İnzibati Xətalar Məcəlləsinə yeni sanksiyalar əlavə ediləcək-FOTO

image-8ead37d8eeffe910f6840a465a44b5eebackend

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin genişləndirilmiş iclası keçirilib.

Busaat.az bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən bildirir.

Tədbirdə Milli Məclisin bir sıra komitələrinin sədrləri, ictimai birliklərin nümayəndələri, ekspertlər və digər rəsmi şəxslər iştirak edib.

İclasda komitənin sədri Əli Hüseynli gündəliyə 3 məsələnin – “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında”, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında”, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqında” qanun layihələrinin birinci oxunuşda daxil edildiyini söyləyib.

Əli Hüseynli birinci məsələnin “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi olduğunu və sənədin müzakirəsində ekspertlərin iştirak etdiyini bildirib.

Sonra komitənin üzvü Kamal Cəfərov qanun layihəsini təqdim edib. Diqqətə çatdırıb ki, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi tullantıların insan sağlamlığına və ətraf mühitə zərərli təsirinin qarşısının alınması, onların təhlükəli təsirinin azaldılması, təbiətdə ekoloji tarazlığın təmin olunması məqsədilə, tullantıların idarə olunması sahəsində Azərbaycan Respublikasının qanunvericiliyinin pozulmasına görə inzibati məsuliyyətin artırılmasını nəzərdə tutur.

Layihədə tütün məmulatının istehlakına dair məhdudiyyətlərə riayət edilməməsinə görə, habelə həmin məmulatların tullantılarının ətraf mühitə təkrar atılmasına görə tətbiq edilən sanksiyalarda müəyyən dəyişikliklər edilir. Sənəddə, həmçinin məişət tullantılarının idarə olunmasına dair tələblərin pozulmasına görə həm yeni sanksiyalar, eyni zamanda, əməlin təkrar törədilməsinə görə və məişət tullantılarının buna cavabdeh şəxslər tərəfindən vaxtında xüsusi ayrılmış ərazilərə daşınmamasına görə yeni inzibati tənbehlərin müəyyən edilməsi də təklif edilir.

Qeyd olunub ki, dəyişikliklərdə piyadalar və yol hərəkətinin başqa iştirakçıları tərəfindən, nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulmasını nəzərdə tutan müvafiq maddələrdən “bayıra hər hansı əşya və tullantıların atılması” sözlərinin çıxarılmasında məqsəd isə bu xətaları ümumiləşdirərək Məcəlləyə yeni 352.2-ci maddənin əlavə edilməsidir. Həmçinin dəniz və çay nəqliyyatı gəmilərindən, dəmir yolu nəqliyyatı vasitələrindən tullantıların atılmasına görə də inzibati tənbehlər təklif edilir.

Layihədə bir sıra uyğunlaşdırma xarakterli dəyişikliklər də nəzərdə tutulur.

İclasda parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov və Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov çıxış edərək məsələnin aktuallığını vurğulayıblar. Çıxışlarda tibbi və məişət tullantılarının insan sağlamlığına və ətraf mühitə mənfi təsirindən, bununla bağlı baş verən pozuntular, onların qarşısının alınması üçün əməli tədbirlərin vacibliyindən bəhs edilib. Tullantıların idarə olunması sahəsində atılan addımlar, bu istiqamətdə maarifləndirmənin əhəmiyyəti barədə fikirlər açıqlanıb.

Tədbirdə deputat Naqif Həmzəyev, “Sudan istifadə sahəsində mütəxəssislər” İctimai Birliyinin sədri, ETSN yanında İctimai Şuranın sədri Amin Məmmədov, Ekoloji Maarifçilik və Monitorinq İctimai Birliyindən Qəmzə Yusubova, “Ekoleks” Ekoloji Hüquq Mərkəzi İctimai Birliyindən Samir İsayev, “Sosial-İqtisadi və Ekoloji İnkişaf” İctimai Birliyindən Rəhilə Mehtiyeva, “Bioloji Müxtəliflik Mərkəzi” İctimai Birliyi, ETSN yanında İctimai Şuranın üzvü Elşad Əsgərov, “Qırmızı Ürəklər” Fondundan Yusif Poladov çıxış edərək məsələ barədə öz fikirlərini və bəzi qeydlərini səsləndiriblər.

Müzakirələrin sonunda “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

İclasda komitə üzvü Nizami Səfərov növbəti məsələ – “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi barədə məlumat verib. Qeyd olunub ki, Azərbaycan Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim edilmiş layihədə “Ekosid” anlayışının əlavə edilməsi və bu cinayəti törədən şəxslərin qanun çərçivəsində məsuliyyətə cəlb olunması təklif edilir. Dəyişiklik ölkə ərazisində törədilən ekoloji cinayətlərə görə düzgün hüquqi qiymətləndirmənin aparılmasını və ekosistemin davamlı mühafizəsi üçün qanunvericilik bazasının təkmilləşdirilməsini təmin etmək məqsədi daşıyır.

Sonra komitə üzvü Kamal Cəfərov “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqında” qanun layihəsini təqdim edib. Bildirilib ki, layihənin məqsədi heyvanlar aləmi və yaşıllıqların mühafizəsi haqqında qanunvericiliyin təkmilləşdirilməsindən ibarətdir. Belə ki, qanunsuz olaraq ağacları, kolları və ya digər yaşıllıqları kəsməyə (götürməyə) görə Cinayət Məcəlləsində ilk dəfə “xüsusilə külli miqdar” anlayışı müəyyən edilir ki, bu da Məcəllənin 259.1–259.3-cü maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsi nəticəsində müvafiq məbləğdə ziyanı nəzərdə tutur.

İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklərə əsasən, ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətaları müəyyən edən müddəalar təkmilləşdirilir. Heyvanlar aləmi haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyətlə bağlı Məcəlləsinin 274-cü maddəsi yeni redaksiyada təklif edilir, habelə Məcəlləyə Heyvanlarla rəhmsiz rəftarın təbliğ edilməsi və ya kommersiya məqsədləri üçün istifadə edilməsi ilə bağlı yeni 274-1-ci maddənin əlavə edilməsi də təklif edilir.

İclasda komitə üzvü Erkin Qədirli hər iki layihə barədə öz fikirlərini, qeyd və təkliflərini bildirib.

Sonra bu iki qanun layihəsi də birinci oxunuşda Milli Məclisin iclasına tövsiyə olunub.

Tədbirdə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Elşən Musayev, üzvləri Fəzail İbrahimli, Əminə Ağazadə, Azay Quliyev, Kamran Bayramov, Sabir Hacıyev, Nurlan Həsənov, Mübariz Qurbanlı, Bəhruz Məhərrəmov, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Fatma Yıldırım, üzvləri Asif Əsgərov, Eyvaz Qurbanov, Vüqar Rəhimzadə, Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov, bir sıra ictimai birliklərin nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki