“Gəl danış” verilişinə, bizdə ümumiyyətlə, kriminal layihədir. 8 ildir kriminal xarakterli gedir, DİN bizə açıqlamalar verir. Demirik ki, müstəntiqik, prokurorluq əməkdaşıyıq. Biz sadəcə xəbərlərdə olduğu kimi baş verən hadisəni təfərrüatı ilə göstəririk.
Bu sözləri Ölkə.Az-a məşhur aparıcı Amil Xəlil son günlər sosial proqramlar ətrafında yaranan müzakirələrlə bağlı danışarkən deyib. O, aparıcısı olduğu verilişin şou və sosial xarakterli yox, kriminal mövzulu olduğunu bildirib:
“Həqiqətən də tamaşaçılar da haqlıdır ki, bəzi aparıcılar pulunun hesabına çox kənar hərəkətlər edir. Çünki onların artıq itirəcəyi heç nə yoxdur. Kiminin adına hoteli, kiminin 200 minlik maşını var. Yutubda onlardan bəziləri ilə bağlı nə qədər şikayətlər var. Özünüzə sual verin ki, yutubda onların çoxunu biabır edən adamlar necə olur ki, sonradan efirə çıxıb onlardan üzr istəyirlər? Bu sualın arxasınca düşsəniz, onda biləcəksiniz ki, doğrudan da nə baş verir.
Hətta pul, ev məsələləri də var idi. Mən onların heç birinə düşmən deyiləm. Sadəcə deyirəm ki, tamaşaçı da haqlıdır. Mən haqlı olaraq deyirəm ki, ay qardaş, onda mən niyə gəlib 400-cü veriliş oluram? Deməli, sizə həqiqətən də Lalə, Zaur, Xoşqədəm lazımdır. Özü də bunu da pis niyyətlə demirəm. Sizin baxdığınız odur. Bu, tələbatdan formalaşır. Reytinq də verirlər.
Bu cür hallara yol verən bəzi aparıcılar da başlayır Zauru, Xoşqədəmi yıxıb sürüməyə. Axı sən özün də bunu eləmisən”.
Aparıcı hər zaman ailədaxili məsələlərdən imtina etdiklərini söyləyib:
“Qoy, bu sirri sizə deyim. Üzr istəyirəm, mənim kompüterimdə 30-dan çox arvadını başqası ilə tutan kişinin videoları var. Biz elələrini qapıdan qovuruq. Deyirik, qardaş, biz bu məsələlərə baxmırıq. Bir-iki il ərzində efirə çıxarmasaq da, bunun 30-a yaxını məndədirsə, görün, o birilərdə nə qədərdir. Ona görə də efirə çıxırlar. Heç kimi də evindən tutub zorla efirə çıxarmırlar ki, gəl, bizimlə söhbət elə. Sadəcə adam özü gəlir. Onlar da yeməyini, içməyini, yatmağa yer verir, deyir, mən deyəni də elə.
Allah tərəfindən danışsaq, şou eləsələr də, neçə-neçə ailələrə, ehtiyacı olanlara da dəstək durublar. Bunu da demək lazımdır. Kömək elədikləri adamlar da çıxıb bunu deyirlərmi? Deməzlər. Deyənlər ancaq bəyənməyənlərdir”.
Digər televiziyalardakı aparıcıların adlarını çəkdiyi çıxışdan danışan A.Xəlil həmin videnu sildirdiyini deyib. O, instarqam səhifələrinin adminlərinə müraciət edib:
“Sonuncu çıxışımı bütün instaqram səhifələrindən sildirirəm. Qadağa qoymuşam. Şərh yazan 9 nəfərdən 5-i deyir ki, yalandan basıb bağlayır. Mən elələrinə görə instaqramdan çıxmışam. Sizə şəkillər təqdim edə bilərəm ki, ayda neçə dəfə məndə o cür (maarifləndirici-red.) movzular olub.
Bütün instaqram səhifələrindən xahiş edirəm ki, həm yaxşılığa, həm də pisliyə məndən heç nə paylaşmayın.
Bizdə sosial layihə deyil. Gedin, oturun, yutubda baxın, verilişimdə ayağını ayağının üstünə qoyub oturan qadını görsəniz, zəng vurun mənə deyin. Qətiyyən ola bilməz, mən buna kimi fikir vermişəm”, – deyə o əlavə edib.
Qeyd edək ki, bundan əvvəl A.Xəlil verilişi zamanı bir sıra aparıcıların adlarını çəkərək verilişlərdə seçilən mövzulara görə tənqidi fikirlər səsləndirib.