
İlahiyyatçı alim Elşad Mirinin qızı təhsil aldığı universitetdə haqsızlıqla üzləşib
İlahiyyatçı alim Elşad Miri qızının təhsil aldığı universitetində haqsızlıqla qarşılaşmasından şikayətçidir.
Busaat.az xəbər verir ki, bu barədə o, öz “Facebook” səhifəsində yazıb.
“Böyük qızımdan sonra digər qızım Selcan da SAT və TOEFL imtahanından yüksək bal toplayaraq xarici universitetlərdə oxumaq üçün fürsət əldə etmişdi. Lakin Məryəmin yaşadığı çətinlikləri çəkməmək və bizə əlavə yük olmamaq üçün Azərbaycanda təhsil almaq qərarını verdi. Təbii ki, övladlarımın qərarlarına hörmət olaraq bir söz demədik. Sadəcə haqsızlıqlarla üzləşmək ehtimallarına hazır olmasını dedim. Mənə dedi ki, oxuyandan sonra inanmıram kimsə ədalətsizlik eləsin. Gülümsədim ki, təki sən ümid etdiyin kimi olsun.
Təsəvvür edin, təhsil aldığı universitetin elə birinci kursunun birinci semestrində bu haqsızlıqla üzləşdi. Sevda Yusifova adlı baş müəllim “sözünün üstündə durdu”. Qızıma dərs dövründə digər tələbələrin yanında dediyi “səni imtahandan keçirməyəcəm” sözünə əməl etdi. Digər tələbələr də imtahanların cavabları açıqlananda buna məəttəl qaldılar. Səhərə kimi yatmayıb imtahanlarına hazırlaşan, bircə dəfə dərsdən qalmayan və imtahan kağızında yazdıqları qənaətbəxş olan tələbəylə prinsip aparan baş müəllim Sevda Yusifovanın pedaqoqikaya yaraşmayan sözləri və qərarının qarşısına kimsə çıxacaqmı? 1979-cu ildən həmin universitetdə tarixdən dərs deyən bu xanımın haqsızlığına etiraz edən olacaqmı?
Dekan Naməd Paşayev valideynlə danışdığı üçün töhmət ala biləcəyini iddia edir. Müəllimə də heç nə deyə bilməyəcəyini deyir. İllərlə universitetlərdə dərs demiş bir insan kimi bu sözlər mənə gülünc gəldi. Biz nə vaxt universitetlərimizdəki qocaman müəllimlərimizin (təbii ki, insaflı və ədalətli olanları istisna edirəm) elmi işləri, kəşfləri ilə sevinəcək və fəxr edəcəyik? Nə vaxta kimi müəllim müəllimliyini sübut etmək üçün tələbələrlə prinsip aparacaq?
Qızım xaricdə oxumaq üçün getmədiyinə peşman olsa da, burada da ədalətin bərqərar olacağına ümidini itirməməsini söylədim”, – Elşad Miri qeyd edib.
Qeyd edək ki, Elşad Mirinin qızı Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil alır. Sözügedən şikayətlə bağlı universitetin mövqeyini işıqlandırmağa hazırıq.
Busaat.az























