“Latsio”nun qapıçısı İvan Provedel Rusiya pasportu almaq fikrində deyil.
Busaat.az xəbər verir ki, bu barədə onun maraqlarını təmsil edən futbolçu agenti Canni Rava RİA Novosti Sport-a bildirib.
Xatırladaq ki, 29 yaşlı qolkiperin rus kökləri var. Provedel Pordenone şəhərində anadan olub – atası İtaliyadan, anası Yelena isə Moskvadandır.
“Xeyr, İvan Rusiya pasportu almağı planlaşdırmır. Rusiya millisi və Rusiya Premyer Liqası klublarının marağına gəlincə, bizə heç kim zəng etməyib”, – deyə RİA Novosti Sport Ravadan sitat gətirib.
Ötən mövsüm Provedel A Seriyasında 38 matçın hamısında “Latsio”da forma geyinib. Futbolçunun Roma klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Transfermarkt internet portalına görə, qapıçının təxmini dəyəri 12 milyon avrodur.
Çempionlar Liqasının E qrupunun 1-ci turunun – 2023/2024-cü il mövsümünün “Atletiko Madrid”lə matçında (1:1) Provedel 90+5-ci dəqiqədə qola imza atıb. Qapıçı turnirdə həftənin ən yaxşı qolunun bombardiri adına namizəd olub.