“Pensiya islahatlarının genişləndirilməsi və pensiya maliyyə təminatının dayanıqlığının gücləndirilməsi sosial siyasətin əsas hədəflərindədir”.
Busaat.az Bakıvaxtı.az-a istinadla xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, son illər əmək pensiyaların ödənilməsinə fond vasitəsi ilə ayrılan vəsaitlərin həcminin dinamik artımı sosial sahədə dayanıqlı və inkluziv təminat sisteminin möhkəmləndiyindən xəbər verir:
“Əmək pensiyaları üçün ödənişlər 2021-ci ildə 4 milyard 880 milyon manat idisə, 2022-ci ildə 4 milyard 951 milyon manat, 2023-cü ildə 6 milyard 77 milyon manat, 2024-cü ildə 6 milyard 525 milyon manat və nəhayət, 2025-ci ildə 7 milyard 408 milyon manat proqnozlaşdırılır. Göründüyü kimi, 2021-ci il ilə müqayisədə pensiyaların verilməsinə illik olaraq 2 milyard 528 milyon manat daha çox vəsait ayırılıb”.
Digər məqamın əmək pensiyalarının 2025-ci ildə indeksləşdirilərək artırılması ilə əlaqədar olduğunu deyən deputat vurğulayıb ki, bu məsələ ilə bağlı sosial mediada da bəzi istifadəçilər tərəfindən spekulyativ yanaşmalar var:
“Əvvəlla, bütün növ əmək pensiyaları 2024-cü ildə nominal orta aylıq əmək haqqındakı artım faizinə indeksləşdirilərək artırılır. Yəni, bu il ölkə üzrə orta aylıq əmək haqqı neçə faiz artacaqsa ona uyğun gələn il əmək pensiyalar artırılacaq. Bu, bütün növ əmək pensiyalarını əhatə edəcək- yaşa görə, valdeyinlərini itirməyə görə və əlilliiyə görə əmək pensiyalarını alanlar”.
V.Bayramov nəzərə çatdırıb ki, indeksiya faizini hansısa qurum müəyyənləşdirmir və bu rəsmi statistikaya uyğun olaraq orta aylıq əmək haqqındakı artım faizinə uyğunlaşmadır. Bu birmənalı şəkildə pensiyaçıların sosial təminatının daha da yaxşılaşıdırılmasına yönəlik siyasətdir.
“Nəticədə, indeksləşdirmə imkan verir ki, hər il pensiya məbləğləri orta aylıq əmək haqqı artımına uyğunlaşdırıb artırmaq mümkün olsun. Vahid indeksləşdirmə mexanizminə keçid isə bütün əmək pensiyalarının indeksləşdirilməsinə imkan yaradır”.
Bildirib ki, əmək pensiyaçılarının sayını nəzərə alsaq indeksləşdirmə nəticəsində 1 milyon 100 min vətəndaşımızın gələn ildən pensiya məbləğlərində artım qeydə alınacaq:
“Son 5 ilə nəzərə salsaq nominal orta aylıq əmək haqqındakı artım faizin həmin müddət üzrə orta iflyasiya səviyyəsini üstələyib. Deməli, əmək haqqı artımına bağlılıq vətəndaşlarımızın pensiya məbləğinin daha çox artmasına imkan yaradır. Digər tərəfdən, DSMF-in büdcəsi əsasən məcburi sosial sığorta yığımları hesabına formalaşır. Sosial sığorta yığımları həcmi isə ölkə üzrə ümumi əmək haqqı fondunun məbləğinə bağlı dəyişir. Yəni, bu o deməkdir ki, əmək haqqı fondu nə qədər çox artırsa sosial ayırmalar o qədər artır. Bu həmçinin o deməkdir ki, əmək pensiyalarının indeksləşdirilməsinin orta aylıq əmək haqqındakı artıma indeksləşdirilməsi bir tərəfdən vətəndaşlarımız üçün daha çox pensiya artımı demək olmaqla yanaşı, həmçinin DSMF-in dayanıqlığının qorunub saxlanmasına imkan yaradır. Yəni, fond əmək haqqı fondundakı artımlar hesabına əldə edilən yığımlar hesabına pensiyaları indeksləşdirərək fiskal dayanıqlığını qoruyub saxlayır”.