Qətərin “Əl-Ərəbi” klubu italiyalı yarımmüdafiəçi Marko Verrattinin transferi üçün “PSJ”yə təsirli məbləğ təklif edib.
Busaat.az xəbər verir ki, Nikolo Şira sosial şəbəkələrdə yazıb.
Onun sözlərinə görə, Qətər klubu “PSJ” ilə prinsipial razılığa gəlib və Verrattinin transferi üçün 50 milyon avro ödəməyə hazırdır. Materialda həmçinin qeyd olunur ki, İtaliyalı yarımmüdafiəçi 2026-cı ilə qədər ona çox sərfəli müqavilə təklif edən Qətər klubuna mümkün keçid haqqında düşünür.
Xatırladaq ki, daha əvvəl Səudiyyə Ərəbistanının “Əl-Əhli” və “Əl-Hilal” klublarının Verratti ilə maraqlandığı barədə xəbərlər yayılmışdı. Lakin sonradan məlum oldu ki, onlardan birincisinin rəhbərliyi futbolçunun transferi ilə bağlı “PSJ” ilə danışıqlara getməyib.
Verratti ötən mövsüm Fransa klubunun heyətində bütün turnirlərdə 38 oyuna çıxıb və 1 məhsuldar ötürmə edib. Transfermarkt oyunçunun bazar dəyərini 40 milyon avro olaraq qiymətləndirir.