Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) həqiqi hərbi xidmətə və mülki işə qəbul olmaq istəyən Azərbaycan Respublikasının vətəndaşları üçün müsabiqə elan edib.
Busaat.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verib.
Bildirilib ki, “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə və mülki işə qəbul qaydaları”na əsasən həqiqi hərbi xidmətə qəbul olunmaq istəyən vətəndaşlar SHXÇDX-də fəaliyyət göstərən “Müsahibə komissiyası”nın müsbət rəyindən, fiziki hazırlıq səviyyəsi (qadınlar istisna olmaqla), sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlılığı müəyyənləşdirildikdən, mülki işə qəbul olunmaq istəyən vətəndaşlar isə “Müsahibə komissiyası”nın müsbət rəyindən sonra test imtahınında iştirak etməsi üçün adları Dövlət İmtahan Mərkəzinə təqdim olunur. Həqiqi hərbi xidmətə və mülki işə qəbul olunmaq üçün müraciət etmiş vətəndaşların yalnız bu halda DİM tərəfindən keçirələn test imtahanında iştirakı mümkündür.
Aşağıda qeyd olunan kateqoryalardan vətəndaşlar həqiqi hərbi xidmətə və mülki işə qəbul oluna bilərlər.
1.Həqiqi hərbi xidmətə qəbul oluna bilərlər:
1.1. Ali və orta ixtisas təhsilli, azı bir il hərbi xidmət keçmiş 40 yaşınadək hərbi vəzifəlilər, habelə 19 yaşından 40 yaşınadək qadınlar, hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər.
Qeyd: Həqiqi hərbi xidmətə qəbul oluna bilməzlər – sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararsız olan şəxslər, məhkumluğu olan şəxslər, ikili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş şəxslər, həqiqi hərbi xidmətdən, digər qurumlardan və ya dövlət orqanlarından əvvəllər yol verdiyi kobud nöqsanlara və ya qulluqla bir araya sığmayan hərəkətlərə görə ehtiyata buraxılmış və ya xaric edilmiş şəxslər.
2. Mülki işə qəbul oluna bilərlər:
2.1. Ali və orta ixtisas təhsilli, azı bir il hərbi xidmət keçmiş (qadınlar istisna olmaqla) 40 yaşınadək vətəndaşlar.
Qeyd: mülki işə qəbul oluna bilməzlər – məhkumluğu olan şəxslər, ikili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş şəxslər, həqiqi hərbi xidmətdən, digər qurumlardan və ya dövlət orqanlarından əvvəllər yol verdiyi kobud nöqsanlara və ya qulluqla bir araya sığmayan hərəkətlərə görə ehtiyata buraxılmış və ya xaric edilmiş şəxslər.
Vətəndaşlar SHXÇDX-də işə qəbul olunarkən təqdim edilmiş sənədlər və məlumatlar qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlanılır. Vətəndaş bu Qaydalarla müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatların verilməsi aşkar edildikdə, müsahibədə və ya test imtahında iştirakdan imtina olunur və ya namizədin müsahibədə və yaxud test imtahanında əldə etdiyi nəticələr etibarsız hesab edilir.
Vətəndaşlar həqiqi hərbi xidmətə və ya mülki işə qəbulla bağlı yalnız biri üzrə müsabiqədə iştirak etmək üçün müraciət edə bilərlər.
SHXÇDX-də işə qəbul ilə əlaqədar müsabiqə test imtahanı və müsahibə mərhələlərindən ibarətdir. Müsabiqədə iştirak etmək istəyən vətəndaşların qeydiyyatı SHXÇDX tərəfindən aparılır (2 dekabr 2024-cü il tarixinədək). Qeydiyyatdan keçmiş vətəndaşların siyahısı SHXÇDX tərəfindən Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə təqdim edilir.
Test imtahanda iştirak etmək üçün vətəndaşlar 25 noyabr – 9 dekabr 2024-cü il tarixlərində DİM-in internet saytında (http://ekabinet.dim.gov.az) “Şəxsi kabinet”lərini yaratmalıdırlar (bax, “Şəxsi kabinet”in yaradılması və istifadə qaydası”). Şəxsi kabinetin yaradılması zamanı pul hesabı açılır. Vətəndaşın imtahanda iştirak etməsi üçün ödənişin məbləği 118 AZN (ƏDV daxil olmaqla) təşkil edir. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat burada) istifadə etmək olar.
“Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra test imtahanında iştirak etmək üçün DİM-in internet saytında “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti həqiqi hərbi xidmətə və mülki işə qəbulla əlaqədar test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat” elektron xidməti vasitəsilə qeydiyyatdan keçmək lazımdır. Qeydiyyat linki verilən tarixlərdə aktiv ediləcək.
Qeydiyyat zamanı vətəndaş haqqında ümumi məlumatlar (soyad, ad, ata adı, təvəllüd) “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi və vətəndaşın ali təhsili haqqında məlumatları “Tələbə-məzun” (MyGov.az) dövlət elektron məlumat sistemi vasitəsilə yoxlanılır.
Qeydiyyatdan əvvəl namizədlər təhsil haqqında məlumatlarının “Tələbə-məzun” dövlət elektron məlumat sistemində olub-olmadığını “Elektron hökumət” portalından DİM-in “Vətəndaş haqqında “Tələbə-məzun” dövlət elektron məlumat sistemindən çıxarış” elektron xidməti vasitəsilə də öyrənə bilərlər.
Sistemdə müvafiq məlumatlar olmadıqda namizədin qeydiyyatı aparılmır. Bu halda namizəd ona aid məlumatların “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə daxil edilməsi üçün bitirdiyi təhsil müəssisəsinə müraciət etməlidir. Xaricdə təhsil almış namizədlər və sistemdə məlumatları olmayan digər namizədlər DİM-ə (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi 299 və ya DİM-in regional bölmələrinə) müraciət etməlidirlər.
Test imtahanı 2024-cü il 18 dekabr tarixində DİM tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, S.S. Axundov küç., 50 ünvanında yerləşən Elektron imtahanlar korpusunda kompüter vasitəsilə elektron formada keçiriləcəkdir. İmtahanın başlama vaxtı saat 1500-dır. İmtahanda iştirak etmək üçün namizədlər “İmtahana buraxılış vərəqəsi” və “Yaddaş kitabçası”nı 11 dekabr 2024-cü il tarixindən etibarən DİM-in saytından “Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı” xidməti vasitəsi ilə çap edə biləcəklər.
Namizəd imtahan keçirilən korpusa imtahana “İmtahana buraxılış vərəqəsi”ndə qeyd edilən vaxtda gəlməlidir. İmtahana gələrkən namizəd şəxsiyyət vəsiqəsini və “İmtahana buraxılış vərəqəsi”ni hökmən özü ilə gətirməlidir. Bu sənədlərdən hər hansı biri olmadıqda və ya imtahanın başlamasına 15 dəqiqə qalmışdan gec gəldikdə namizəd imtahana buraxılmır.
Test imtahan mərhələsində namizədlərə qanunvericilik üzrə 40, Azərbaycan dili üzrə 10, informatika üzrə 20, Azərbaycan Respublikasının tarixi və coğrafiyası üzrə 15, məntiqi təfəkkürün müəyyən edilməsi üzrə 15 olmaqla, ümumilikdə 100 qapalı tipli test tapşırığı təqdim olunacaq. İmtahanın müddəti 3 saatdır. Hər doğru cavablandırılmış test tapşırığı 1 balla qiymətləndirilir. Bir test tapşırığına iki və daha artıq cavab verildikdə cavab səhv hesab olunur. Səhv cavablar doğru cavabların nəticəsinə təsir göstərmir. İmtahanın sonunda hər bir namizədə kompüterin ekranında imtahanın nəticəsi barədə məlumat-arayış təqdim olunur. İmtahanda toplanıla bilən maksimal bal 100-ə bərabərdir. Test imtahanında müvəffəqiyyət qazanmaq üçün həqiqi hərbi xidmətə qəbul olunmaq istəyənlər ən azı 60, mülki işə qəbul olmaq istəyənlər isə ən azı 50 bal toplamalıdırlar. Test imtahanında iştirak edən namizədlərin imtahan nəticələri və SHXÇDX-də vakant vəzifələr nəzərə alınmaqla müsabiqə komissiyasının qərarı əsasında müəyyən edilmiş keçid balı aşağı salına bilər.
İmtahanın nəticələri ilə bağlı namizədlər DİM-də fəaliyyət göstərəcək Apellyasiya komissiyasına 23 – 25 dekabr tarixlərində saat 1400-dan 1700-a qədər müraciət edə bilərlər.
Namizədlər test imtahanına daha səmərəli hazırlaşmaları üçün aşağıda qeyd olunan test imtahanı proqramları və ədəbiyyat siyahısı ilə tanış ola bilərlər:
https://dim.gov.az/CkImage/M%C9%99ntiq_Dunyagorushu_proqram_1732338371.pdf