“Hələlik Rusiya sülh müqaviləsindən danışsa da, müxtəlif formatlarda görüşlər təşkil etsə və yaxud etmək niyyətini bildirsə də, konkret mövqe bildirmir və danışıqların davam etdirilməsini təklif edir”.
Bunu Rusiya-Azərbaycan XİN rəhbərlərinin görüşündən sonra Rusiyanın Ermənistana Zəngəzur dəhlizi ilə bağlı təzyiqindən danışan politoloq Rəfail Becanov Busaat.az-a açıqlamasında deyib.
O bildirib ki, Sergey Lavrovun açıqlamalarını söz baxımından müsbət dəyərləndirmək olar:
“Lakin açıqlamaların əməli addımlara çevriləcəyi inandırıcı görünmür. Birincisi, Lavrov dəmiryol nəqliyyatından danışır. Bizi isə maraqlandıran Zəngəzurun dəhliz formatıdır. Nəqliyyat-kommunikasiya xətlərinin açılması təkcə dəmiryolunu deyil, həm də avtomobil yolunu əhatə etməlidir. Azərbaycanın digər ərazilərinin Naxçıvanla həm də quru yolu – avtomobil yolu ilə gediş-gəliş imkanları bərpa olunmalıdır. Yəni gediş-gəliş asan və əlçatan olmalıdır. Lakin Lavrov bunu demir. Deməli, Rusiyanın maraqları bu məsələdə fərqlidir. Dəmiryolunun açılması Rusiyanın maraqlarına müəyyən mənada xidmət edir. Azərbaycan üzərindən özünün də Ermənistana yükdaşımaları asanlaşa bilər. Ona görə də bu məsələdə Rusiyanın Ermənistana təzyiq etməsi ehtimalı artır. Lakin bu təzyiqi bütövlükdə Zəngəzur dəhlizinə aid etmək mümkün deyil”.
Bölgədə imzalanması gözlənilən sülh müqaviləsi məsələsinə toxunan politoloq qeyd edib: “Sülh müqaviləsi ilə bağlı Rusiyanın əlahiddə marağının olması düşüncəsində deyiləm. Rusiyanı indiki stsus-kvonun saxlanmasının qane etdiyini hesab edirəm. Lakin Avropa İttifaqı və ya ABŞ-ın bu məsələdə fəallaşması Rusiyanı narahat edən faktorlardan sayıla bilər. Əgər Aİ və ya ABŞ Ermənistandan qəti şəkildə sülh müqaviləsini imzalamağı tələb etsələr, Rusiya mövqeyini və təsir gücünü itirməmək üçün sülh müqaviləsi məsələsində fəallığını artıracaq. Ancaq o zaman Rusiya Ermənistana təzyiq edəcək. Hələlik Rusiya sülh müqaviləsindən danışsa da, müxtəlif formatlarda görüşlər təşkil etsə və yaxud etmək niyyətini bildirsə də, konkret mövqe bildirmir və danışıqların davam etdirilməsini təklif edir”.
Ələsgər / Busaat.az