“Heydər Əliyevi dinləmək böyük fəxr idi” – Dünyanın ən yaxşı məşqçisi

image-1backend

“Şöhrət” ordeni ilə təltif edilmiş, Prezidentin fəxri diplomunu almış idman ustası, Əməkdar məşqçi, “Tərəqqi” medallı, “Dünyanın ən yaxşı məşqçisi”, “Sərhədçi” İdman Olimpiya Mərkəzinin rəis müavini, Dövlət Sərhəd Xidmətinin polkovniki Firdovsi Umudov Teleqraf.com-un “Sözünü de” layihəsində qonaq olub. Busaat.az  müsahibəni təqdim edir:

– Firdovsi müəllim, yuxarıda qeyd etdiyimiz kimi titullarınız çoxdur. Bu mərhələyə çatmaq çox çətin oldumu?

– Bu mərhələyə çatmağın, nailiyyətlər əldə etməyin arxasında əziyyət, zəhmət, çalışqanlıq, öz üzərində dayanmadan işləmək kimi keyfiyyətlər durur. Sözsüz ki, hər bir insan uğur, nailiyyət qazanmaq istəyir.

1990-cı ilin əvvələrində Qazaxda güləş idman növü ilə məşğul olmağa başladım. Əməkdar məşqçilər Ramiz Tağıyev və Sahib Namazovun rəhbərliyi altında Qazax rayon Uşaq-Gənclər İdman Məktəbində Məmmədəli Qazaxlı adına güləş zalında idmanda ilk addımlarımı atdım. Ailəmiz idmanla məşğul olmağımı istəmirdi, çünki təhsilə, elmə üstünlük verməyimi istəyirdilər. Valideynlərim elə düşünürdülər ki, idmanla məşğul olmaq dərslərimə mane olacaq.

Uşaqlıq illərindən hüquqşünas olmaq və bu sahədə çalışmağı qarşıma məqsəd qoymuşdum. Paralel şəkildə idman sahəsi ilə məşğul olmağı düşünürdüm. Gənclik illərimdən cinayətkarlıqla mübarizə aparmaq, idmançı olmaq arzum vardı. Öz üzərimdə işlədim və 1990-1991-ci ildə yarışlarda rayon birinciliyində, ümumittifaq turnirində iştirak elədim. İndiki Şirvan (keçmiş Əli Bayramlı) şəhərində Milli qəhrəman Nofəl Quliyevin xatirəsinı həsr olunmuş beynəlxalq turnirdə qızıl medal qazandım.

– Siz idman sahəsində nailiyyətlər əldə etdikdən sonra valideynləriniz necə reaksiya göstərdilər?

– Valideynlərim artıq gördülər ki, təkidlə məşqlərə gedirəm, idmanla məşğul olmaq istəyirəm. Onlar müəllim yanına getməyimə, dərslərimə vaxt ayırmağıma, məşqlərimlə məşğul olmağıma fikir verirdilər. Atam mənimlə danışdı ki, güləş idman növü ilə məşğul olmağa başladınsa, geriyə dönüş yoxdur. Deməli, idman sahəsi ilə ciddi məşğul olmaq lazımdır.

Hər bir işin arxasında əziyyət, zəhmət durur. Soyuq, qar, şaxtalı havaya baxmadan məşq edirdim. 1990-92-ci illərdə cəbhə bölgəsində, müharibə zonasında, təmas xəttində idik. Ölkəmiz müharibə bölgəsi idi. O zaman mərmi yağışı altında idmanla məşğul olmaq çətin idi, qaz, işıq yoxuydu. Çətinliklə dərs oxuyurduq. İdman zalında məşq edib nəticə qazanmaq çox ağır proses idi.

İndi dostlarla keçmişə tez-tez nəzər salırıq. Biz o çətinlikləri görmüşük. Məşqçilik dönəmində pedaqoq, müəllim olmaqla yanaşı hazırladığın idmançının dostu, qardaşı, müəllimi, atası, ən yaxını sirdaşı olmalısan. Mən yetirmələrimizə yaşadığım bütün çətinlikləri aşılmışam. Müharibə dönəmində uğur, nəticə qazanmaq çox ağır proses idi. İdman sahəsini heç yada salan yox idi.

