqoriyasının hansı dərman preparatlarından istifadə etdiyini öyrənmək çox asandır. Əgər statistikaya nəzər salınsa hər il əhalinin hansı dərman vasitəsinə tələbatı olduğu aydınlaşar. Beləliklə gələcək il üçün hansı dərmanların lazım olacağı hesablanaraq düzgün addım atıla bilər”.
Ələsgər