İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlının əmri ilə qurumda bir neçə vəzifəyə təyinat olub.
Bu barədə Busaat.az-a Mərkəzdən bildirilib.
Məlumata görə, Ayaz Müseyibov icraçı direktorun müşaviri təyin edilib. O, bu təyinata qədər Azərbaycan Mərkəzi Bankında, “Azərbaycan Kredit Bürosu” MMC-də, İqtisadiyyat Nazirliyi yanında IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzində, eləcə də İİTKM-də müxtəlif vəzifələrdə çalışıb, 2021-ci ildə Asiya İnkişaf Bankının təqaüdü ilə Böyük Britaniyanın Kembric Hakim Biznes Məktəbində “Finteks və tənzimləyici innovasiyalar” üzrə təhsil alıb. O, Birləşmiş Millətlər Təşkilatının müxtəlif qurumlarının icra etdiyi layihələrdə məsləhətçi kimi fəaliyyət göstərib.
İİTKM-də digər təyinat qurumun Monitorinq və qiymətləndirmə şöbəsində həyata keçirilib. Buna qədər Mərkəzin Monitorinq və qiymətləndirmə şöbəsinin Sosial-iqtisadi proqramların monitorinqi sektorunun müdiri vəzifəsində çalışan Təranə Salıfova həmin şöbənin müdiri vəzifəsinə təyin olunub. T.Salıfova Azərbaycan Texniki Universitetində bir neçə fənni tədris edir. O, İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda müxtəlif vəzifələrdə çalışıb. Şöbə müdiri “Texnoloji innovasiyalar iqtisadiyyatı” ixtisası üzrə fəlsəfə doktoru dissertasiyasını müdafiə edib.
Mərkəzin Monitorinq və qiymətləndirmə şöbəsinin Sosial-iqtisadi proqramların monitorinqi sektorunun müdiri vəzifəsinə isə baş məsləhətçi Şəbnəm Məmmədli təyin olunub. Ş.Məmmədli daha əvvəl Energetika Nazirliyi yanında Enerji Məsələlərini Tənzimləmə Agentliyində Enerji səmərəliliyi və investisiyalar üzrə mütəxəssis vəzifələrində çalışıb.
İİTKM-in tabeliyindəki Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri vəzifələrini müvəqqəti icra edən Ayhan Satıcı həmin vəzifəyə təsdiqlənib. Şöbə rəhbəri buna qədər “British Council” Azərbaycanda, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasında (AFFA), “Bosshelf” MMC-də, eləcə də İİTKM-də müxtəlif vəzifələrdə çalışıb.