Sosial şəbəkələrdə 510 kilometr məsafə qət etməsi nəzərdə tutulan elektrikli avtomobillərin soyuq, yağışlı havalarda 200 kilometrə düşməsi barədə görüntülər müzakirə yaradıb. Elektromobillərlə uzaq yola çıxmağın sərfəli olmadığı, sürücülərin problemlər üzləşdiyi bildirilir.
Tanınmış avto bloqer, aparıcı Elgün Xıdırov Pravda.az-a açıqlamasında deyib ki, burada söhbət avtomobilin yağışlı havada sürətinin azalmasından deyil, gediş məsafəsindən gedir:
“Yəni söhbətin yağışla yox, hava temperaturu ilə əlaqəsi var. Elektromobillərin istehsalçı tərəfindən verilən tam dolu batareyalarla yürüş kilometraj məsafəsi var. Məsafə tam dolu batareyaların həcmindən asılı olaraq dəyişir. Əslində bir çox məsələlər var. Necə digər avtomobillərdə yanacaq sərfiyyatı məsələsinə baxırıqsa, elektromobillərdə də enerji sərfiyyatına baxırıq. Enerji sərfiyyatı isə avtomobilin kütləsindən, batareyaların tutum həcmindən, avtomobilin enerji sərfiyyatı avadanlıqlarından asılıdır. Mühərrikin gücü, kondisioner, işıqlar və s. Bir sözlə, enerji ilə işləyən hər şey. Buna görə də məsafənin azalması normal haldır”.
E.Xıdırov bildirib ki, elektromobillərdə enerji sərfiyyatı bir çox amillərə görə dəyişə bilər: “Birincisi, elektromobillərin batareyaları onların izolyasiyası, isidilmə-soyudulma texnologiyaları, şarj arxitekturaları fərqlənə bilir. Elektrikli avtomobillərin çəkiləri müxtəlifdir. Eyni zamanda enerji sərfiyyatı həm də avtomobili qaranlıqda daha çox sürüb-sürməməyimizdən, kondisioneri qoşub-qoşmamağımızdan asılıdır. Aydındır ki, isti havalarda kondisioner və batareyaların soyudulması üçün enerji sərf olunur. Soyuq havada isə batareyaların isidilməsinə enerji sərfiyyatı çox gedir. Evdə kondisioneri çox qoşduqda necə elektrik enerjisi çox yazırsa, bu da eyni prinsipdir. Buna görə də soyuq havalarda fərq etmir. Elektromobillərdə sürət aşağı düşmür, sadəcə, getdiyi məsafə azalır. Bu da normaldır, qeyri-adi bir şey yoxdur. İstənilən halda sürət hamısında aşağı düşür, lakin hansında daha çox, yaxud az düşməsində fərq var”.