Son illər gənc yaşda insanlar arasında, xüsusilə kişilərdə ürəktutmasınan ölüm hallarının artması narahatlıq yaradır.
Həkimlər bu cür qəfil ölümlərdən qoruna bilmək üçün illik müayinələri məsləhət görür.
Busaat.az xəbər verir ki, Elmi Tədqiqat Kardiologiya İnstitutunun böyük elmi işçisi, tibb elmləri namizədi, kardioloq Rafiq Yusifli bildirib ki, bu cür ölümlərin səbəbləri ilə bağlı statistika ictimailəşdirilməlidir:
“Artıq ürəktutmalar “gəncləşib”. Əvvəllər 40-50 yaşdan sonra ürək problemləri olurdusa, artıq 18-20 yaşlı cavanlarda da buna rast gəlinir. Ona görə də tez-tez müayinələrdən keçmək lazımdır.
Bu gün gəncləri əsgərliyə göndəririk, amma ətraflı ürək müayinəsindən keçmirlər. Onlarda elə bir problem ola bilər ki, heç gözlənilməyən, sağlam olduğu düşünülən anda qəflətən ürəktutmadan həyatlarını itirə bilərlər. Əgər onları ətraflı müayinə etmiriksə, bu, biz həkimlərin səhvidir. Bu mənim üçün də çox ağrılı mövzudur.
“Bizim təbliğatımız güclü olmalıdır, gənclər sağlam həyat tərzi keçirməli, vaxtlı vaxtında müayinələrdən keçməlidirlər”.
Onun sözlərinə görə, cəmiyyət sağlamlıq barədə mətbuatda davamlı olaraq maarifləndirilməlidir:
“Bizim yanımıza elə gənc gəlir ki, baxsan sağlam görünür, lakin xüsusi aparatlarla yoxlayanda məlum olur ki, sən demə, onda anadangəlmə ciddi ürək qüsuru varmış. Belə şəxslər xüsusi klinikalarda geniş müayinələrdən keçməlidirlər. Hazırda respublikada toxumaların oksigenlə necə təmin etdiyi belə yoxlayan cihazlar var, tibb inkişaf edib, imkanlarımız çoxdur.
Bundan əlavə, düşünürəm ki, bu cür qəfləti gənc ölümləri olduqda həmin meyitlət yarılmalı, araşdırmalar aparılmalıdır.
Bizdə səhiyyə maarifləndirməsi çox zəifdir. Hər gün mətbuatda yüzlərlə mövzudan, şəxsi həyatdan yazılır, amma sağlamlıq bölmələri boş qalır. Sağlamlığa aid jurnallar çıxmalı, savadlı həkimlərin fikirləri öyrənilməlidir. Televiziyalara həkimlər çıxır, ancaq özünü reklam edir, telekanallar həkim reklamına çevrilib. Həkimlərin reklamındansa, insanlar üçün faydalı, maarifləndirici bir sağlamlıq mövzusu işlənsə daha yaxşı olar”.Yenisabah.AZ