Oktyabrın 26-da İRNA agentliyi bildirib ki, 3 naməlum silahlı şəxs Şirazda Şah Çerağ ziyarətgahına hücum edib. Oktyabrın 30-da İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf İsraili Şirazda terror aktı təşkil etməkdə ittiham edib. Oktyabrın 28-də Tehranın cümə məscidinin müvəqqəti imamı məqbərəyə hücumun təşkilində ABŞ-ın günahkar olduğunu bildirib və İranın Vaşinqtondan qisas alacağına söz verib.
Dünən isə, “Ölkə daxilində terror qruplaşmasının əsas təşkilatçısı və əlaqələndiricisi Azərbaycan vətəndaşı olub. Tehrana çatan kimi dərhal Əfqanıstandakı İslam Dövləti qruplaşması ilə əlaqə saxlayıb və İranda olması barədə onlara məlumat verib. Məsciddə terror aktını təşkil edən qrupda Əfqanıstan və Tacikistan vətəndaşları da olub” – deyə, İranın Tasnim agentliyi Kəşfiyyat Nazirliyinə istinadən məlumat yayıb.
Kəşfiyyat Nazirliyinin məlumatına görə, Şah Çerağ ziyarətgahına hücumun təşkilində şübhəli bilinən ümumilikdə 26 şəxs saxlanılıb. Onların hamısı Azərbaycan, Tacikistan və Əfqanıstan vətəndaşlarıdır.
Bütün bu məlumatlardan belə anlamaq olur ki, ABŞ, İsrail, Azərbaycan, Tacikistan dövlətləri və Əfqanıstandakı Taliban iqtidarı toplaşıb bir yerdə İranda yerləşən məscidlərin birinə hücum etmək barərə ortaq plan qurublar.
Belə bir halı iddia etmək, əlbəttə ki, gülünc olar. Ancaq görünən odur ki, İran tərəfi birinci şəxslərin dilindən olmasa da, belə cəfəng iddialar irəli sürməyi özünə layiq bilib.
Təbii ki, dünyanın bütün nöqtələrində hər kəs anlayır ki, məsciddəki terror aktı elə İranın öz kəşfiyyat orqanlarının məharətidir və burada məqsəd bir aydan çoxdur davam edən və artıq mollakratiya üçün ciddi təhlükəyə çevrilən xalq kütlələrinin diqqətini başqa istiqamətə – xarici təhlükəyə yönəltməkdir.
Düzü, bu təcrübə, yəni İranda rejim əleyhinə olan insanları ram etmək üçün onların diqqətini hansısa xarici təhlükəyə yönəltmək təcrübəsi həmişə effektiv olub. Məhz bu sayədə İran rejimi 53 ildir ki, öz mövcudluğunu qoruya bilib.
Rejim indi də eyni təcrübəni sınayır və bu sayədə xalq etirazlarını yatırmağa çalışır. Bunun üçün ideal səbəblər də formalaşdırılır. Ssenari təxminən belədir: İrandakı insanların mütləq əksəriyyəti Şirazdakı terroru pisləyəcək. İnsanları aldatmaq mümkün olsa ki, bu terroru ABŞ və İsral planlayıb, daha sonra Azərbaycan, Tacikistan və Əfqanıstan vətəndaşları bu planı həyata keçirib o halda, insanların qəzəbi “kafirlərə qarşı” yönələcək və üsyanların kəsərliliyi azalacaq.
Əslində ilk baxışda normal ssenariləşdirilmiş plandır. Ona görə ki, doğurdan da İran vətəndaşlarının mütləq əksəriyyəti ABŞ və İsraili kafir olaraq qəbul edir, onlardan gələn dəstəyə belə qarşı çıxırlar, nəinki terror…
Digər tərəfdən, rəsmi Tehran bir plan ilə iki məqsədə nail olmağa çalışır:
Birincisi, qeyd etdiyimiz kimi, xalqın diqqətini xarici təhlükəyə yönəldərək ölkədəki etirazları səngitməyə çalışır;
İkincisi, etirazların səngiməsindən dərhal sonra, Azərbaycana qarşı atılacaq təxribat addımlar üçün zəmin hazırlar…
İkinci verisya özünü bu gün yayılan xəbərlərdə birüzə verib. Belə ki, İran Kəşfiyyat Nazirliyi Şiraz terrorunda şübhəli bilinən 25 şəxsin saxlanıldığını qeyd etsə də, burada ön plana Azərbaycan vətəndaşı çıxarılır. Bəlli məsələdir ki, rəsmi Tehran bununla Azərbaycanı hədəf seçir və onu terrorçu məskəni olaraq tanıtmağa çalışır. Həm də, İran tərəfi Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti tərəfindən İran agenturasına qarşı həyata keçirilən əməliyyata cavab verir…
Planın uğurlu bir digər tərəfi də odur ki, İran bu iddiaları əsas gətirərək Azərbaycanı hədəf seçərkən, onu İsrail və ABŞ ilə birlikdə anti-İran addımları atmaqda günahlandırır. Çünki İran rəsmiləri ilk başlardan qeyd ediblər ki, Şirazda məscidə təşkil edilən terror aktı İsrail və ABŞ tərəfindən hazırlanıb.
