“İran nə qədər açıq düşmənçilik siyasəti həyata keçirsə də regional konteksdə reallaşacaq layihələrin Azərbaycan və Türkiyəsiz mümkün olmayacağını yaxşı dərk edir”.
Bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibafın “Azərbaycan, Türkiyə və İran Parlament sədrlərinin üçtərəfli görüşü keçiriləcək” açıqlamasını şərh edən politoloq Tural İsmayılov Busaat.az-a açıqlamasında deyib.
O bildirib ki, İranın alternativ manevr imkanları qazanmaq istəyi hər kəsə bəllidir: “İran nə qədər düşmənçilik siyasəti həyata keçirsə də, Azərbaycan və Türkiyənin regionda əsas açar və kilid dövlət olduğunun fərqindədir. İranın Azərbaycan və Türkiyə ilə danışıqlar aparması zamanın tələblərindən biridir. Nəzərə almaq lazımdır ki, Astara-Rəşt dəmiryolu xətti və eyni zamanda İranın da maraqlarını özündə ehtiva edən Şimal-Cənub dəhlizi önəmli nəqliyyat-kommunikasiya layihəsi kimi İrana böyük imkanlar qazandıra bilər”.
İranın Azərbaycan və Türkiyəyə ehtiyacı olduğunu qeyd edən politoloq deyib: “İran nə qədər açıq düşmənçilik siyasəti həyata keçirsə də regional konteksdə reallaşacaq layihələrin Azərbaycan və Türkiyəsiz mümkün olmayacağını yaxşı dərk edir.
Azərbaycan, İran və Türkiyə rəsmiləri arasında keçiriləcək görüşdə məhz Şimal-Cənub dəhlizi layihəsinin reallaşması ətrafında müzakirə aparılacaq. Azərbaycan-İran arasında Tehran memorandumu imzalanıb. Zəngəzur dəhlizi layihəsinin reallaşmasında İran da vasitəçi kimi iştirak edəcək. Bu baxımdan İranın Azərbaycan və Türkiyə ilə münasibətləri yaxşılaşdırmaqdan başqa heç bir yolu qalmayıb”.
Ələsgər / Busaat.az