Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyi Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev və onunla birgə azadlıqdan məhrum edilmiş istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov, istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun barələrində olan hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Busaat.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə baş tutan prosesdə Vüsal Ələkbərov çıxış edib.
O bildirib ki, “Texnikabank”ın sədri Etibar Əliyevdən, onun qohumlarından özü və birlikdə ittiham olunan digər təqsirləndirilən şəxslər hədə-qorxu ilə pul almayıblar.
Etibar Əliyevin barəsində istintaq apardığını bildirən Vüsal Ələkbərovun sözlərinə görə, həmin ittiham üzrə Etibar Əliyev məhkəməyə verilib, barəsində çıxarılan hökm bu gün də qüvvəsindədir:
“Etibar Əliyev mənə şər atır. Mənə qarşı qərəzlidir. Başqa nəyə görə ola bilər ki?”.
Vüsal Ələkbərov Bakı Hərbi Məhkəməsində işə baxarkən Azərbaycan Respublikasının qanunlarına riayət olunmadığını deyib:
“Sübutlar yoxlanılarkən mənbəyi araşdırılmayıb, mötəbərliyi qiymətləndirilməyib. Bakı Hərbi Məhkəməsində qərəzli ifadələr sübut kimi götürülüb və hökm çıxarılıb”.
Vüsal Ələkbərov iş üzrə zərərçəkənlər Rauf Kərimov və Cavidan Hacıyevin epizodu üzrə də sübut olmadığını bildirib.
O, deyib ki, bu epizodlar üzrə şahid, mötəbər, təkzibolunmaz sübut yoxdur:
“Etibar Əliyev Baş Prokurorluqdakı tanışları hesabına, pulu hesabına bizə ittiham verdirdi. Hansı ki, bizə ittiham verilən əmlakı satmaqla kreditlərini ödəyib. Yer kürəsi yumrudur, fırlanır. Müəyyən məsələlər var ki, vaxtı çatanda onları da deyəcəyəm. Burada Akif Qurbanov yoxdur. O dedi ki, mən ona qarşı hörmətsizlik etmişəm. Heç kim deyə bilməz ki, mən onu söymüşəm. Bizim leksikonumuzda elə şey yoxdur. Heç köpəyoğlu sözü dilimiz də olmayıb. Mən Mövlam Şıxəliyevi özümə rəis seçməmişdim. Onu rəis təyin ediblər. Mən Mövlam Şıxəliyevə xidmət etmirdim, Mən Azərbaycan Respublikasına xidmət etmişəm. Akif Qurbanovla mənim telefon kəsişməm olmayıb. 1 dəfə danışmışam, o da oğlunun telefonu ilə. Demişəm ki, a kişi, qayıt gəl, səninlə heç kimin işi yoxdur. Yalandan deyir açın baxın, nə qədər telefon danışığa var”.
Zərərçəkən Müsənnif Salahovun epizodu üzrə danışan Vüsal Ələkbərov deyib ki, onunla da telefon danışığı olmayıb:
“Deyir ki, guya mən dəfələrlə onunla əlaqə saxlamışam, pul istəmişəm. Cinayət işi materiallarında da var. Mənim onunla heç bir telefon danışığım yoxdur. Onunla bağlı işi başqa müstəntiqlər aparıblar. Onun mənə aidiyyatı yoxdur. İfadə verir ki, guya müstəntiq onu idarə rəisinin müavinin yanına aparıb. Guya pulu orda almışam. Yaxşı, mən pul alırdımsa, niyə idarə rəisinin müavinin yanında alırdım, elə özüm alardım. Bu epizod üzrə nə həmən müstəntiq, nə də idarə rəisinin müavini heç dindirilmədilər. Müsənnif Salahov Etibar Əliyevə “atmaq” üçün belə bir ifadə verib. Etibar Əliyev həbsdə çıxandan sonra yəqin ki, “otçot-uçot” aparıb, o da yəqin deyib ki, bu qədər də xərcim, bu məsələyə çıxıb. Ondan heç kim, heç nə almayıb. Biri gəlib deyir ki, qoyunlarımı satdım, gətirib 600 min verdim. Sənin işini kim aparıb, get onunla dava elə, mənimlə niyə dava aparırsan? Guya Təhsin Ağayev xəstədir?
