Mövzu ilə bağlı Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu:
“ Əslində Armen Qriqoryanın məlum çıxışı ilə tanışam. Düşünürəm ki, 2023 – cü ildə Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması real görünmür. Hesab edirəm ki, sülh sazişi ən tezi 2024 – cü ilin yaz aylarında reallaşa bilər.
Ermənistanın nə təklif etməsindən və təkliflərdə nələri qeyd etməsindən asılı olmayaraq həmin mətnin 80 faizi dəyişdiriləcəkdir. Çünki Azərbaycan qalib tərəfdir. Dünyanın hərbi savaşlarında hər zaman qalib tərəf diqtə edən tərəf olur. Düşünürəm ki, imzalanacaq sülh müqaviləsinin mətnini Ermənistan yox məhz Azərbaycan tərtib edəcəkdir.
Eyni zamanda bu prosesdə Azərbaycanın müttəfiqləri də iştirak edəcəkdir. İlkin təşəbbüs əslində alqışa layiqdir. Çünki Ermənistan artıq dərk edir ki, Qafqazda sülhsüz yaşamaq qeyri – mümkündür. Amma məğlub tərəf ictimai rəyi öz əlehinə dəyişməmək üçün görünür ki, Azərbaycan tərəfindən xahiş edib. Bu xahiş də ondan ibarətdir ki, ilk təklifləri onlar yazsınlar. Çünki onlar bilirlər ki, əgər sülh müqaviləsini birinci olaraq Azərbaycan tərəfi yazsa o zaman Ermənistandakı revanşistlər və müxalifət hazırkı erməni iqtidarının üzərinə gələ bilər. Belə bir mənzərə yarana bilər ki, Azərbaycan Ermənistanı Kapituliyasiyaya bərabər bir sənədə imza atmağa məcbur edir. Əminliklə vurğulayıram ki, Azərbaycanın peşəkar diplomatları sülh sazişini Azərbaycanın maraqlarına və prinsiplərinə uyğun bir formata salacaqlar. Yekun sülh sazişi 2024 – cü ildə imzalana bilər. İmzalandıqdan da sonra mütləq rus sülhməramlıların bölgədən çıxma məsələsi həllini tapacaqdır. Həmin sülh sazişində mütləq şəkildə “rus sülhməramlıları” – nın missiyasının müddətinin bitməsi də öz əksini tapmalıdır. Eyni zamanda Xankəndi həm də digər ətraf ərazilərin də tam şəkildə bizim nəzarətimizə keçməsi və bölgədəki ermənilərin Azərbaycan vətəndaşlığını almaqları da çox zəruri və mütləqdir.”
Bünyamin Bünyadzadə