İrana işləyənlər: casus şəbəkəsi necə yaradılıb – FAKTLAR

image-1675175481_1675174758_1107013_670backend

İranın Azərbaycandakı casus şəbəkəsinə qarşı keçirilən əməliyyat bir çox mətləblərdən xəbər verir. Əvvəla bu əməliyyat onu göstərdi ki, fars rejimi özünü jurnalist kimi təqdim edən dırnaqarası media nümayəndələri arasında gizli casus şəbəkəsini qurmaqla, illərlə Azərbaycan qarşı düşmənçilik siyasəti yürüdüb və bu təhlükəli oyunu informasiya müstəvisində reallaşdırıb. Təəssüf ki, bir çox insanlar ya bilərəkdən, ya da istəmədən İranın casus tələsinə düşərək, dövlətə qarşı çıxıblar.

Bəs, İranın casus şəbəkəsi necə formalaşıb? Bununla bağlı nələri hələ də bilmirik?

Busaat.az xəbər verir ki, mövzu ilə bağlı Modern.az-a danışan Azərbaycan Mətbuat Şurasının sədr müavini, Əməkdar jurnalist Vüqar Zifəroğlu bildirb ki, iri dövlətlərin qonşu ölkələrə mədəni ekspansiyası 21-ci əsrin adi reallığına çevrilib. Onun sözlərinə görə, müxtəlif üsullardan istifadə edilməsinə rəğmən, bu ekspansiya “informasiya texnologiyaları əsri”ndə, daha çox informasiya müharibəsi və manipulyasiyası vasitəsi ilə aparılır:

“Media vasitəsilə gündəlik şəkildə evimizə daxil olan, ailəmizi, yaxınlarımızı, cəmiyyətimizi öz təsiri altına alan informasiya, bu gün ən qiymətli və təsirli silahdır. Aparıcı dövlətlər müxtəlif bölgələrdə öz təsir dairələrini genişləndirmək üçün kütləvi informasiya vasitələrindən istifadə etməkdədirlər. Məhz bu silah vasitəsi ilə qurulan təbliğat, bəzən bütöv bir cəmiyyəti tam mənası ilə nəzarət altına almaq üçün kifayət edir.

Müstəqillik əldə etdikdən sonra Azərbaycan da bu cür informasiya manipulyasiyası və təzyiqini hər zaman öz üzərində hiss edib. Təəssüf ki, 1991-ci idə müstəqilliyimizi qazandığımız illərdən başlayaraq İran Azərbaycan media məkanına nüfuz etmək, müəyyən təsir imkanları qazanmaq məsələlərinə ciddi önəm verib. Təbii ki, bu zaman başlıca məqsəd özünə uyğun elektorat formalaşdırmaq, maraqlarına uyğun informasiya dövriyyəsini təşkil etmək və bununla da təsir imkanlarını genişləndirmək olub. Yad təsir və təbliğat mexanizminin təsiri altına düşən beyinlər üçün milli dövlətçiliyin təməl prinsipləri anlayışı olmur. Belə bir ictimai bəla və problemlərdən daha çox İran və Ermənistan yararlanır. Bu iki dövlətin təməl prinsipi isə antitürk, antiAzərbaycan mahiyətində bütünləşməkdədir. Bu isə təsadüfi deyil. İran hər zaman Azərbaycanı Cənubi Qafqaz siyasətində başlıca hədəf kimi görüb”.

BDU-nun Jurnalistika fakültəsinin dekanı xatırladıb ki, 1978-ci ildə İranda “Dünya Müsəlmanlarının Dini Lideri” dövlət idarəetmə institutu yaradılıb. Bu dövlətin əsas strateji hədəflərindən biri də qonşu dövlətlərdə din pərdəsi altında fars şovinizmi və paniranizmə xidmət edən dərin qatların qurulması olub.

