Kirayə götürdüyü evi 3 nəfərə satan fırıldaqçı maklerdən açıqlama – VİDEO

image-1500204backend

Bakıda bir neçə sakin başına gələnlərin şokunu yaşayır.

Busaat.az Bakutv-yə istinadən xəbər verir ki, evlərini rəsmi müqavilə ilə əmlakçılara uzunmüddətli kirayə verdikləri halda bir neçə ay sonra mülklərinin onlardan xəbərsiz satıldığını öyrəniblər.

Mülkləri naməlum şəraitdə əllərindən çıxan sakinlər araşdırma zamanı müəyyən ediblər ki, bu cür qanunsuz işlərin həyata keçirilməsi ilə məşğul olan şəbəkə mövcud imiş. Şəbəkənin ortada olan üzvləri isə əsasən əmlakçılardır. Bu şəxslər müxtəlif əmlak satışı saytlarından əldə etdikləri nömrələr vasitəsilə birbaşa mülk sahibləri ilə əlaqəyə girərək elanda göstərilən evləri uzun müddətə kirayəyə götürmək istədiklərini bildiriblər.

Qeyd edək ki, qanunsuz satılan evlərin əksəriyyəti Rusiya Federasiyasının Tümen vilayətində ayrı-ayrı notariuslar tərəfindən verilən baş etibarnamələrlə satılıb. Həmin saxta etibarnamələr hansısa şəkildə Rusiya Federasiyasının Notarial Xidmətinin elektron qeydiyyat sistemində də yerləşdirilib. Bakıda alqı-satqı zamanı da sistemdə bu sənədlər göründüyündən yerli notariat kontorları heç bir şübhə duymadan sövdələşməni həyata keçiriblər. Bir müddət sonra bir neçə sakin evinin satıldığından duyuq düşərək alqı-satqını həyata keçirən notariusa üz tutub. Bundan sonra notarius da öz növbəsində baş etibarnamənin alındığı Tümen vilayətindəki notariat kontoruna sorğu göndərib və sənədin saxta olduğu müəyyənləşib.

Maraqlı olan odur ki, Rusiya Federasiyasının notariat sistemində görünən baş etibarnamənin saxta olduğu dəqiqləşdirildikdən sonra da həmin ev iki dəfə ayrı-ayrı şəxslərə satılıb. Məlum saxta alqı-satqı proseslərinin əsas fiqurları isə Rauf və Anar adlı əmlakçılar olub. Onlar ev sahiblərinin məsələdən duyuq düşməsini hiss edərək ölkəni tərk edə biliblər. Satılan evlərin əksəriyyəti ilkin olaraq Raufun, daha sonra isə Anar və üçüncü şəxslərin adına rəsmiləşdirilib. Rauf evlərin qanunsuz alqı-satqısında iştirak etdiyini etiraf etməklə yanaşı, bu məsələdə icraçı funksiyasını yerinə yetirdiyini vurğulayaraq əsas təşkilatçıların digər şəxslər olduğunu bildirib. Qeyd edək ki, bu yolla mənzilləri özlərindən xəbərsiz satılan bir çox mülk sahibi var ki, hələ də başına gələnlərdən xəbərsizdir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki