Bu barədə Busaat.az-a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, qaynar xəttin iş qaydası haqqında ilkin olaraq, komitə əməkdaşları təlimatlandırılıblar. Supervayzer Emin Mahmudov onlara yeni yaradılmış qaynar xəttin iş prinsipi haqqında ətraflı məlumat verib.
Bildirilib ki, vətəndaşlar həm işğaldan azad edilmiş ərazilərə qayıdışla, həm də Dövlət Komitəsinin digər fəaliyyət istiqamətləri ilə bağlı məlumat və müraciətlər üçün bütün telefon rabitəsi operatorları vasitəsilə 1657 nömrəsini yığmalıdırlar.
Zənglərə avtomatlaşdırılmış qaydada cavab veriləcək: işğaldan azad edilmiş ərazilərə qayıdışla bağlı məlumat və müraciətlər üçün 1 düyməsini, Dövlət Komitəsinin digər fəaliyyət istiqamətləri ilə bağlı məlumat və müraciətlər üçün 2 düyməsini basmaq tövsiyə olunacaq. Hər iki halda xidmətin səviyyəsinin ölçülməsi məqsədilə danışıqların qeydə alındığı bildiriləcəkdir.
1- düyməsi basıldıqdan sonra vətəndaş birbaşa qaynar xəttin operatoru ilə əlaqələndiriləcəkdir.
2- düyməsi basıldıqdan sonra isə vətəndaş, daxili nömrəni bilirsə, onu yığacaq, bilmirsə, ərizələrlə bağlı 1, rəhbər şəxslərin qəbuluna yazılmaq üçün 2, vahid aylıq müavinətlə bağlı 3, qeydiyyatla bağlı 4, məcburi köçkün vəsiqəsi ilə bağlı 5, qəsəbələrdə mənzillərin istismarı ilə bağlı 6, mənzillərlə bağlı 7 düyməsini basmalıdır. Operatorla danışmaq üçün 0 düyməsini basmaq tövsiyə ediləcəkdir.
Qaynar xətt həftənin iş günlərində saat 9.00-dan 18.00-dək fəaliyyət göstərəcək.
Dövlət Komitəsində qaynar xətt operatorları üçün xüsusi iş otağı ayrılıb və zəruri texniki avadanlıqlarla təchiz edilib. Qaynar xətt fəaliyyətdədir, vətəndaşların zənglərini qəbul etməyə hazırdır.
Əlavə olaraq qeyd edək ki, 2022-ci il 4 aprel tarixli 3199 nömrəli “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Sərəncamın 4.10-cu yarımbəndində də çağrı mərkəzlərinin işinin təkmilləşdirilməsi nəzərdə tutulur.