“Fələstin, Oman, Sudan, Yəmən, Pakistan, Əfqanıstan, Suriya, Türkiyə və İraq dövlətlərində Tehrandan yönləndirilən çox sayda infrastrukturlar formalaşdırıldı. SSRİ imperiyası dağıldıqdan sonra, keçmiş sovet məkanına daxil olan və əhalinin mütləq əksəriyyətini müsəlmanlar təşkil edən ölkələr də – Azərbaycan, Türkmənistan, Gürcüstan, Tacikistan, Özbəkistan, Qırğızıstan və Qazaxıstan – bu layihəyə daxil edildi. Bu dövlətlərdən İrana təhsil almaq adı altında aparılan gənclər dini təhsillə yanaşı, həm də “şiə təlimi” modelində fars şovonizminin psixologiyasına uyğunlaşdırıldılar. İndi həmin gənclərin çoxu İranın təsir dairəsi altında olmaqla həm də sosial baza məzmun və xarakterini daşıyırlar.

1991-ci ildə İranın Qum şəhərində “Qafqaz-Orta Asiya Araşdırma Mərkəzi”nin nəzdində Azərbaycanla bağlı formalaşdırılan xüsusi strukturlarda işə cəlb edilən və İran xüsusi kəşfiyyat orqanlarını təmsil edən mütəxəssislər regional infrasturkturları yaratmaqla yanaşı, gənclərimizin həm də Qum, Qəzvin, Kərəc, Məşhəd, Ərdəbil, Tehran, İsfəhan, Mazəndaran və digər şəhərlərindəki xüsusi mərkəzlərdə təhsil almalarını təmin etdilər. Bundan sonrakı mərhələdə media vasitəsi ilə informasiya sızdırılması, informasiya vasitələri yaradılaraq bundan təbliğat və təsiretmə vasitəsi kimi istifadə edilməsi işinə də start verilib.

Təəssüf ki, bu gün dünyada internet və informasiya texnologiyalarının sürətli inkişafından yararlanan İran Azərbaycanla bağlı bütün (siyasi, hüquqi, mədəni, maliyyə, iqtisadi, hərbi, xarici əlaqələr, hakimiyyət, mətbuat və s.) informasiya məkanında artıq müəyyən şəbəkəyə malikdir ki, bu gün keçirilən əməliyyatlar da bunun ən bariz nümunəsi hesab edilə bilər”.

İranın əsas hədəfinə gəlincə, V.Zifəroğlu deyib: “Bu cür media kanalları vasitəsi ilə qarşıya Azərbaycanın informasiya məkanını nəzarətdə saxlamaq, lazım gəldiyi təqdirdə Tehranın maraqlarına uyğun sosial zümrəni səfərbər etmək kimi strateji hədəflər qoyulur. Azərbaycanda İrana məxsus informasiya şəbəkələrinin fəaliyyətlərini diqqətlə araşdırdıqda bəlli olur ki, rəsmi Tehran çağdaş informasiya texnologiyalarının bütün vasitələrindən çox asanlıqla yararlanır. Belə ki, virtual radio, informasiya, təbliğat, televiziya kanalları, dərgi, qəzet, kitab yayını və digər kütləvi informasiya və kommunikasiya vasitələrindən geniş şəkildə istifadə edilməkdədir”.

Qeyd edək ki, bu gün Bakıda İranın casus şəbəkəsinə qarşı xüsusi əməliyyat keçirilib. Daxili İşlər Nazirliyi (XİN) tərəfindən əməliyyat keçirilən məkanlar arasında SalamNews informasiya agentliyi və “İnteraz” da var.

DİN əməkdaşları tərəfindən həyata keçirilən xüsusi əməliyyat tədbirləri nəticəsində Bakıda və respublikanın digər bölgələrində 7 nəfər – A. T. Kərimov, E. A. Rəhimov, İ. Ə. Ələkbərov, M. N. Cəfərov, H. H. Cabbarlı, F. S. Əbdülov və A. Ə. Cümşüdov şübhəli şəxs qismində tutulublar.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90