O zaman ölkə birinciliyində, beynəlxalq yarışlarda iştrak edirdim. 1993-cü ildə yeniyetmələr arasında ölkə birinciliyinin qalibi oldum. O illərdə ölkədə başlayan siyasi proseslər, xaos, anarxiya idman sahəsinə də təsir etdi. Biz dünya birinciliyinə gedə bilmədik. Əşyalarımızı yığdıq, bizə dedilər ki, siz getmirsiniz. Bu bizdə ruh düşkünlüyü yaşatdı. 1993-cü ildə Qazaxdan Sumqayıta gəldim. Orada əməkdar məşqçi Firdovsi Ömərovun rəhbərliyi altında məşqlərimi davam elətdirdim.

– Sizin adınız məşqçiniz Firdovsi Ömərovun adından götürülüb?

– Bəli, Firdovsi Ömərov atamın yaxın dostu olub. Atam onun adını mənə qoyub. Beləliklə, Firdovsi müəllimin tövsiyəsi ilə özümü toparladım. O, məni başa saldı ki, ruhdan düşmək olmaz. Beləliklə, çox ciddi şəkildə idmanla məşğul olmağa başladım. Həmin il bütün yarışlarda uğur qazandım. 1993-cü ildə ölkəmizdə Milli güləş üzrə beynəlxalq turnir keçirilib. Turnirdə gənc olmağıma baxmayaraq təcrübəli güləşçilərə qalib gəldim. Birinci yerə layiq görüldüm.

Sonra Azərbaycan yığma komandasının məşqçilərinin diqqətini cəlb elədim. Hiss edirdim ki, artıq məşqçilər etimad göstərirlər, gələcəkdə böyük uğurlar qazana bilərəm. 1993-cü ildə yarışlarda iştirak etdiyimiz dönəmdə təlim-məşq toplantılarımız üçün nə baza, nə normal idman zallarımız var idi. Sumqayıtda yaşayırdım, oradan şəxsi məşqçim Firdovsi Ömərovla Bakıya məşqə gəlmək, evə qayıtmaq və sair çox çətin idi. Ağrı-acılı çox böyük problemlərlə üzləşirdik.

Sonra turnirlərdə uğurlar qazandım. 1993-cü ildən 2004-cü ilə qədər yeniyetmələr, gənclər və böyüklər arasında müxtəlif çəki dərəcəsində ölkə çempionu oldum. Mütləq çəki dərəcəsində ölkə birinciliyinin, beynəlxalq yarışların qalibi oldum.

1993-cü ildə Bakı İdman Sarayında (Əl Oyunları Sarayı) keçirilən beynəlxalq turnirdə iştirak elədim. Yarışda uğur qazanaraq gümüş medal qazandım. Qələbələrdən sonra məndə stimul, inam yarandı. Ancaq fikrimdə ölkənin bayrağını yüksəyə qaldırmaq, himnimizi sələndirmək, uğur qazanmaq idi.

1993-cü ildə Ümummilli liderimiz Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə gəlişindən sonra idmana diqqət və qayğı hiss edildi. 1995-ci ildə yenə beynəlxalq turnirlərdə uğurlar əldə etdim, ölkə çempionu oldum. 1995-ci ildə Almaniyada gənclər arasında Avropa çempionatlığının bürünc medalını, 1998-ci ildə tələbələr arasında dünya çempionatının gümüş medalını qazandım. Uğurlarımız, nəticələrimiz çox oldu.

2002-ci ildən Dövlət Sərhəd Xidmətinin zabitiyəm. 2002-ci ildən bu yana uğurlarımda Dövlət Sərhəd Xidmətinin rolu böyükdür. Şəxsən üzərimdə Dövlət Sərhəd Xidmətinin rəhbəri, cənab general-polkovnik Elçin Quliyevin diqqət-qayğısı çoxdur. Mən orada xidmətə başladığım illərdə yarışlarda, ölkə çempionatlarında, beynəlxalq turnirlərdə iştirak edirdim. Orada yaradılan şərait, diqqət-qayğını hiss edirdim. Artıq 2005-ci ildə Azərbaycan Milli yığma komandasına məşqçi kimi dəvət olundum.

– Firdovsi müəllim neçə yaşınızda idman karyeranıza son qoydunuz?

