18 may 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasına işgüzar səfərə yola düşüb. Səfər çərçivəsində 19 may tarixində Azərbaycanla Ermənistan arasında “sülh sazişi” layihəsi üzrə danışıqların növbəti raundunun keçirilməsi nəzərdə tutulub. Moskva görüşündən gözləntilər nədir? Brüssel və Vaşinqton görüşlərindən fərqli olaraq bu danışıqlarda sülh üçün real nəticələr əldə oluna bilərmi?
Mövzu ilə bağlı “Bakı Politoloqlar Klubu” İctimai Birliyinin sədri, politoloq Zaur Məmmədovun Busaat.az-a açıqlama verib:
“Azərbaycan və Ermənistan arasında Xarici İşlər nazirlərinin görüşünü Rusiya uzun müddət idi ki, təşkil etmək istəyirdi. Ən son dekabr ayında Moskvada görüş keçiriləcəkdi. Lakin həmin vaxt Ermənistan həmin görüşdən imtina etmişdi. Sonra məlum ABŞ görüşləri baş tutdu. Əlbəttə ki, Rusiya sükanı əlindən buraxmamaq üçün aktiv şəkildə görüşün keçirilməsində maraqlıdır. Artıq Qərb və Rusiya arasında Azərbaycanla Ermənistan arasında sülh prosesi ilə bağlı ciddi şəkildə rəqabət mühiti formalaşmışdı. Bu rəqabət mühiti onunla bağlıdır ki, Azərbaycan və Ermənistan tərəfi sülh danışıqları platformasını özləri üçün gələcək xarici siyasətdə əsas istiqamət olaraq seçməkdə davam edəcəkdir”.
“O ki qaldı Moskva görüşünə, əlbəttə ki, Rusiya da vacib və regional dövlətdir. Proseslərə təsir imkanına görə Rusiyanın daha çox mexanizm və rıçaqları var, nəinki digər ölkələrin. Buna görə də əlbəttə ki, Rusiya platforması ətrafında, üçtərəfli bəyanatdan sonrakı vəziyyətin müzakirəsinin hal-hazırda Moskvada aparılması çox vacibdir. Qeyd etmək lazımdır ki, üçtərəfli bəyanat Rusiyanın təşəbbüsü ilə imzalanmışdı. Sonradan vaxtın uzadılması, Ermənistanın həmin bəyanatdakı öhdəliklərini yerinə yetirməməsi nəticəsində Azərbaycan digər təzyiq metodlarından istifadə edərək məqsədlərinə çatır. Əlbəttə ki, hər dəfə Ermənistan danışıqlarda daha zəifləmiş şəkildə görünür. Biz Brüssel və ABŞ görüşlərində də gördük ki, Ermənistan ərazimizi məhz rəqəmlərlə tanıdı. İndi bizim üçün əsas məqsəd ondan ibarətdir ki, görüşün harada olmasından asılı olmayaraq, Ermənistan üzərinə götürdüyü öhdəliklərdən geri çəkilməsin. Əgər Ermənistan üzərinə götürdüyü öhdəliklərdən geri çəkiləcəksə, bu əlbəttə ki, regiondakı proseslərə mənfi təsir edəcəkdir. Ona görə də Ermənistan fikirləşməlidir ki, öz ərazisində torpaqları qorumaq istəyir yaxud da xalqını risk altına qoyur”, – politoloq deyib.
Busaat.az