İranda yaşanan bu struktur dəyişikliyini tam anlamaq üçün əvvəlcə bu ölkənin idarəetmə mexanizminə hakim olmaq lazımdır.
Bildiyimiz kimi, 31 ostandan ibarət İran İslam dövlətidir, ancaq həm də Respublikadır. Bu ölkənin adında öz əksini ideal şəkildə tapıb – İran İslam Respublikası.
Ölkə bütün respublikalar kimi qanunverici, icraedici və məhkəmə olmaqla üç sahəyə ayrılır. Bu üç sahədən heç biri digərinə tabe deyil, hər üç dövlət hakimiyyəti müstəqildir. İlk baxışda hər şey liberal dəyərlər konteksində görünsə də, arada bir ciddi fərq var: düzdür, qanunverici, icraedici və məhkəmə orqanları biri digərinə tabe deyil, ancaq əvəzində hər üçü İranın ali dini lideri qarşısında cavabdehdir. Bu isə, müasir dövlətçilik ənənələrinə zidd, anti-demokrat rejim deməkdir. Çünki müasir dövlətçiliyin işləmə mexanizması qanunverici, icraedici və məhkəmə orqanlarının müstəqil icrasını tələb etdiyi halda, İranda bu orqanlar bir şəxsə – ali dini liderə tabe edilib. Yəni burada bir şəxsin hakimiyyəti – diktatura rejimi mövcuddur.
Üstəgəl, İranın məhkəmə sistemi də müasir dövlətçilik tərzində şəkilləndirilsə də, bu sahədə də əhəmiyyətli fərq var. İranda məhkəmə sisteminin əsasını, müasir hüquqdan ziyadə İslami dəyərlər təşkil edir. Bu ölkədə həm də edam cəzası bu gün də mövcuddur.
Bütün bunlar məsələnin hüquq müstəvisində öz təsdiqini tapmış tərəfləridir. Ancaq deyə bilirik ki, İranda hüquqi sənədlərdə öz əksini tapmayan intriqalar da mövcuddur. Bu ölkədə qarışıq dövlət idarəetmə sistemi imkan verib ki, diktatora bərabər güc qrupları formalaşsın və onlar bu və ya digər dərəcədə dövlətin idarəetməsində təsirli olsunlar. Məsələn, heç kimə sirr deyil ki, de-yure dövlətin idarəçisi olan Prezidentlərlə İranın de-fakto idarəedicisi ali dini liderlər arasında həmişə güc çəkişməsi olub, indi də var. Hətta deyərdim ki, İbrahim Rəisi məhz öz gücünü isteifadə edərək, prezident qoltuğunu ali dini liderdən qoparıb.
Strukturlar arasında bu kimi qarşıdurmalar az deyilmiş kimi, İranda bir də ideoloji qarşıdurmalar var. Düzdür bu ölkədə İslam dövləti ideologiyası əsas gücə sahibdir, demokratiya və ya digər ideoloji cərəyanların tərəfdarları siyasi cəəhətdən heç bir şəkildə güc əldə etməyiblər. Yaxud da əldə etdikləri güc təhlildə yer almayacaq qədər zəifdir.
Ancaq İranda ideoloji qarşıdurmalar da dünyada nadirdir. Belə ki, ölkədəki ideoloji qarşıdurma əslində eyni ideologiyanın mənsubları arasında baş verir. Radikal mühafizəkar islamistlər və islahatçı islamistlər olaraq ayıracağımız bu qruplar həm ali dini liderin, həm prezidentin, həm də digər strukturların ətrafında var.
İndi özünüz təsəvvür edin ki, İran necə qarışıq bir siyasi idarəetmə mexanizmi olan ölkədir…
Tam səmimi deyirəm, belə bir xaotik vəziyyətdə İran dövlətinin varlığını qoruması möcüzədir…
Amma görünür hər möcüzənin bitdiyi kimi, İranda da möcüzələr bitmək və öz yerini reallıqlara vermək üzrədir. İranda 3 aya yaxındır davam edən etirazlar bunun bariz nümunəsidir.
Etirazlardan bu yana heç bir şəkildə güzəştə getmək istəməyən İran, bir neçə gün əvvəl Rusiyadan dəstək istədi, dünən isə, etirazların əsas səbəbkarını – “Əxlaq polisi”ni ləğv etmək haqqında qərar qəbul etdi. Hətta indi qadınların hicab bağlaması ilə bağlı məcburiyyəti ləğv edib-etməmək barəsində də müzakirələrə start verilib ki, bu müzakirələrin qarşıdakı iki həftə ərzində bitəcəyi və yekun qərarın veriləcəyi qeyd edilib.
