Ölkəmizdə sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı vaxtaşırı müzakirələr aparılır. Mənzillərinin sənədsiz olması vətəndaşlar üçün bir çox problemlərə səbəb olur. Azərbaycanda sənədsiz evlərin sənədləşdirilməsi nə zaman reallaşa bilər?
Əmlak məsələləri üzrə ekspert Elnur Azadov bu mövzu ətrafında Referans.az – ın suallarını cavablandırıb. Ekspert bildirib ki, bu mövzu ilə bağlı bu günlərdə o və bu məsələlərə məsul olan müvafiq dövlət qurumunun rəsmiləri ilə efir vasitəsilə bir müzakirə də baş tutub. Həmin müzakirədə də bu məsələ ilə bağlı bir çox məqamlardan danışılıb.
Elnur Azadov onu da diqqətə çatdırdı ki, 2015-ci ildə Azərbaycan Prezidentinin tapşırığı ilə Daşınmaz Əmlakın dövlət Reyestri ilə əlaqədar bir siyahı mövcuddur. Bu proses çox mürəkkəb bir prosesdir. Çünki qanunsuz tikililərin sənədləşdirilməsi ilə bağlı ilk növbədə hüquqi normativ baza formalaşdırılmalıdır.
Ekspert həmçinin onu da bildirib ki, burada ilk növbədə 2015-ci ildə Prezidentin fərmanı ilə müəyyənləşdirilmiş siyahıya baxılacaq. Daha sonra isə digər sənədsiz evlərin məsələləri müzakirə olunacaq. Bir neçə il əvvəl Əmlak Məsələləri üzrə dövlət komitəsi ilə Ədliyyə Nazirliyinin birlikdə platforması da yaradıldı. Lakin hələlik bu istiqamətdə ciddi bir irəliləyiş yoxdur.
“Bundan başqa Azərbaycanda hələ də bələdiyyə torpaqlarının arasında olan sərhədlər tam şəkildə müəyyənləşdirilməyib. Bələdiyyələrlə bağlı torpaqların statusu müəyyənləşdirilməsi istiqamətində də hələ görüləsi işlər var. Buna görə də əvvəlcə bu məsələlər öz həllini tapmalıdır. Daha sonra isə bütün sənədsiz evlərin sənədləşdirilməsi prosesi mərhələli şəkildə həyata keçiriləcək”, – deyə ekspert qeyd edib.