– 23 yaşımda 1999-cı ildə çox ciddi zədə aldım. Zədənin bərpa olunması beş-altı ay çəkdi. Körpücük sümüyü sınmışdı, əməliyyat olundum. Bu müddətdə hansı ağrılardan, stresdən keçdim, onu ancaq Allah bilir. Depressiya yaşadım, çox pis oldum. Çünki elə bir yaş dövrüm idi ki, daha böyük uğurlara imza ata bilərdim. Təbii, hər bir idmançı istəyir ki, nəticələr, uğurlar qazansın, Olimpiya, dünya çempionu olsun.

Dostlarım, məşqçilərim sağ olsunlar, mənə dayaq oldular və bu mərhələni keçə bildim. Beş-altı ay sonra bərpa olundum və ölkə birinciliyinin qalibi oldum.

– Yeganə azərbaycanlısınız ki, 2012-ci ildə “Dünyanın ən yaxşı məşqçi”si adına layiq görülmüsünüz. İdmançı və məşqçi kimi xarici ölkələrdən dəvət almısınız?

– Mənə hər zaman dəvətlər gəlib. İstər idmançı, istərsə də məşqçi və ya idman mütəxəssisi kimi dəvət edirlər. Dəvəti qəbul etmək isə insanın özündən asılıdır. Təvazökarlıqdan uzaq olsa da qeyd edim ki, məşqçi kimi daha çox uğurlar qazanmışam.

2003-cü ildə məşqçi fəaliyyətinə başladım. “Göyəzən” güləş klubunda idmançıların yetişməsində rol oynadım. 2005-ci ildə Milli komandaya cəlb olundum. Qarşıma məqsəd qoydum ki, güləşdiyim müddətdə qazana bilmədiyim uğurlara məşqçi kimi nail olum. Hər bir işin başında dövlətin qayğısı durur. Yuxarıda 90-cı illərdə yaşanan çətinlikləri qeyd etdim, problemlər və sair…Təsəvvür edin ki, bu müddət ərzində xəyallarımız gerçəkləşdi. Bu, ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra baş tutdu.

1997-ci ildə cənab prezident İlham Əliyev Milli Olimpiya Komitəsinin rəhbəri seçildi. Şərait olan yerdə nəticə qazanmamağın özü bir günah idi. Nəticə qazandıqdan sonra dayanmaq olmaz. 2005-ci ildə Azərbaycan Milli komandasına məşqçi dəvət olundum. 2007-2008-ci illərdə sərbəst güləş üzrə yeniyetmələrdən ibarət Azərbaycan yığma komandasının baş məşqçisi, 2008-2016-cı illərdə sərbəst güləş üzrə böyüklərdən ibarət Azərbaycan yığma komandasının böyük məşqçisi kimi fəaliyyət göstərdim.

2016-2018-ci illərdə baş məşqçi oldum. 2018-ci ildən 2020-ci ilə qədər Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti kimi fəaliyyət göstərdim. 2008-ci ildə Dünya Güləş Birliyi Məşqçilər Assosiasiyasının üzvü oldum. Qazaxıstanda keçirilən seminarda iştirak etdim. 2009, 2012-ci və 2015-ci ildə Azərbaycanda ilin məşqçisi, 2012-ci ildə isə dünyanın “Ən yaxşı məşqçisi” adına layiq görüldüm.

– Tələbkar məçqçisiniz?

– Bu suala idmançılar daha dəqiq cavab verərlər. Fikrimcə, tələbkar olmuşam… Özüm güləşdiyim müddətdə yol verdiyim səhvləri yetirmələrimizin təkrarlamasını istəmədim. Gənc, yeniyetmə idmançı üçün mütəmadi olaraq onu aşılamalısan.

– 2020-ci ildə Azərbaycan Güləş Federasiyasında keçirilən iclasa və tədbirlərə federasiya rəsmisi kimi dəvət edilmədiniz. Bunun səbəbi nə idi?

– Federasiyada fikir ayrılıqları oldu, müəyyən neqativ hallar var idi. Buna etiraz edib, öz fikirlərimi dedim. Razılıq olmadı və ondan sonra özüm Azərbaycan Güləş Federasiyasından uzaqlaşdım. Əgər bir yerdə ki, mənim fikirlərim maraqlı deyil, önəm kəsb etmirsə, onu özümə hörmətsizlik kimi qəbul etdim və kənara çəkildim. Heç bir hazırlıq prosesinə də müdaxilə etmədim.

