“Təhminənin populyarlığı mənim xeyrimə olmadı, digər əsərlərimi kölgədə qoydu. Konkret olaraq, deyə bilmərəm ki, bu əsər o biri əsərlərimdən güclüdür, ya zəif. Elə əsərlər olub ki, öz dövründə məşhur olub, sonra unudulub, ancaq “Beş mərtəbəli evin altıncı mərtəbəsi” 50 ildir, öz aktuallığını qoruyur”.
Busaat.az xəbər verir ki, bunu Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar APA-ya müsahibəsində deyib. O qeyd edib ki, bu əsər tək məhəbbətdən bəhs etmir, həm də azad olmayan cəmiyyətdə azad insanın faciəsindən bəhs edir: “Təhminə azad olmayan bir cəmiyyətdə azad insandır. Onun bədbəxtliyi bundadır. Mən bu fikri bu yaxınlarda demişdim, yenə deyirəm. İndi həyatda elə qadınlar var ki, Təhminə onların yanında rahibədir”.
Yazıçı müsahibəsində feminizmə olan münasibətini də açıqlayıb. O vurğulayıb ki, hər şeyin dərəcəsində olmağının tərəfdarıdır: “Qadınların hüquqları qorunsun, qadınlar aşağılanmasın, qadınların əməyinə görə qiymət verilsin, ancaq feminizmi fetişləşdirməyin tərəfdarı deyiləm. “Qadındırsa, mütləq irəli çəkilməlidir” fikri ilə razı ola bilmərəm. İnsana əməyinə görə qiymət verilməlidir. Mənə elə gəlir ki, feminizmdə bir balaca ifrat var. Hər ifrat da həqiqətdən uzaq olur”.
Əgər məni yüz adam sevirsə, üç adam əleyhimədir. Bu gün Yazıçılar Birliyinin 2000 üzvü var. 2000 üzvdən 1900-ü mənim tərəfimdədir. Mən dörd qurultayda yekdilliklə sədr seçilmişəm. İndi kimsə mənim əleyhimədirsə, bu da təbiidir. Çünki onların təmənnaları var. Biri ad istəyir, biri mükafat, biri təqaüd… Hərdən cavanları da çaşdırırlar. Ancaq mən sevinirəm ki, gec-tez cavanlar da ayılırlar. Bir vaxt deyirdilər ki, biz bayrağımızı Yazıçılar Birliyinə sancacağıq, Anarı avtomatla oradan çıxaracağıq. Biz qoymadıq ki, Yazıçılar Birliyi dağılsın. Gərək buna görə bizə minnətdar olsunlar. Biz buranı qorumasaydıq, onlar buranı otaq-otaq satacaqdılar. Elə davaları da o idi ki, gələk buranı dağıdaq, sataq”.