Azərbaycanda hələ XX əsrin ortalarından-sovet dövründən bəri terrorçu “Daşnaksütyun” partiyasının xüsusi fəallığıyla Azərbaycan ad-soyadlı ermənilərin respublikamızın müxtəlif hökumət strukturlarında yerləşdirilməsi artıq sirr deyil…
Bu yaxınlarda Müdafiə naziri Zakir Həsənov da gənclərlə görüşündə bu gün ölkədə azərbaycanlı adı ilə qeydiyyatdan keçən çoxsaylı ermənilərin olduğunu bildirib. Nazir onların əsas məqsədinin Azərbaycan gənclərində Vətənə, dövlətə qarşı mənfi rəy formalaşdırmaq olduğunu vurğulayıb… Sözsüz ki, “azərbaycanlı” maskasına girmiş belə düşmənlər Azərbaycan Silahlı Qüvvələrinə də nüfuz etməyə, müxtəlif təxribatlar törətməyə çalışırlar…
Busaat.az xəbər verir ki, tanınmış Qarabağ qazisi, ehtiyatda olan kəşfiyyatçı polkovnik Azay Kərimov Moderator.az-a açıqlamasında hələ 1990-cı illərdə bir erməninin Milli Orduda azərbaycanlı adı ilə zabit kimi xidmət etməsinin şahidi olmasından danışıb.
“1994-cü il idi… Naxçıvanda əlahiddə kəşfiyyat taborunun komandir müavini vəzifəsində xidmət edirdim… Həmin tabor Naxçıvan şəhərinin mərkəzində – hazırkı Heydər Əliyev bulağından arxa tərəfdə dəmir yol vağzalının yaxınlığında yerləşirdi. O taborun komandiri hazırda dövlət orqanlarından çalışır, yəqin ki, o da, o vaxt Naxçıvanda xidmət etmiş digər yaxından tanıdığım həmkarlarım da dediyim faktı təsdiqləyər…
Xülasə, taborumuzda bir baş leytenant var idi, tağım komandiri idi. Biz hamımız onu təmiz azərbaycanlı kimi tanıyırdıq. Azərbaycan dilində də təmiz danışırdı… Bir dəfə PDM-lərin idarə olunması üzrə növbəti hərbi təlim zamanı o sürücü kimi əyləşdiyi Piyadaların Döyüş Maşınını aşırdı və öldü. Baş leytenantın meyitinə baxış və müvafiq qurumlar tərəfindən sənədlərinin dəqiq araşdırılması zamanı məlum oldu ki, onun atası da, anası da erməni imiş…
Təsəvvür edin, Naxçıvan kimi strateji ərazidə, əlahiddə kəşfiyyat taborunda tağım komandiri erməni olub… Xidmət etdiyi müddət ərzində ordumuzun hansı sirlərini Ermənistana ötürüb, hansı təxribatları törədib- Allah bilir…
Qarabağ döyüşlərində də iştirak etmiş bir peşəkar hərbçi kimi sözüm ondadır ki, indiki mürəkkəb vəziyyətdə- torpaqlarımızın işğaldan azad edilməsi üçün müharibəyə hazırlaşdığımız bir vaxtda nəinki hər bir hərbçimiz, əsgər və zabitimiz, eləcə də mülki vətəndaşlarımız, xüsusən Qarabağda- cəbhə xəttində və Ermənistanla sərhəddə yaşayan sakinlər maksimum ehtiyatlı, ayıq-sayıq olmalıdır… Xain və məkrli düşmən hər cür təxribat və diversiyaya əl ata bilər…”-deyə kəşfiyyatçı polkovnik vurğulayıb.