Müəyyən insanlar haqqımda yalan məlumatlar yaymağa, cəmiyyətdə gözdən salmağa çalışırdılar. Onların heç bir sözünə fikir vermədim, öz işimlə məşğul oldum. Belə bir söz var, yalan ayaq tutar yeriməz.

– Azərbaycan Güləş Federasiyasındakı dəyişiklikləri necə qiymətləndirirsiniz?

– Bir çox federasiyalara yeni rəhbərlər seçildi. Artıq bunun nəticəsi özünü göstərməyə başlayır. Azərbaycan Güləş Federasiyasına Mikayıl Cabbarovun təyin olunmasını yüksək dəyərləndirirəm. İnanıram ki, daha neqativ hallara rast gəlinməyəcək. Məndə olan məlumata görə, problemlər aradan qalxır və bu istiqamətdə işlər davam edir.

Harada komandanın uğuruna problem yaradan insanlar varsa, orada işləmək çətindir. Bayraq, uğur, nəticə üçün çalışmaq əvəzinə öz mənafelərini güdənlərə şərait yaratmasınlar. Federasiyanın yeni rəhbəri Azərbaycan Güləş Federasiyanın prezidenti Mikayıl Cabbarova, məşqçilər korpusuna və idmançılara uğurlar arzu edirəm. Bu gün Azərbaycan Güləş Federasiyasında və digər federasiyalarda dəyişikliklər gedir. Bu dəyişikliklər gələcəkdə öz bəhrəsini verəcək.

– Naxçıvan Universitetinin hüquq fakültəsində təhsil almısız. Bununla yanaşı Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirmisiniz. Hüquq və idman sahəsini necə xarakterizə edərsiniz?

– İdman sahəsi böyük bir fəlsəfə və elmdir. Çox vaxt idmançıları savadsız kimi qələmə verirlər. Əsla elə deyil. Sösüz ki, hər bir şəxs sahəsindən asılı olmayaraq sağlam yaşam tərzi üçün idmanla məşğul olmalıdır. İdman həm zehni təmizləyir, həm də insanı gümrah saxlayır. Bir az əvvəl də qeyd etdiyim kimi uşaqlıqdan hüquqşünas olub, cinayətkarlığa qarşı mübarizə aparmaq istəyirdim.

Onun üçün idmana üstünlük verirdim, amma yenə də deyirəm ki, heç kim professional idmançı, məşqçi olacağımı gözləmirdi. Heç kim anadan olanda nə çempion, nə mütəxəssis doğulur. Ona görə də məqsədə çatmaq üçün öz üzərində işləmək və qarşına məqsəd qoymaq lazımdır.

– 44 günlük uğurlu bir müharibə dönəmindən keçdik. Azərbaycan qalib gəldi, torpaqlarımız işğaldan azad edildi. Müharibə dönəmində siz də ön cəbhədə olmusuz…

– Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizi qorusun. Qələbənin ən böyük memarı Müzəffər Ali Baş Komandanımız İlham Əliyevdir. Xalqın, millətin cənab prezident İlham Əliyevin ətrafında sıx birləşməsi, dəmir yumruq kimi bir simvola çevrilməsi öz bəhrəsini verdi. Uğurlarımızın başlıca səbəbkarı bunlardır.

Zabit kimi mən və sərhədçi idmançılarımız Vətən müharibəsinə qatılmaq üçün müraciət etdik. Kimin hansı istiqamətdə olması, hansı tapşırıqları yerinə yetirməsi müəyyənləşdi. Ön və arxa cəbhədə tapşırıqlar verildi. Mən də digər sərhədçilər kimi üzərimə düşən tapşırıqları yerinə yetirdim.

– Gələcəkdə Qarabağda idman sahəsində hansı işləri görməyi düşünürsünüz?

– Gələcəkdə Qarabağda idman sahəsi ilə bağlı çox istəklərimiz var. Bilirsiniz ki, cənab prezident İlham Əliyev işğaldan azad olunmuş torpaqlara səfəri və idmançılarla görüşü zamanı Qarabağda Olimpiya idman komplekslərinin tikilməsi haqda məlumat verib. İstərdim ki, Şuşada, işğaldan azad edilmiş torpaqlarımızda ölkə çempionatları, beynəlxalq yarışlar keçirilsin. Güləş, cüdo, taekvondo, karate və digər idman növləri, kollektiv idman növləri, futbol yarışları, voleybol, basketbol, liqa yarışları baş tutsun.

