Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin oğlu Emin Əliyev Prezident İlham Əliyevə məktub ünvanlayıb.
Busaat.az xəbər verir ki, bu barədə Prezidentin saytında məlumat verilib.
“Sizin müdrik siyasətiniz sayəsində Azərbaycanın beynəlxalq arenada nüfuzu gündən-günə daha da möhkəmlənir. Azərbaycan Sizin rəhbərliyinizlə sosial-iqtisadi inkişaf yolunda inamla irəliləyir, xalqın rifahının durmadan yüksəldilməsinə yönəlmiş mühüm dəyişikliklər həyata keçirir. Sizə cansağlığı, xoşbəxtlik, firavanlıq, Azərbaycan xalqı adına çoxşaxəli və məsul fəaliyyətinizdə yeni uğurlar diləyirəm”, – o, məktubda bildirib.
Qeyd edək ki, Əliyar Əliyev 1957-ci il dekabrın 14-də Qubadlı rayonunun Qazyan kəndində anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu fərqlənmə diplomu ilə bitirərək, bir müddət Qubadlı rayonunun Dondarlı kənd orta məktəbində idman müəllimi işləyib.
Milli Qəhrəmanımız Yunan-Roma güləşi üzrə dəfələrlə respublika, ümumittifaq və beynəlxalq yarışların qalibi olub. Onun rəhbərliyi ilə yetişmiş səkkiz nəfər respublika və SSRİ çempionu olub, 10-dan çox idman ustası, beynəlxalq turnirlərin qalibləri, Heydər Məmmədəliyev isə güləş üzrə dünya çempionu olub.
1992-ci il sentyabrın 30-da Laçın rayonu istiqamətində döyüşə rəhbərlik edib. Milli Qəhrəmanın son döyüşü 1992-ci il oktyabrın 3-də Laçının iki kilometrliyində olub.
“Tikanlı zəmi” yüksəkliyi uğrunda döyüşdə tabor komandiri Əliyar Əliyev və onun sürücüsü Əlisadət Ağayev qəhrəmancasına həlak olublar. O, Qubadlı rayonunun Qəzyan kəndində dəfn olunub.
Digər işğal altında olan torpaqlarımızla birlikdə Qubadlı da düşmən tapdağından azad edildikdən sonra Milli Qəhrəmanımızın qəbri bərpa olunub, məzardaşı hazırlanaraq ətrafı səliqəyə salınıb.
Allah rəhmət eləsin!