Yəni, İsrail və ABŞ-ın hazırladığı terror aktını Azərbaycan vətəndaşı reallaşdırıb…
Onsuz da İran tərəfi bundan əvvəlki bütün anti-Azərbaycan addımlarını həyata keçirərkən də eyni müstəvidən çıxış edib. Bir çox hallarda iddia edib ki, Azərbaycan dövləti İsrail və ABŞ ilə yaxın əlaqələr quraraq anti-İran koalisiyasına dəstək verir. Təbii sivil dünyadan bixəbər qalmış mollakratiya anlamır ki, Azərbaycan dünyanın bütün ölkələri ilə əlaqələr qurur, xoş münasibətlərə can atır və qarşılıqlı tərəfdaşlıqdan yanadır. Necə ki, rəsmi Bakı İsrail və ABŞ ilə qurduğu əlaqələrin bənzərini İran ilə də qurub və inkişaf etdirməyə hər zaman maraqlı olub. Sadəcə sivil əlaqələrdən anlamayan İranın öz kibrli siyasətinin nəticəsidir ki, bu gün rəsmi Bakı və rəsmi Tehran arasında isti münasibətlərdə soyuqluq yaranıb…
Qayıdaq İranın Şirazda hazırladığı oyuna…
İran tərəfi Azərbaycana qarşı əməli tədbirlər görmək istəyir. Artıq istəklər özünü birüzə verməkdədir. Ancaq hazırda öz daxilində ciddi qeyri-sabitlik yaşayan İran Azərbaycana qarşı yekun addımlar ata bilmir. Ölkənin əsas güc qrupları daxildə yaşanan üsyanlarla məşğuldur..
İndi İran çalışır ki, diqqəti xarici təhlükəyə yönəldərək ölkədəki üsyanları yatırsın. Şirazda qurulmuş oyun və “terroru” həyata keçirən şəxsin Azərbaycan vətəndaşı olması xəbərləri imkan verir ki, etirazların yatırılmasının ardından atılacaq anti-Azərbaycan addımlarına ən azından daxili auditoriya üçün zəmin hazırlansın.
Ancaq rəsmi Tehran hesablamır ki, İranda geniş vüsət almış üsyanları yatırmaq bu dəfə uzun zaman alacaq və üsyanları yatırmadan Bakıya qarşı bu şəkildə oyunlar ssenariləşdirmək özünün bəlasına çevrilə bilər. Əlbəttə, rəsmi Bakı hadisələri izləyir və özünə qarşı çevrilmiş bütün məkrli planları görür.
İran tərəfi isə, bu çətin günündə özünə tərəfdaş axtarmaq yerinə, sərhədində düşmənçilik toxumu səpir.
İndi rəsmi Bakı, özünü təhlükələrdən sığortalamaq üçün çalışmalıdır. Bu, ilk növbədə İranda davam edən etirazlara dəstək formatında özünü göstərməlidir. Rəsmi Bakı bunu təzyiq vasitəsi kimi istifadə etməli, Cənubi Azərbaycandakı soydaşlarının problemi ilə yaxından maraqlanmalıdır. İrandan ayrılmaq və milli dövlət formalaşdırmaq istəyən on milyonlarla insanın istəkləri nəzərə alınmalı, onların dünyaya çıxışı təmin edilməlidir.
Rəsmi Bakı hesablamalıdır ki, İran ilk fürsətdə Azərbaycana qarşı ən radikal formada qərar qəbul edəcək və onun bölgədəki inkişafını məhv etmək üçün bütün mümkün vasitələrdən istifadə edəcəkdir. İranın bu kimi təcavüzkar siyasətinə qarşı Bakı özünümüdafiə mexanizmlərini hazırlamalı və işlək hala gətirməlidir.
Busaat.az/Həşim Səhrablı