Əlbəttə bu kimi qərarlar deməyə əsas verir ki, İran artıq etirazları ciddiyə almağa başlayıb və etirazların səngiməsi üçün real addımlar atmağa məcbur qalıb. Bununla İran xalq hərəkatının tamamilə dayanacağını düşünmür, sadəcə miqyası azaltmağı və nəzarət edilməsi mümkün səviyyəyə gətirməyi hədəfləyir.
Çünki İranda bundan əvvəl də onlarla xalq hərəkatı olub. Qısacası, İran özü xalq hərəkatlarını yatırmaqda Rusiyadan daha təcrübəlidir. Əslində onun Moskvanın təcrübəsinə ehtiyacı olmamalı idi. Ehtiyac isə, miqyasın böyüklüyündən, qadınların əsas tərəfə çevrilməsindən sonra yarandı və İran tərəfi hesablayır ki, bu etiraz əvvəlkilər kimi nəzarətdə saxlanılması mümkün olmayan hərakata çevrilə bilər…
Məhz bu səbəbdən ilk güzəşt “Əxlaq polisi”nin ləğv edilməsi seçildi. İkinci güzəşt edilməsi hədəflənən və hazırda müzakirə edilən məsələyə baxdıqda hər şey bütün çılpaqlığı ilə ortaya çıxır: Qadınlara hicab bağlamaq məcburiyyətinin qaldırılması…
Birincisi, bu iki addım ona hesablanıb ki, mollakratiya “qadınların könlünü fəth etsin”,
İkincisi, problemin əsas səbəbləri “aradan qaldırılmış kimi görsədilsin” və bunun üzərindən propaqanda aparılsın.
Açığı, çox incə plandır. Düşünə bilmədiyimiz qədər məharətlə hazırlanıb…
Ancaq İranın daxilindəki situasiyaları da nəzərə almaq lazımdır. Strukturlar arasındakı qarşıdurmalar, ən önəmlisi rejimin daxilindəki radikal mühafizəkarlar bu kimi addımların effektivliyini azaldacaq.
“Əxlaq polisi” kimin sayəsində ləğv edilib?
Əlbəttə ki, islahatçı islamistlərin. Onlar hesablaya bilir ki, radikal rejimin davam etməsi xaotik sonluq deməkdir. İslahatçılar öz xalqına güzəştə getməyi nə ayıb bilir, nə də əksiklik. Dövləti yox olmaqdan qurtarmağın yeganə yolunun bu olduğunu bilirlər və onların sayəsində “Əxlaq polisi” ləğv edildi, sıradakı məsələ qadınlara müəyyən hüquqların verilməsidir. Hicabdan başlayıblar…
Ancaq ki, radikallar bu kimi təkliflərlə tam yox, müəyyən dərəcədə razılaşacaqlar. Bilirsiniz, onların “qırmızı çizgiləri” var və onlar həmin çizgiləri keçməyəcək, sonu ölüm və dağılma olsa da, icazə verməyəcəklər ki, kimsə bu çizgiləri keçsin.
Beləcə, ilk başda effekt göstərəcək olan islahatlar, müəyyən bir yerdə qırılacaq, davam etdirilməyəcək və xalq bu dəfə daha sərt etiraza həvəs edəcək. Çünki islahat vəd edilən, bu vədlərlə səngiyən etirazlar və etirazçılar onlara verilmiş vədin tutulmadığını gördükdə, düşünəcəkləri ilk şey aldadıldıqları olacaqdır.
Aldadılmış və aldadıldığının fərqində olan kütlədən daha qorxunc tək silah var – nüvə!
Niyə silah? Ona da izah vermək labüddür.
İranda xalq, bu ssenarilər sonunda ona görə silah olacaq ki, rejimin 43 ildir yaratdığı “kafir Qərb” (ABŞ da bura daxildir) obrazı artıq öz əhəmiyyətini itirəcək. Aldadılmış kütlə üçün heç nə maraqlı deyil. Onun ilk hədəfi qisas almaqdır. Bununla da, 43 ildir İranda xalqı öz tərəfinə çəkmək istəyən ABŞ-İsrail-İngiltərə üçün ideal zəmin yaranacaq. Təbii Azərbaycan və Türkiyə də aktiv rol alacağı təqdirdə faydalı olacaqdır.
İranda etirazları bitirmək üçün isə, sadəcə bir yol – “mümkünsüz yol” var. O yol ondan ibarətdir ki, radikallar öz istəkləri ilə dövlətin idarəsindən çəkiləcək və bütün rejimi islahatçılara verəcəklər. Sadəcə ağlı başında islahatçı biri problemləri aradan qaldıra, ən pis ehtimalda azalda bilər.
Ancaq radikallığın necə bir bəla olduğunu bilənlər, biz yazmadan da anladılar ki, onların (radikallar islamistlərin) öz ideallarından əl çəkməkləri necə müşkül məsələdir…
Busaat.az/Həşim Səhrablı