İmzalanmış Əməkdaşlıq haqqında Bəyənnamə münasibətlərimizin gözəl təməlidir. Bu, çox önəmli və sanballı bir sənəddir, bizim əməkdaşlığımızın perspektivlərini müəyyən edəcək.
Cari ilin aprel ayının 4-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Konqo Respublikasının prezidenti Deni Sassu-Nqesso mətbuata bəyanatlarla çıxış ediblər.
İlk öncə Prezident İlham Əliyev bəyanatla çıxış edərək Konqo Respublikasının prezidentini salamlayıb və görüşün əhəmiyyətini vurğulayıb.
“Hörmətli cənab prezident. Hörmətli qonaqlar, xanımlar və cənablar. İlk növbədə, cənab prezident, bir daha sizi Azərbaycanda səmimiyyətlə salamlayıram, xoş gəlmisiniz. Sizin səfəriniz tarixi səfərdir. İlk dəfədir ki, Konqo Respublikasının prezidenti Azərbaycana rəsmi səfər edir. Biz indicə əməkdaşlıq haqqında Bəyannamə imzalamışıq. Bu, çox önəmli və sanballı bir sənəddir, bizim əməkdaşlığımızın perspektivlərini müəyyən edəcək. Əminəm ki, Konqo ilə Azərbaycan arasında güclü dostluq əlaqələri yaradılacaqdır.”
Daha sonra cənab prezident İlham Əliyev Qoşulmama Hərəkatı çərçivəsində birgə əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
“Biz bundan sonra da beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək əsasında qarşılıqlı fəaliyyətimizi davam etdirəcəyik, xüsusilə BMT-də və Qoşulmama Hərəkatı çərçivəsində. Qoşulmama Hərəkatına bu ilin yanvar ayına qədər 4 il uğurla sədrlik etmiş Azərbaycan Konqonun dəstəyini hər zaman hiss etmişdir. Bizim təşəbbüslərimizə Konqo hər zaman öz dəstəyini vermişdir və bunun nəticəsində sədrliyimiz dövründə Qoşulmama Hərəkatının institusional inkişafı da təmin edilmişdir.
Bir daha hörmətli cənab prezident, Azərbaycana xoş gəlmisiniz. Sizə cansağlığı, xalqınıza daim firavanlıq və rifah arzulayıram. Sağ olun”.
Sonra Konqo Respublikasının prezidenti bəyanatla çıxış etdi.
“Cənab prezident, Hörmətli dostlar, media nümayəndələri. Mən prezidentə səmimi-qəlbdən təşəkkür etmək istərdim ki, bizi dəvət edərək bu rəsmi səfəri reallaşdırmaq üçün bu şəraiti yaradıb. Bu səfər bizə bu ölkənin gözəlliyini, onun iqtisadi inkişafını, Bakı şəhərinin gözəlliyini görmək imkanı verdi. Cənab prezident, mən bu dəvətə görə Sizə təşəkkür etmək istərdim.”
Görüşün davamında hər iki dövlətin prezidenti bu səmimi və əhəmiyyətli söhbətdə qarşılıqlı suallar əsasında mövzunu müzakirə ediblər. Prezident İlham Əliyev cənab Deni Sassu-Nqessoqun suallarını çox dəqiqliklə cavablamışdır. Sonda Konqo Respublikasının Prezidenti cənab İlham Əliyevə dəvət və səmimi söhbətinə görə öz təşəkkürlərini bildirib.
“Mən bizim tərəfimizdən ünvanlanan bütün sorğulara müsbət cavab verdiyinə görə prezidentə təşəkkürümü ifadə edirəm. Bildirmək istərdim ki, biz beynəlxalq səviyyədə – istər BMT, istər Qoşulmama Hərəkatı çərçivəsində, istərsə də digər sahələrdə birlikdə mübarizə aparacağıq. Sonda mən bu qəbula və keçirdiyimiz görüşlərin uğurlu olmasına görə Prezidentə təşəkkürümü bildirirəm.”
Görüşün gedişatı və sonunda hər iki dövlətin prezidentləri birgə xatirə şəkilləri çəkdirmişdir.
Mehriban Hüseynova Sabir qızı
Azərbaycan Dövlət Pedaqoji Universiteti