Son günlər sosial şəbəkələrdə mənşəyi məlum olmayan kolbasaların satışı ilə bağlı müzakirələr gedir. Qida eksperti Ağa Salamov da öz açıqlamasında bildirib ki, bəzi işbazlar leş ətindən istifadə edərək kolbasa hazırlayırlar.
Bəs kolbasa alarkən aldanmamaq üçün nələrə diqqət etməliyik?
Busaat.az xəbər verir ki, mövzu ilə bağlı Redaktor.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, insanların kolbasanı ayırd etməsi o qədər də asan məsələ deyil.
“Birinci növbədə insanlar, istehlakçılar diqqətlə kolbasların etiket məlumatlarını oxusunlar və orada şübhəli bir məqam görərlərsə, bu zaman maldan şübhələnə bilərlər. Ümumiyyətlə, xaricdən gələn kolbasalar, sosiska məmulatlarında etiket məlumatları Azərbaycan dilində deyilsə, belə məmulatdan imtina etsinlər. Xüsusən Rusiyadan, Ukraynadan və digər ölkələrdən gələn kolbasalarda ehtiyatlı olsunlar. Ən çox təhlükəli kolbasalar onlardır. Çünki onlar uzaq yol gəlmək üçün çoxlu kimyalaşırlar. Baxmayaraq ki, sanki dadları yaxşıdır. Hər halda bütün hallarda yerli mallara üstünlük versinlər, yəni istehlakçı etiket məlumatından qaynaqlana bilər. Üstəlik hansı malın buraxılma tarixində yararlıq müddəti arasındakı məsafə azdırsa, o mala üstünlük versinlər”, – deyə ekspert qeyd etdi.
E.Hüseynov əlavə etdi ki, əgər alıcılar kolbasada problem hiss edərlərsə, mütləq 1003 qaynar telefon xətti ilə Qida Təhlükəsizliyi Agentliyinə məlumat versinlər.