Bütün dünya Azərbaycanı idman ölkəsi kimi tanıyır. Bu gün ölkəmizdə 50-dən artıq Olimpiya idman kompleksləri var. Azərbaycan böyük yarışlara ev sahibliyi edir. Ölkəmizdə Birinci Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, “Formula 1” yarışları, şahmat oyunları, dünya Avropa çemopionatı və digər idman növləri üzrə yarışlar baş tutur. Bu da ölkəmizin nüfuzundan xəbər verir.

Onu da qeyd etməliyəm ki, Rio-2016 Yay olimpiya oyunlarında digər ölkələrin komandaları bizə yaxınlaşıb, ölkəmizdə baş tutan Birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunmasını qeyd ediblər. Bu, cənab prezident İlham Əliyevin idman sahəsinə göstərdiyi diqqət-qayğının nəticəsidir. Ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşkilatçılğı ilə yarışların yüksək səviyyədə keçirilməsi hər birimiz üçün böyük bir fəxrdir.

– Ulu öndər Heydər Əliyevin doğum günü oldu. Siz Heydər Əliyevin idman sahəsindəki xidmətlərini qeyd etdiniz. Onunla bağlı xatirələrinizi bizimlə bölüşməyinizi istərdik.

– Əlbəttə, qazanılan bütün uğur və nailiyyətlərə görə Ümummilli lider Heydər Əliyevə borcluyuq. Onun hakimiyyətə gəlişi Azərbaycanı yer üzündən silinmək təhlükəsindən xilas etdi. 1992-1993-cü illərdə dünyaya gələn və bu gün yığma komandaların tərkibində çıxış edən idmançılar o zamankı çətin prosesləri görməyiblər. Biz xarici ölkələrə yarışlara gedəndə Azərbaycan adında dövləti tanımırdılar, ölkəmizin harada yerləşdiyini bilmirdilər.

Ulu öndərin hakimiyyətə gəlişindən sonra ölkəmiz tanındı. Həmin çətin illərdə ölkədə xaos, anarxiya hökm sürürdü.

Bununla yanaşı, ulu öndər vaxt tapıb idmançılarla görüşür, onları dinləyir və tövsiyələr verirdi. Dəfələrlə bunun şahidi olmuşam. Azərbaycan gəncinin sağlam böyüməsi, Azərbaycanı xarici ölkələrdə layiqincə təmsil eləməsi ulu öndər tərəfindən qarşımıza qoyulan məqsəd idi. Hər zaman çıxışlarında bildirirdi ki, hər bir şəxs idmanla məşğul olmalıdır. Biz bədən tərbiyəsi və idmanı təbliğ etməliyik.

Məhz ulu öndərin sayəsində respublikanın şəhər və rayonlarında idman komplekslərinin, qurğuların, zalların tikintisi, meydançaların inşası, böyük idman-sağlamlıq mərkəzlərinin yaradılması əhalinin, xüsusən gənclərin bu sahəyə marağının artmasında həlledici rol oynadı.

– Ulu öndərlə neçə dəfə görüşmüsünüz?

– Ümummilli liderlə bir neçə dəfə görüşmüşəm. Görüşümüzdə Heydər Əliyevi dinləmək, onunla təmasda olmaq böyük bir fəxr idi. Bu gün Azərbaycan gəncliyinin, Azərbaycan vətəndaşının sağlam olması, gələcəkdə sağlam əsgər yetişməsi ulu öndərin qoyduğu siyəsətin nəticəsidir. Həmin siyasət onun layiqli davamçısı İlham Əliyev tərəfindən uğurla davam edilir. Böyük Səməd Vurğunun “Azərbaycan” şeirini deyə-deyə ulu öndərin kövrəlməsi, çıxışlarında dönə-dönə “Torpaqlarımıza qayıdacağıq” deməsini heç kim unutmayıb.

Bu gün ulu öndərimiz ruhu şaddır. Allah şəhidlərimizə rəhmət eləsin. Onların qanı yerdə qalmadı. Bu gün Azərbaycanın sərhədləri bərpa olunub. Biz artıq məğlub dövlət yox, qalib ölkəyik.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90