Xəstədirsə, Allah köməyi olsun. Onun xəstəlik kağızları işə tikilənə qədər Müsənnif Salahov Təhsin Ağayevin adını çəkir. Xəstəlik kağızları işə tikiləndən 3 gün sonra isə onu təkrar dindirirlər, deyir ki, Vüsal Ələkbərov da orada idi. Müsənnif Həsənovu dindirən müstəntiqin məhkəmədə dindirilməsini istədim. Lakin o, məhkəmə sədrinin tələbə yoldaşı olduğundan dindirmədilər”.
Vüsal Ələkbərov həbs olunmasını peşə fəaliyyəti ilə əlaqələndirib.
Bildirib ki, xarici xüsusi xidmət orqanlarının səyi nəticəsində həbsə alınıb:
“Azərbaycanın Avropa Şurasına qəbul olunmasında şəxsən özümün böyük xidmətlərim olub. ABŞ-ın Tanzaniyadakı səfirliyinin partladılmasına rəhbərlik etmiş şəsin həbsində də şəxsən iştirak etmişəm”.
Vüsal Ələkbərov məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edib.
Daha sonra çıxış edən Sahib Ələkbərov deyib ki, zərərçəkən Qulam Bağırovla ilk telefon danışığı 2009-cu ilin noyabrında olub, amma barəsinki hökmdə isə həmin ilin oktyabrında danışdıqlarının qeyd olunduğunu bildirib. O, iş üzrə istintaqı aparan müstəntiq Əli Babayevi obyektiv, hərtərəfli istintaq aparmamaqda ittiham edib:
“Dəfələrlə xahiş etdim ki, Qulam Bağırov və digəriləri barəsində olan iş məhkəməyə gətirilərək baxış keçirilsin. Bilirəm ki, mən heç vaxt qanunsuzluq etməmişəm, heç vaxt, heç kimin haqqına girməmişəm. Lakin işi gətirmədilər. Məqsəd ondan ibarət olub ki, nəyin bahasına olursa olsun, məni cinayət məsuliyyətinə alsınlar. Ona görə də həmin cinayət işinin materiallarına baxış keçirilməyib”.
Sahib Ələkbərovun sözlərinə görə, Qulam Bağırov saxta olduğunu bilə-bilə travel çekləri “Azəriqazbank”a təqdim etdiyi üçün istintaqa cəlb olunub:
“Həmin işin araşdırılmasını Baş Prokurorluq Daxili İşlər Nazirliyinə həvalə etmişdi. Daxili İşlər Nazirliyi də işi Səbail rayon Polis İdarəsinə göndərimişdi. Orada istintaq aparılmışdı, lakin əsassız olaraq cinayət təqibinə xitam verilmişdi. Bu mənə əməliyyat tapşırığına verilən cavabda öz əksini tapıb. Bundan sonra vəsatətlə Baş Prokurorluğa müaciət edərək həmin cinayət işinin materiallarını Səbail rayon Polis İdarəsindən götürülməsi, öyrənilməsi üçün MTN-in İstintaq Baş İdarəsinə göndərilməsi üçün məsələ qaldırdım. Vəsatətim təmin olundu. Həmin cinayət işinə baxış keçirdim. Başqa bir cinayət işi ilə birləşdirdim. Ayın 2-də Qulam Bağırovu çağıraraq dindirmişəm”.
Sahib Ələkbərov deyib ki, bundan sonra Qulam Bağırovun ölkədən çıxışına qadağa qoyub:
“Sonradan isə həbsə alındı. Lakin Qulam Bağırov xəstə olduğundan həbsə alındıqdan az sonra istintaq dövründə azadlığa buraxıldı. Bu da ondan xəbər verir ki, Sahib Ələkbərov sənədləri saxtalaşdırmaqla Qulam Bağırovun azad olunmasına nail olmayıb. İttihama görə mənə rüşvəti Qulam Bağırovun qardaşı Sərdar Bağırov verib. Əgər rüşvəti mənə Sərdar Bağırov vermişdisə, onda iş üzrə zərərçəkən Qulam Bağırov yox, Sərdar Bağırov tanınmalı idi. Qulam Bağırov təqsirləndirilən şəxs olub, barəsində məhkəmənin hökmü ilə 8 il azadlıqdan məhrumetmə cəzası çıxarılıb. 1 il 6 ay şərti cəza təyin olumaqla məhkum olunub. Bu günə qədər də hökm qüvvədədir”.
