“Legiya”nın baş məşqçisi Aleksandr Vukoviç Mahir Emreli ilə görüşündən danışıb.
Busaat.az xəbər verir ki, o, Polşa çempionatının 19-cu turunda “Radomyak”la oyundan (0:3) son keçirilən mətbuat konfransında bildirib ki, yaranmış gərginliyə baxmayaraq, millimizin hücumçusunun komandada qalacağına ümid edir:
“Mahirin durumu yaxşıdır, onunla danışdım. Ümid edirəm ki, qış təlim-məşq toplanışının ilk günlərində bizimlə olacaq. Onun kimi oyunçuya çox ehtiyacımız var. Mənə müqaviləni ləğv etmək istədiyini söyləyib? Xeyr, o, belə şey deməyib”.
Xatırladaq ki, “Legiya” fanatları Ekstraklasanın 18-ci turunda “Visla”ya 0:1 hesablı məğlubiyyətdən sonra komandanın futbolçularına hücum edib. Nəticədə Mahir Emreli başından xəsarət alıb. O, hadisədən sonra Varşava təmsilçisində oyuna və məşqlərə çıxmır. Mahirin “Legiya”dan ayrılacağı haqda xəbərlər yayılıb. Emreli ötən gün Bakıya gəlib.