ABŞ-da “McDonald’s” “fast food” şəbəkəsində bağırsaq çöpləri infeksiyası xəstəliyinə yoluxmuş bir nəfərin ölməsi və on nəfəri xəstəxanaya yerləşdirilməsi Azərbaycanda da narahatlıq yaradıb. Xüsusilə uşaq və yeniyetmələrin “MCDonald’s” kimi restoranlarda süni qida istehlakı ölkəmizdə də infeksiya təhlükəsinin olmasını gündəmə gətirib.
İnfeksionist, tibb elmləri doktoru, professor Sədrəddin Atakişizadə Pravda.az-a açıqlamasında deyib ki, “McDonald’s” məhsulları təkcə ABŞ-də bağırsaq infeksiyaları yaratmır:
“Ümumiyyətlə, “fast food” yeməkləri hər yerdə mədə-bağırsaq infeksiyaları yarada bilirlər. Ən çox da qida toksiko-infeksiyaları yaradırlar. Məsələn, dizenteriya, salmonellyoz, amöbiaz kimi bir çox mədə-bağırsaq infeksiyaları ancaq fekal-oral yolla və ya qida məhsulları ilə həzm sisteminə daxil olur, nəticədə mədə-bağırsaq sistemində də pozuntular, ishal və ya diareya yaradır. Mədə bulanması, qusma kimi hallarla müşahidə olunur. Bu, uşaqlarda daha ağır keçir. Uşaqlarda mədə-bağırsaq sistemi tam formalaşmadığına görə həm qusma, həm də ishal səbəbindən daha tez zədələnməyə məruz qalırlar. Mədə-bağırsağın selikli qişası, mikroflorası tez pozula bilir. Bu da bağırsaq infeksiyalarına gətirib çıxarır. Uşaqlar infeksiyanı daha ağır keçirirlər. Qusma və ishalla mayenin itirilməsi uşaqlarda orqanizmin daha tez su, duz mübadiləsinin pozulmasına gətirib çıxarır. Məsləhət görürük ki, “fast food” yeməklərindən maksimum uzaq olmağa çalışaq, az istifadə edək. Əsasən uşaqları bu yeməklərdən qorumaq lazımdır. Çünki bu qidalar süni olduğu üçün onlarda uşaq orqanizminin inkişafına lazım olan vitaminlər və digər mikroelementlər azdır. Buna görə də uşaqların inkişafına mənfi təsir edə bilər”.
Qeyd: “McDonald’s Azərbaycan” QSC 1 mart 1999-ci ildə dövlət qeydiyyatına alınıb. QSC-nin nizamnamə kapitalı 2 milyon 845 min manat təşkil edir, qanuni təmsilçisi Oskar Boqopolskiy Vadimoviçdir. “McDonald’s”ın Azərbaycandakı françayzinq sahibi 1968-ci ildə İranın paytaxtı Tehranda anadan olan Böyük Britaniya vətəndaşı Cavad Marandidir.