Zərərçəkən şəxs Ceyhun Seyidovun epizodundan danışan Sahib Ələkbərov deyib ki, bu epizod Rəhman Musayevin cinayət işinin ayrılmaz tərkib hissəsidir:
“Rəhman Musayev beynəlxalq transmilli cinayətkar şəbəkənin başçısı olub. Onlar internet üzərindən ABŞ, Avropa, Çin, Koreya, Yaponiya vətəndaşlarının bank kartlarından pullarını oğurlayıb onlayn ticarətlə məşğul olmuşdu. İstintaq zamanı dəstə üzvü Emin Zəkiyev göstərmişdi ki, onlayn yola kart sahiblərindən taladıqları pulları Bakıda fəaliyyət göstərən mobil texnologiyalar şirkətinin hesabına köçürüblər. Oradan mobil telefonlar əldə edərək Azadlıq prospektində “Əlincə line” mağazalar şəbəkəsində satmaqla nağdlşdırıblar. Həmin mağazalar şəbəkəsi Azad Seyidova məxsus idi. O zaman polis axtarışın aparıldığı mağazalar şəbəkəsinin yerləşdiyi ərazini mühasirəyə almaqla axtarışa mane olmağa çalışmışdılar. İsitntaq qrupunun üzvü Rövşən Hüseynov zəng edib bu haqda məlumat verəndən sonra bunun qarşısı alındı. Polis müdaxiləni belə əsaslandırırdı ki, MTN niyə gəlib mağazalardan telefonları yığır. Azad Seyidov axtarışdan hansısa yollarla xəbər tutub ABŞ-a qaçmışdı. Bir daha Azərbaycana qayıtmayıb. Bu gün də Ceyhun və Azad Seyidov qardaşları ABŞ-da yaşayırlar. Onlar Rəhman Musayevin rəhbərlik etdiy mütəşəkkil cinayətkar dəstənin üzvləridir. İndi də xarici ölkə vətəndaşlarının bank kartlarından pul oğurlamaqla məşğuldurlar. Məhz bu səbəbdən Azərbaycana qayıtmırlar. Mən kiməm ki, Azad Seyidovun Azərbaycana qayıtmağına maneçilik törədim?
Mobil texnologiyalar şirkətinin 4 vəzifəli şəxsini şübhəli şəxs qismində 2012-ci ilin iyununda tutdum. Bunun üçün Rüstəm Usubova məruzə elədim. Qayda belə idi. İş bitdi, tutdum, istintaq təcridxanasına təhvil verdim. Səhər mənə zəng gəldi. Dedilər ki, baş prokuror Zakir Qaralov, Elmar Camalov, Rüstəm Usubov, Eldar Mahmudov öz kabinetlərindədirlər. 2012-ci il iyunun 6-sı idi. Dedilər ki, dünən tutduğun adamları şübhə təsdiq edilmədiyinə görə təcili olaraq həbsdən azad elə. Həmin 4 adamı azad etmək üçün qərar qəbul edib hörmətli Mövlam Şıxəliyevin imzası ilə istintaq təcridxanasına, bir nüsxəsini isə Baş Prokurorluğa Elmar Camalova aparmışam. O da sual etdi ki, bilirsənmi ki, o şirkət kimindir? Mən də dedim ki, vicdanıma and olsun ki, bilmirəm. Deyəndən sonra mən sanki qəflət yuxusundan ayıldım. Elmar Camalov dedi ki, baş prokuror Zakir Qaralov tərəfindən tapşırılıb ki, bu şirkət barədə araşdırmanı dayandır. Mən də bundan sonra o şirkət barədə hər hansı bir araşdırma aparmadım. Qərarlarımın surətini də 1-ci instansiya məhkəməsinə təqdim eləmişəm. Elmar Camalov mənə tapşırdı ki, Zakir Qaralovun icazəsi olmadan hər hansı bir bankda istntaq aparmaq olmaz. Bu epizod üzrə də cinayət işinə xitam qərarı verilməsini xahiş edirəm”.
Sahib Ələkbərov deyib ki, əgər onun əməlində cinayət tərkibi varsa, eyni epizod üzrə digər vəzifəli şəxslərə də ittiham elan olunmalı idi:
“Mənim əməlimdə cinayət varsa, Mövlam Şıxəliyevə də, Rüstəm Usubova da ittiham verilməli idi. Yoxdursa, nə mənə qarşı, nə də onlara qarşı ittiham verilməməli idi. Kim bunlara ixtiyar verib ki, qanuna ikili yanaşsınlar? Birinə desinlər ki, sən cinayət eləmisən, digərilərinə isə sən yaxşı oğlansan, get vəzifə pillələrində yüksəl? MTN ləğv olunanda baş prokuror Zakir Qaralov elan etdi ki, kim MTN-dən şikayətçidir, müraciət etsin. O zaman haqqı olan da, olmayan da müraciət etdi. Haqqı olmayanlardan biri də Rəhman Musayev və onun anası idi. Anası rəhmətə gedib. Rəhman Musayev də deyir ki, pulu vəkilim vasitəsi ilə vermişəm. Vəkilin adını da çəkə bilmir”.
Sahib Ələkbərov həbsini Rüstəm Usubovun ona qarşı qərəzli münasibəti ilə izah edib:
“Özümdə də var, saytlarda da mənim Rüstəm Usubovu dindirmə protokolunu da dərc edib. Sizə də təqdim edəcəyəm. Oradan görünür ki, cinayətkar kimdir, mütəşəkkil cinayətkar quldur dəstəsinin rəhbəri kimdir. Adama məlumat verirlər ki, cinayəti törədən 3 çeçendir. 3-cü mikrorayonda yaşayırlar, 1-ci mərtəbədə sağ qapıdır. Hərəsində də iki tapança var. Rüstəm Usubov həmin an ünvana gedib orada olanları tutub gətirməli idi. Mən onu dindirəndə hədələyib ki, gün gələcək, səni içəri qoyub dindirəcəyəm. Məni 4-5 il ərzində cəhd etdi ki, həbs etsin, lakin sübutlar toplayıb həbs edə bilmədi. Qərəz bax buradadır. Eldar Əhmədov (Baş Prokurorluğun Ağır Cinayətlər dair İşlər üzrə İstintaq İdarəsinin rəisi olub – red.) Hacı Məmmədovu çağıraraq dindirib, dindirməni yarımçıq saxlayıb. Hacı Məmmədov da gedərək Zamirə Hacıyevanı oğurlayıb. Hansı hüquqla bu adam mənim barəmdə istintaqa rəhbərlik edib? Rüstəm Usubov Cinayət Prosessual Məcəlləsinə istinadən öz-özünə etiraz verməli idi. Çünki mən onu dindirmişdim. Mənim işim üzrə istintaqa rəhbərlik edə bilməzdi. Öz şəxsi maraqları naminə ciddi qanun pozuntularına yol verib. Rüstəm Usubov özü-özünə etiraz etməli idi. Eldar Əhmədov da həmçinin. O cümlədən də onların rəhbərlik etdikləri istintaq qrupu üzvlərinin heç birinin mənə qarşı istintaq aparmağa mənəvi haqqı yox idi. Mən onların hamısından safam, təmizəm. Ondan sonra Hacı Məmmədovun dəstəsindən 1 generalın, bir nəfər də polkovnikin cinayət işinin istintaqını aparmışam. Özü də istintaq təcridxanasından 35 səhifəlik etirafnamə mənə göndərib. Adamın başına torba keçirib Vladivastokda tutub Azərbaycana gətiriblər. Onların hayıfını alırlar məndən. Rəna Nəsibovanın qətli epizodu üzrə üstünü basdırıb, işi arxivə atmışdılar. Mən kriminalistik addımlar atmaqla o cinayətin üstünü açmışam. Bax onda səhlənkarlıq etmişəm. Amma başqa hər hansı bir cinayət törətməmişəm”.
Sahib Ələkbərov çıxışının sonunda barəsində ədalətli qərar verilməsini xahiş edib.
Qeyd edək ki, hazırda beynəlxalq axtarışda olan Akif Mustafayev də iş üzrə maraqlı şəxs qismində çıxış edir. Onu iclasda nümayəndəsi Cavanşir Hüseynov təmsil edir.
“Akula Akif” ləqəbli, adı mətbuatda Eldar Mahmudovun yaxın adamı kimi tanınan Akif Mustafayev Mövlam Şıxəliyevin və digərilərinin işinə aidiyyəti məsələsi açıqlanmayıb. Zərərçəkənlər bu məsələni qaldırsalar da, hakim hazırlıq iclasında bu məsələyə baxılmadığını bildirib.
Təqsirləndirilən şəxslər onlara verilmiş cəzadan narazı qalıblar və barələrində bəraət hökmünün çıxarılmasını istəyirlər.
Zərərçəkmişlər də hökmdən narazı qaldıqlarını qeyd ediblər və təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılmasını tələb edirlər.
Bir neçə zərərçəkmişin qaldırdığı mülki iddia təmin olunmayıb. Onlar mülki iddianın təmin olunması barədə apellyasiya şikayəti veriblər.
Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Mövlam Şıxəliyev 12 il müddətinə azadlıqdan məhrum edilib.
Onunla birlikdə mühakimə olunan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Baş İstintaq İdarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov 10 il 6 ay, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov 12 il 6 ay və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərov 8 il müddətinə azadlıqdan məhrum edilib.
Zamində olan Yasin Məmmədov, Sahib Ələkbərov və Vüsal Ələkbərovun barəsində həbs-qətimkan tədbiri seçilib. Onlar məhkəmə zalından həbs edilib.
Mövlam Şıxəliyevin general-mayor rütbəsindən məhrum edilməsi ilə əlaqədar Prezidentə təqdimat göndərilməsi barədə qərar çıxarılıb.
Həmçinin Mövlam Şıxəliyevin və ailə üzvlərinə məxsus bir sıra əmlakların müsadirə olunması barədə qərar çıxarılıb.
Bundan başqa, Vüsal Ələkbərov, Sahib Ələkbərov və Yasin Məmmədov polkovnik-leytenat rütbələri əlindən alınıb.
Mövlam Şıxəliyev, Vüsal Ələkbərov, Sahib Ələkbərov və Yasin Məmmədova verilmiş orden və medallardan məhrum olunublar.
İttihama görə, Mövlam Şıxəliyev İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində iş adalarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb ediblər.
İstintaqla Mövlam Şıxəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.
Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib.
Dəstə üzvlərinin qanunsuz əməllərindən iş adamları Qurbanov Mehrac Qurban oğlu, Cəfərov Etibar Vahid oğlu, Qurbanov Akif Teymur oğlu, Abdullayev Orxan Elman oğlu, Hacıyev Cavidan Mustafa oğlu, Musayeva Railə Rafkat qızı, Əliyev Kəramət Etibar oğlu, Əliyev Zaur Ağahüseyn oğlu, İsmayılov Afət Davud oğlu, Rəşidov Azad Niyazi oğlu, Səfərov Hüseyn Nəriman oğlu, Salahov Müsənnif Hilal oğlu, Seyidov Ceyhun Mahmud oğlu, Mirzəyev Əhməd Məhəmməd oğlu, İsmayılov Sərdar Əhməd oğlu, Əliyev Elvar Layıq oğlu, Nəcəfov Seyran Burhan oğlu, Kərimov Rauf Faiq oğlu, Bağırov Qulam Davud oğlu, Baloğlanov Qüdrət Baloğlan oğlu, Zeynalov İbrahim Məhəmməd oğlu, Həsənov Rauf Qasım oğlu, Əliyev Ələddin Hüseyn oğlu, Heydərov Anar Sadıx oğlu, Sultanov Bahəddin Abdulla oğlu, Mədətov Elşən İsmayıl oğlu, Ağamalıyev Ağasalam Mövlud oğlu, Rzayev Namil Heydər oğlu, Əliyev Etibar Mahmud oğlu, Kazımov Nizami Firudin oğlu, Həsənəliyev Əfsəl Xanlar oğlu və Bayramova Esmira Məcid qızı zərər çəkiblər.
Demokrat.az